Mobil versiya
AZƏRBAYCAN RESPUBLİKASININ NEFT STRATEGİYASININ ƏSASININ QOYULMASINDA“ƏSRİN MÜQAVİLƏSİ” NİN ROLU
Tarix: 10-12-2022 | Saat: 16:17
Bölmə:Gündəm | çapa göndər

AZƏRBAYCAN RESPUBLİKASININ NEFT STRATEGİYASININ ƏSASININ QOYULMASINDA“ƏSRİN MÜQAVİLƏSİ” NİN ROLU

1991-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra hərbi təcavüz, daxili çəkişmələr və iqtisadi çətinliklər ilə üzləşmişdir. SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfra enməsi neft və qaz sənayesinin ağır böhran vəziyyətinə salmışdır. 1987-ci illə 1997-ci illlər arasında on il müddətində Azərbaycan Respublikasında neft hasilatı 14.280 milyon tondan 9.022 milyon tona düşmüşdü.[1] 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev neft sənayesinin inkişaf etdirilməsi mənbələrini dərindən təhlil edərək neft çıxarılmasının artırılmasında yeni imkanları aşkar etdi. Dövlət Neft Şirkəti ilə Qərb ölkələrinin neft şirkətləri arasında Azərbaycan Respublikasının Xəzərdə olan neft yataqlarının birgə istismar edilməsi haqqında hələ 1990-cı ildən, SSRİ mövcud olduğu dövrdən danışıqlar başlanmışdı. Danışıqlar təqribən 3 il müddətində davam etdirilmiş və 1993-cü iliyunun 23-də dayandırılmışdı. 1992-ci ildə Qərb şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti birləşib ümumi bir konsorsium yaratmışdılar. Müqavilə layihəsi hazırlanmışdır. Lakin bu layihələrdə çatışmazlıqlar var idi. O, Azərbaycan Respublikası üçün əlverişli deyildi. Prezident Heydər Əliyev müqavilə şərtlərinin ölkəmiz üçün sərfəli olmadığını və imzalandığı təqdirdə iqtisadiyyatımıza ciddi zərər gətirəcəyini düşünərək 1993-cü il iyulun 21-nə təyin edilmiş imzalanma prosesindən imtina etdi. Bundan sonra danışıqların yeni mərhələsi başlandı və 1994-cü il fevralın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin danışıqları həmin prinsiplər əsasında davam etdirməsi barədə prezident sərəncam verdi. Sərəncamda deyilirdi: «Respublikanın dənizdə neft və qaz yataqlarının kəşfində və işlənməsində xarici neft şirkətlərinin iştirakı barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti rəhbərlərinin məlumatını nəzərə alaraq qərara alıram:
1. Xarici neft şirkətləri ilə (Amoko, Britiş Petroleum, Statoyl, Penzoyl, Remko, Yunokal, Dermott, Türk Neft Şirkəti) aparılan danışıqların əsas istiqamətləri barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təklifləri bəyənilsin.
2. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə yuxarıda adları çəkilən neft şirkətləri ilə birlikdə «Azəri» və «Çıraq» yataqlarının kəşfinə və işlənməsinə dair danışıqların aparılması, müqavilənin hazırlanması və bağlanması səlahiyyəti verilsin.
3. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə tapşırılsınki, iki həftə müddətinə «Günəşli» yatağmda neft hasilatmm sabitləşdirilməsi proqramını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin».[2,226]
Azərbaycan Respublikası Prezidenti 1994-cü il sentyabrın 14-də «Xəzərin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənməsi haqqında xarici nefit şirkətləri konsorsiumu ilə danışıqların yekunları barəsində» fərman verdi. Bu fərmanda da müqavilənin əsas məzmun və mənası istər Azərbaycan Respublikası üçün, istərsə də xarici neft şirkətləri üçün əhəmiyyətli olduğu qeyd edilirdi. Prezidentin qəbul etdiyi qərarda Azərbaycan Neft Şirkəti və xarici neft şirkətləri arasında sazişin layihəsinin bəyənildiyi göstərilirdi və Dövlət Neft Şirkətinə Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay şəklində bölüşdürülməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici şirkətlər arasında Sazişi imzalanması tapşırılırdı. Nəhayət, üç ildən çox müddətdə aparılan danışıqlar nəticəsində 1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilə  bağlandı. Dənizin dərinliyində yerləşən “Azəri”(sahildən 113km aralı), “Çıraq”(94km), “Günəşli”(82km)  yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdir. Ümumi investisiya məbləği 7,4 milyard ABŞ dolları olan müqavilə dəniz yatağının 30 il müddətinə işlənməsi üçün hesablanıb. Yataqların ümumi ehtiyatları 4milyard barel neft və 55 milyard kub metr qaz olması bildirilsədə, sonradan 2009-cu ildə BP şirkəti 3 yataqda ehtimal olunan ehtiyatların 5,7 mlrd. barel həcmində dəyərləndirdi. “Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı.[3,375]
“Əsrin müqaviləsi” imzalanandan sonra onun iştirakçıları işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis “Əsrin müqaviləsi”ni ratifikasiya etdi.  İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir. Ümumi təmiz gəlirdən Azərbaycanın Respublikasının payına 80%, sərmayəçilərin payına 20% düşürdü. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. İmzalanmış neft sazişləri üzrə Azərbaycan Respublkasının neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir.
“Əsrin müqaviləsi”nin bağlanması Azərbaycanın Respulikasını bir dövlət kimi tanınmasına, onun dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən şirkətlərin dövlətləri ilə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün şərait yarandı.

Hüseynov Anar Tahir oğlu
AMEA A.Bakıxanov adına Tarix İnstitutun doktorantı
159№-li tam orta məktəbin müəllimi






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2025