Mobil versiya
Heydər Əliyev erası Azərbaycanda quruculuq, inkişaf, sabitlik, tərəqqi və müstəqillik dövrüdür
Tarix: 12-12-2022 | Saat: 16:09
Bölmə:Seçki 2024 | çapa göndər

Heydər Əliyev erası Azərbaycanda quruculuq, inkişaf, sabitlik, tərəqqi və müstəqillik dövrüdür

Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin cismani yoxluğundan 19 il ötür. Bu illər ərzində həyatımızda çox şey dəyişib. Azərbaycan 19 il əvvəlki Azərbaycan deyil. Onun simasına hər il yeni naxışlar vurulur: şəhər və kəndlərimiz abadlaşır, möhtəşəm binalar ucaldılır, fabrik və zavodlar tikilir, yeni yollar çəkilir, bağ və parklar salınır. TANAP və TAP boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi... Vaxtilə xəyal hesab olunanlar reallığa çevrilir: Azərbaycanın səsi mötəbər beynəlxalq kürsülərdən daha gur eşidilir, bayrağımız daha uca zirvələrdə dalğalanır.
Bu da onu göstərir ki dahilərin cismani yoxluğuna baxmayaraq onların ideyaları və idealları yaşayır, fəaliyyət göstərir və qalib gəlir. Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. İntibah və milli şüurun oyanışı onun hakimiyyətə gəlişi ilə başlayıb. Müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. İmzalar içərisində millətimizin də imzasının görünməsi, Azərbaycanın inamla beynəlxalq arenaya çıxması, söz və nüfuz sahibi olması onun xidmətidir. Bir cümlə ilə ifadə etməli olsaq, bugünkü Azərbaycan üçün Heydər Əliyevə borcluyuq. Çünki Heydər Əliyev hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən, dövlət xadimlərindən biridir. Dünyanın məşhur simalarının onun barəsində necə heyranlıqla, ehtiramla danışdıqlarının canlı şahidiyik. Heydər Əliyev siyasət aləminin ustadı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.
Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir.Bu gün başımız üstə dalğalanan, fəxrlə seyr etdiyimiz, qəlbimizi fərəhlə dolduran üçrəngli bayrağımızın stausu da bu böyük şəxsiyyətlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
Güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi olan Heydər Əliyevin xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, çox hövsələliyi, ədalətli olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliliyi və analitik təfəkkürü, sadə davranışı bir dövlət başçısı kimi onun xalq tərəfindən sevilməsinin başlıca səbəblərindən biridir.
Bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varis qoymasıdır. Ulu Öndər həyatının son günlərində xalqa müraciətində belə yazırdı: Mən İlham Əliyevə özüm qədər inanıram. Əminliklə bildirirdi ki, İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq. Bu günkü tarixi qələbələrimizin, erməni faşizmi üzərində çalınan Zəfər qələbəsinin memarı da Heydər Əliyevdir. Onun səbr və təmkinlə yaratdığı Ordu bu böyük şəxsiyyətin Şuşaya getmək arzularını çin etdi. Erməni qəsbkarları Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük tarixi qələbəyə imza atmaqla Ulu Öndərin arzularını reallaşdırmış oldu. Bu cahanşümul inkişaf, bu uzaqgörənlik, zaman keçdikcə daha aydın görünən və dərk edilən siyasətin mahir ustada məxsusluğu bu böyük şəxsiyyətə el məhəbbətini, xalq sevgisini daha da artırır. Odur ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də həmişə azərbaycanlıların sırasında ümummilli lider olaraq yaşayacaqdır.

Kamran Qasımov
YAP Tovuz Rayon Təşkilatının məsləhətçisi.
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024