Mobil versiya
Minarə Quliyeva: Azərbaycanın Qarabağ məsələsində haqlı olduğunu artıq dünyanın aparıcı qüvvələri qəbul etdilər
Tarix: 14-01-2023 | Saat: 16:25
Bölmə:Özəl | çapa göndər

Minarə Quliyeva: Azərbaycanın  Qarabağ məsələsində haqlı olduğunu artıq dünyanın aparıcı qüvvələri qəbul etdilər

Müharibə bitsədə, mübarizə hələ davam edir. Müharibədən sonra Azərbaycan siyasətinə olan müsbət münasibət dahada artdı. Dünyanın siyasi elitası yaxşı başa düşür ki, bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq.  İkinci Qarabağ müharibəsindən sonra əsas hədəf şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Əgər siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik. Bu gün əminliklə deyə bilərik ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib.
Son iki il ərzində Azərbaycan həm beynəlxalq əlaqələr müstəvisində, həm də ölkə daxilində istədiyinə nail ola bilib. Azərbaycanın həm Qarabağ məsələsində haqlı olduğunu artıq dünyanın aparıcı qüvvələri qəbul etdilər, həm də tərəfdaşlıqda ölkəmizin sözlə əməl birliyini əsas götürməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan atdığı hər addımında ədaləti, beynəlxalq hüququ önə çəkməklə yanaşı, yalnız özünü deyil, digər ölkələri də düşünərək birgə səylərin göstərilməsinə çağırışlar edir. Azərbaycan birlik, həmrəylik, əməkdaşlıq çağırışları ilə dünyanın diqqətindədir. 
Dövlət başçısı İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır.
Dövlətimizin başçısı həm də Ermənistanın Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində təbii sərvətlərimizi qanunsuz istismar etməsinin, ekoloji terror törətməsinin yolverilməz olduğunu diqqətə çatdırdı. Ermənistanın vaxtaşırı olaraq hərbi təxribatlar törətdiyini bildirən Prezident İlham Əliyev qeyd edib ki, bütün təxribatların qarşısı qalib Azərbaycan Ordusu tərəfindən alınacaq və Ermənistanın bu siyasəti onun özü üçün çox ağır nəticələr verəcək.
Azərbaycanın haqlı davasını yürüdən, bu gün imzası qədər etibarlı sözü olan bir dövlət başçısı kimi cənab İlham Əliyev siyasi reallıqlar müstəvisində bir çox məsələlərin və gələcək addımların anonsunu verdi. Dövlətimizin başçısı tərəfindən verilən bu açıqlamalar Ermənistanda aparılan və əsasən kənardan idarə olunan siyasi manipulyasiyalara, erməni cəmiyyətinə aşılanan boş ümidlərə birmənalı cavab idi. Prezident İlham Əliyev həm Ermənistanın siyasi-hərbi rəhbərliyinə, həm də bu ölkənin himayədarlarına bu mesajı verdi ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında həqiqətən maraqlı olanlar və bölgəmizdə dayanıqlı sülhü doğrudan da görmək istəyənlər statusla bağlı zərərli və boş ümidləri erməni cəmiyyətinə aşılamaqdan əl çəkməlidirlər. Bu təkcə bizim deyil regionun da inkişafına böyük təkan verəcəkdir. 

Minarə Quliyeva,
Azərbaycan Dövlət Pedaqoji Universiteti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024