Mobil versiya
Üç ölkənin dövlət başçılarının Birinci Zirvə Görüşü çərçivəsində birgə Bəyanat qəbul edilib.
Tarix: 17-12-2022 | Saat: 10:06
Bölmə:Seçki 2024 | çapa göndər

Üç ölkənin dövlət başçılarının Birinci Zirvə Görüşü çərçivəsində birgə Bəyanat qəbul edilib.

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Türkmənbaşı şəhərində keçirilmiş Zirvə görüşü türk dünyasının qüvvətlənməsi baxımından irəliyə doğru atılmış son dərəcə mühüm toplantı idi. Bu görüş və orada dövlət başçılarının səsləndirdikləri fikirlər, ümumən, türk dünyasının qlobal siyasi anlamı ilə bağlı düşüncələrə işıq salmaqdadır.  Zirvə Görüşü türkdilli dövlətlərin mövcud olan sıx əlaqələrinin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürüdür. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Prezident İlham Əliyevin dediyi kimi, Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırıb. 2017-ci ildə isə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının fəaliyyətinin genişlənməsi ilə paralel şəkildə, həm də regionda yerləşən türk ölkələri arasında ikitərəfli və üçtərəfli formatlarda sıx təmaslar qurulur. Bu baxımdan dekabrın 14-də Türkmənbaşıda Azərbaycan, Türkiyə və Türkmənistanın dövlət başçılarının Birinci Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir. Ötən illər ərzində ölkələrimiz arasında çoxvektorlu münasibətlər inkişaf edərək yüksək səviyyəyə çatıb. Təbii ki, bunun əsasında bir sıra mühüm amillər, o cümlədən xalqlarımızın eyni tarixi köklərə, oxşar mədəniyyətlərə, mənəvi dəyərlərə malik olmaları dayanır. İslam dini üç ölkəni bir araya gətirən fundamental amillərdən biridir. Tarixi-mənəvi bağlılıq müasir dönəmdə üç ölkə arasında əlaqələri səmimi edir və münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayır. Türkmənbaşıda uğurla keçən Zirvə görüşündən gözləntilər də kifayət qədər böyükdür. Üç dost və qardaş dövlətin prezidentləri bir araya gəlməklə münasibətlərin dərinləşməsinə güclü siyasi iradə göstərdiklərini bütün dünyaya nümayiş etdirdilər. Sammitdə prezidentlərin təsdiqlədikləri kimi, əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev geniş tərkibli görüşdə üçtərəfli əməkdaşlığın mühüm bir istiqamətinə - nəqliyyat-logistika sahəsinə xüsusi diqqət çəkib. Mövcud geosiyasi reallıqlar fonunda nəqliyyat-logistika sahəsi böyük aktuallıq daşıyır. Geniş Avrasiya coğrafiyasında ölkələr və şirkətlər yüklərin daha təhlükəsiz marşrutlarla daşınmasına çalışırlar. Belə bir şəraitdə Xəzər sahillərində yerləşən Azərbaycan və Türkmənistanın, eləcə də Qara dənizdə təhlükəsiz limanlara malik olan Türkiyənin cəlbediciliyi artıb. Regionda Azərbaycanın və Türkiyənin sıx əməkdaşlığı şəraitində inşa olunan boru kəmərləri ilə Türkmənistanın zəngin enerji resurslarını Avropaya nəql etmək mümkündür. Eyni zamanda, üç ölkədən keçən təhlükəsiz marşrutlarla böyük həcmlərdə yük daşımalarını həyata keçirmək imkanı var. Mərkəzi Asiyada Türkmənistanın qəbul etdiyi yükləri Transxəzər marşrutu (Orta Dəhliz) ilə Azərbaycana çatdırmaq mümkündür. Respublikamızın ərazisində Transxəzər marşrutu optimal infrastrukturla Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinə inteqrasiya olunub. 2017-ci ildə Azərbaycan və Türkiyə prezidentləri Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını ediblər. Bu dəmir yolu Asiya ilə Avropa arasında ən qısa marşrutdur. Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq. Prezident İlham Əliyev nəqliyyat-logistika sahəsində üç ölkə arasında formalaşan əməkdaşlığı yüksək dəyərləndirərək vurğulayıb: “Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir”.
Üç ölkənin dövlət başçılarının Birinci Zirvə Görüşü çərçivəsində birgə Bəyanat qəbul edilib. Xüsusilə qeyd edək ki, Tədbir çərçivəsində, həmçinin çoxsaylı sənədlər imzalanıb. Bu sənədlərə “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”, “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”, “Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum”, “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”, “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” daxildir. Dövlət başçılarının imzaladığı birgə Bəyanatda energetika sahəsində əməkdaşlığın inkişafı, təbii qaz tədarükünün xüsusi önəmi vurğulanıb. Həmçinin, üç ölkənin ortaq tarix, dil və mədəniyyət baxımından yaxınlığına söykənərək hərtərəfli əlaqələrin dərinləşdirilməsi arzusu ifadə edilib. Bəyanatda tərəflər dövlətlərin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərinin toxunulmazlığına qarşılıqlı olaraq hörmət etdiklərini və sarsılmaz dəstək göstərdiklərini ifadə ediblər. Eləcə də Türkiyə, Türkmənistan və Azərbaycanın qarşılıqlı münasibətlərində beynəlxalq hüququn normalarını əsas tutulacağı vurğulanıb.

Ən əsası, bütün bunlar ölkələrimiz arasında əlaqələrin daha da güclənməsinin mühüm göstəriciləridir.
İ
lkin Rzayev,
YAP Göygöl rayon təşkilatı üzrə Toğanalı kənd ərazi partiya təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024