Mobil versiya
Niyazi Nəcəfov: "Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi lideri olub"
Tarix: 11-12-2022 | Saat: 11:42
Bölmə:Seçki 2024 | çapa göndər

Niyazi Nəcəfov: "Azərbaycan xalqı xoşbəxtdir ki, onun  Heydər Əliyev kimi lideri olub"

“Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil ölkədir. Artıq ölkəmiz mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət olduğunu bütün dünya birliyi qarşısında isbatlayıb. Hələ sovetlər birliyi dönəmində respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycan xalqının rifah yüksəlişi, gələcək müstəqil Azərbaycan dövlətinin əsaslarının yaradılması yönümündə göstərdiyi misilsiz xidmətlərinə görə uzun illər öncədən xalqımızın qəlbində Ulu Öndər məramına yüksəlmiş Heydər Əliyevin müəyyən etdiyi və həyata keçirdiyi strategiya müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasına, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsinə, ölkəmizin və xalqımızın bütün dünyada tanınmasına zəmin yaratdı. Dünya tarixi göstərir ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir olan, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifahı və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, tarix bu xalqa Heydər Əliyev kimi, dünya miqyaslı şəxsiyyətin simasında əsl ümummilli liderə xas olan parametrlərə tam cavab verən, eləcə də xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı bəxş etmişdir.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Şirvan Şəhər Komitəsinin sədri
Niyazi Nəcəfov deyib.


Müsahibimiz qeyd edib ki, tariximizin otuz ildən artıq zaman kəsiyini əhatə edən dövrünün məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olması xalqın və dövlətin gələcəyini müəyyən edən ən başlıca amil olmuşdur: “1969-cu ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinə təyin olunmuş Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycan Respublikasını digər SSRİ respublikaları arasında önə çıxarmışdır. Hakimiyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməyən, istər birinci katib işlərkən, istərsə də ondan sonra İttifaq səviyyəli vəzifələrdə çalışarkən, Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutan Heydər Əliyev dəfələrlə öz sinəsini sipər kimi qabağa verərək xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə düşmənlərimizi yerində oturtmuşdur. Xüsusi olaraq vurğulamaq lazımdır ki, 1990-cı ildə Bakı şəhərində 20 Yanvar qırğını törədildiyi zaman Moskvada fəaliyyət göstərən Azərbaycan nümayəndəliyinə ilk gələn insan da Ulu Öndər Heydər Əliyev olmuşdur. Nümayəndəlikdə keçirilən iclasda heç nədən çəkinmədən hələ o zaman SSRİ-yə rəhbərlik edən şəxsləri çəkinmədən tənqid etmiş, Bakı hadisələrində birbaşa SSRİ rəhbərliyinin məsuliyyət daşıdığını bildirmişdir. Ümumiyyətlə, Ulu Öndərin xalqımız, müstəqilliyimiz üçün tarixi əhəmiyyət kəsb edən xidmətləri saya gəlməzdir. Bütün bunlar isə, dahi Heydər Əliyevin xidmətlərinin heç də onun işlədiyi vəzifələrdən deyil, özünün malik olduğu yüksək insani keyfiyyətlərə, polad iradəyə, zəngin dünya görüşünə, hərtərəfli dərin savada malik olmasından, vətəninə və millətinə dərin sevgisindən irəli gəlirdi.”

Daha sonra Niyazi Nəcəfov müstəqillik illərində ümummilli lider Heydər Əliyevin hakimiyyətə dönüşünün təlatümlü, xalqımız üçün taleyüklü bir dövrə təsadüf etdiyini vurğulayaraq bunlarıd deyib: “1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin qarşısında yenə də müstəqil respublikamızı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən xilas etmək kimi məsuliyyətli və tarixi vəzifələr dururdu. Xalqımız çox gözəl bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin siyasi-iqtisadi və idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev şəxsiyyəti azad edə bilər. Çünki ümummilli liderin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı və doğma Vətəninə olan məhəbbəti onun xalqı ilə birlikdə bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu. Heç zaman seçimində yanılmayan xalqımız bu dəfə də çox düzgün seçim etmişdir. Ulu öndər Heydər Əliyev bütün bacarığını səfərbər edərək ölkədə baş alıb gedən tənəzzülü dayandırdı və tezliklə tərəqqiyə nail olundu. Ölkədə mövcud olan problemlər tədricən həllini tapdı, iqtisadi və siyasi sabitlik təmin olundu və beləliklə, iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması və bütün digər istiqamətlərdə konkret proqram və layihələrin işlənib hazırlanmasına başlanıldı.

Heydər Əliyev siyasi xəttinin 2003-cü ildən bəri ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi sayəsində artıq neçə müddətdir ki, Azərbaycan bütün əhəmiyyətli regional-transmilli layihələrin ən arzuolunan iştirakçılarından birinə çevrilib. Vətən müharibəsində əldə olunmuş parlaq tarixi Qələbədən sonra isə ölkəmizin bu mövqeyləri daha da güclənib. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin öz çıxışlarında qeyd etdiyi kimi, bu gün Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir. Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verildi. Yeddi ölkəni birləşdirən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Təbii ki, özünün ərazi bütövlüyünü təmin etdikdən sonra Azərbaycanın həm iqtisadi, həm də siyasi imkanları daha da genişlənib. Məlumdur ki, heç bir beynəlxalq konsorsium riskli, xüsusən də terror təhlükəsi olan ərazilərə investisiya yatırmaz. Heç bir dövlət münaqişə zonalarında strateji layihələrin reallaşmasına şərik olmaq istəməz. Məhz bu baxımdan Azərbaycan torpaqlarında 30 ilə yaxın davam edən erməni işğalı səbəb olduğu bütün digər faciələrlə yanaşı bu bölgədə reallaşdırılan beynəlxalq enerji layihələrinə də əsil təhdid idi. Lakin Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu problemi də kökündən həll etdi. Ölkəmiz öz ərazilərini işğaldan azad etməklə enerji və logistik dəhlizlərin fiziki təhlükəsizliyini təmin etdi və bu layihəyə hərbi hədələri aradan qaldırdı”, - deyə
Niyazi Nəcəfov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024