Mobil versiya
Azərbaycan son 19 il ərzində cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə indiyədək görünməmiş möhtəşəm inkişaf yolu keçib
Tarix: 22-12-2022 | Saat: 15:32
Bölmə:Özəl | çapa göndər

Azərbaycan son 19 il ərzində cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə indiyədək görünməmiş möhtəşəm inkişaf yolu keçib

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin öz xalqı qarşısında olan ən önəmli müstəsna xidmətlərindən biri də ölkəmiz üçün cənab Prezident İlham Əliyev kimi bütün ali insani keyfiyyətlərə malik şəxsiyyət və müdrik bir lider yetişdirməsi olmuşdur. 2003-cü ildə Azərbaycan xalqı ən düzgün seçim etməklə, bu gün dünyanın ən nüfuzlu liderlərindən biri olan cənab İlham Əliyevi özünə Prezident seçdi. Möhtərəm dövlət başçımız özünün Prezidentliyi dövründə, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək, daxili ictimai-siyasi sabitliyi daha da möhkəmləndirmiş, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin etmiş, vətəndaşların rifahının yüksəlməsinə nail olmuşdur. Cənab Prezident İlham Əliyevin müəllifi olduğu regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.
Cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, formalaşdırdığı səmərəli dövlət idarəçiliyi sayəsində Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artır, ölkəmizin Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənir. Ölkənin təbii ehtiyatlarından, coğrafi mövqeyindən, maddi, mənəvi və insan resurslarından səmərəli istifadəyə, transmilli nəqliyyat-kommunikasiya və enerji dəhlizləri sahəsində həyata keçirilən uğurlu regional siyasət və düzgün mövqe seçiminə, daxili və xarici siyasətin müstəqillik əmsalına, sosial-iqtisadi inkişafın davamlılıq və dinamiklik göstəricilərinə, gələcək inkişaf potensialına və digər parametrlərinə görə də hazırda Azərbaycan regionun özünü tam təmin edən dövlətinə çevrilmişdir.
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyən cənab Prezident İlham Əliyevin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Ötən illər ərzində dövlət başçımızın rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb.
2020-ci ildə Müzəffər Ali Baş Komandan Vətən müharibəsində möhtəşəm Qələbə əldə etməklə yenilməz Ordumuzun sərkərdəsi kimi özünün və qəhrəman əsgərlərimizin adını şanlı tariximizə qızıl hərflərlə həkk etdirdi. Zaman göstərdi ki, 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin may ayında olan Günnüt əməliyyatı zamanı əldə olunmuş uğurlu nəticələr 44 günlük Vətən müharibəsinin müjdəçiləri imiş. 27 sentyabr 2020-ci il tarixində ermənilərin növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları həyata keçirdi və bununla da ikinci Qarabağ müharibəsi başladı. Dövlət başçısı cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı dillərdə əzbər olmaqla xalqı öz liderinin ətrafında daha da sıx birləşdirərək mülki vətəndaşlarda mübarizə əzmi, hərbçilərimizdə isə böyük ruh yüksəkliyi yaratdı. Müharibənin gedişində xalqımız müqəddəs amal uğrunda birləşməyin, vahid toplum olmağın, güclü “Dəmir yumruğa” çevrilməyin yeni bir nümunəsini yaratdı. 2003-2020-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində Vətən müharibəsində tarixi Qələbəmiz təmin olundu. Azərbaycanın güclü bir dövlətə çevrilməsinə və nəticə etibarı ilə öz ərazi bütövlüyünü bərpa etməsinə zəmin yaratmış ən önəmli faktor məhz ölkəmizdə xüsusilə müharibəyə qədər keçmiş 17 ildə müşahidə olunan dinamik iqtisadi inkişaf amili oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu illər Azərbaycan üçün zəruri və vacib bir hazırlıq dövrü idi. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət Azərbaycanın xeyrinə çevrildi. Bütün bunlarla yanaşı isə münaqişənin həlli üçün ən mühüm olan sahədə, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində bizim qürur mənbəyimiz, Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu. Bu, Azərbaycanın son iki yüz ildə əldə etdiyi ən böyük tarixi nailiyyətdir. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının ideya müəllifi olub.
Müharibədən sonra imzalanmış yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan bundan sonra da həm özünün təhlükəsizliyinin, həm də bütün Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təminatçısı kimi üzərinə düşən vəzifələrin icrasına hər zaman ən yüksək səviyyədə hazır olacaq.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024