Mobil versiya
İlham Əliyev-XXI əsrin Lideri!
Tarix: 23-12-2022 | Saat: 10:50
Bölmə:Özəl | çapa göndər

İlham Əliyev-XXI əsrin Lideri!

Azərbaycan Respublikasının Prezidenti, dünyanın nüfuzlu siyasətçisi, tanınmış diplomat və Müzəffər Ali Baş komandan cənab İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri, dahi dövlət xadimi Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ailəsində anadan olub. Milli həmrəyliyi, sağlam əməkdaşlıq mühitini və siyasi dialoqu təşviq edən demokratik lider Prezident cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanıqlı inkişafının səbəbidir. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses cənab Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir. Cənab Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız Zəfər tarixinin ideoloji əsasıdır. Vətəndaşlarımızı milli birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbkarıdır. Fəxr edirik ki, Ümummilli liderimiz, müasir Azərbaycanın memarı, əbədi rəhbərimiz Heydər Əliyevin misilsiz, alternativi olmayan siyasətini və ideyalarını möhtərəm Prezident cənab İlham Əliyev hazırda çox böyük uğurla davam etdirir. Bu uğurları davamlı olaraq biz həyatımızın bütün sahələrində görürük və hərbi sahə də istisna deyil. 44 günlük İkinci Qarabağ müharibəsini şanlı qələbə ilə başa vurmağımız və Ermənistanın faktiki təslim olması bunun bariz nümunəsidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin aprelində cəbhə xəttində rəşadətli Azərbaycan Ordusunun əks-hücumu və düşmənə vurduğu ağır zərbələr nəticəsində erməni silahlı birləşmələri ciddi itki – həm canlı qüvvə və həm də texnika sarıdan – itki verərək geri çəkilmişdilər. İgid əsgərlərimiz bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini ələ keçirmiş və üçrəngli bayrağımızı düşməndən azad edilmiş həmin ərazilərimizdə dalğalandırmışdılar. İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində insanlar məskunlaşmışlar. Dövlətimizin hərtərəfli qayğısı və dəstəyi sayəsində burada soydaşlarımız üçün hər cür şəraiti olan evlər tikilmiş, insanlarımız bütün zəruri vasitələrlə təmin edilmişlər. Bütün bunlar digər sahələrdə olduğu kimi, hərbi sahədə də ölkə rəhbərliyi tərəfindən uğurlu siyasət aparıldığını bir daha sübut edir. Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı və formalaşdırdığı Azərbaycan Milli Ordusu hazırda dünyanın güclü ordularından biri hesab edilir. Bu ordu işğal altında olan torpaqlarımızın tamamilə azad edilməsi üçün bütün zəruri vasitələrlə təmin edilmişdir, Vətənin ərazi bütövlüyünün bərpa edilməsi naminə döyüşə atılmaq üçün böyük ruh yüksəkliyinə malikdir və bunu 2016-cı ilin Aprel döyüşləri də, 2020-ci il sentyabrın 27-də davam edən uğurlu döyüş əməliyyatları da sübut etdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin siyasətinə sadiq qalaraq, torpaqlarımızın bir qarışının da düşmənə verilməyəcəyini, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına xalqımızın heç vaxt yol verməyəcəyini qətiyyətlə bəyan etmişdir. 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində biz tək müharibə meydanında deyil, həm də diplomatik və informasiya savaşından qalib çıxdıq.
Bütün təzyiqlər qarşında tək başına möhkəm dayanan cənab Prezident İlham Əliyev atasına və xalqımıza verdiyi sözü tutaraq ərazi bütövlüyümüzün bərpasına nail oldu. Barəsində hələ çox danışılacaq Zəfərimizin qayəsində, kökündə duran başlıca səbəb, həlledici amil xalqımızın vahid amal uğrunda dəmir yumruq kimi birləşməsi, öz Liderinə sonsuz güvəni, onun qərarlarını bir an belə tərəddüd etmədən dəstəkləməsidir. Bu mənada Azərbaycan xalqına sonsuz sevinc bəxş edən Qələbəmizin əsas memarı heç şübhəsiz ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Bütün bu göstərilənlər cənab Prezident İlham Əliyevin son dövrlərdə imzaladığı qanun, fərman və sərəncamlarda öz vacibliyini və həlli istiqamətlərini tapmışdır. Biz güclü iqtisadiyyatdan qələbəyə gəldiyimiz kimi, şanlı qələbədən də daha güclü iqtisadiyyata nail olmalıyıq. Qazanılacaq hər bir uğurun əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalq-iqtidar birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Ölkə başçısı cənab İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaqdır. Azərbaycanın bu günkü inkişafı cənab Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır və Azərbaycanın şanlı tarixinə Qələbə səhifəsi yazmış cənab Prezident İlham Əliyevə xalqın inamı və ehtiramı sonsuzdur!
Yaşasın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev!
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Müstəqil Azərbaycan!

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024