Mobil versiya
Qəhrəman oğullarımız üçrəngli bayrağımızı Qarabağda əbədi dalğalandırdılar 
Tarix: 10-12-2022 | Saat: 09:33
Bölmə:Özəl / Parlament | çapa göndər

Qəhrəman oğullarımız üçrəngli bayrağımızı Qarabağda əbədi dalğalandırdılar 

2018-ci il iyunun 26-da Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paraddakı nitqini bu fikirlərlə yekunlaşdırmışdı: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.
Ali Baş Komandanın həmin nitqindən cəmi iki il yarım keçəndən sonra, 2020-ci il dekabrın 10-da Azadlıq meydanında baş tutan Zəfər paradında Vətən andının yerinə yetməsinə şahidlik etdik. Silahlı Qüvvələrimizin şəxsi heyəti dövlət bayrağımız və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin zəfər bayrağı altında fəxrlə ötüb keçdi.
Bayrağımızın tarixinə nəzər salanda görürük ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər dövlət statusuna malik olan bu bayraq bolşevik qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan parlamentinin binası üzərindən endirilib. Azərbaycan bayrağı 1990-cı il noyabrın 17-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin sessiyasında Naxçıvan Muxtar Respublikasının (MR) dövlət bayrağı kimi təsdiq edilib. Eyni zamanda Naxçıvan MR Ali Məclisi bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti həmin vəsatətə baxıb və bu bayrağın yenidən Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib.
Yenə varisçilik prinsipini əsas götürən Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2016-cı ildə işğaldan azad edilən Lələtəpə yüksəkliyinə sancılan Azərbaycan bayrağı tezliklə bütün işğal altında olan torpaqlarımızın azad ediləcəyinin müjdəçisinə çevrilib.
 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində ürəyinin üstündə üçrəngli bayrağımızı daşıyan mərd oğullarımız mənfur düşməni məğlub edərək, Azərbaycan bayrağını əzəli yurd yerlərimizdə əbədi dalğalandırırdılar. Vətən uğrunda gözlərini qırpmadan canlarından keçən həmin igid oğullar Azərbaycan bayrağına bükülərək son mənzilə yola salınmağı özlərinə şərəf bilirdilər.
2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək olan 44 günün hər birində igid döyüşçülərimiz qarış-qarış işğaldan azad etdikləri yurdlarımızda bayrağımızı qürurla dalğalandırdılar. Cəsur oğullarımız Müzəffər Ali Baş Komandana torpaqlarımızın azadlığını üçrəngli bayrağımızın möhtəşəm fonunda fəxarətlə məruzə edirdilər. 
Son nəticədə Ali Baş Komandan İlham Əliyev 10 dekabr 2020-ci ildə Azadlıq meydanında keçirilən təntənəli Zəfər paradında bəyan etdi: “Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.
Beləliklə, Vətən müharibəsində qəhrəman oğullarımız üçrəngli bayrağımızı Qarabağda əbədi dalğalandırdılar.  44 günlük müharibənin nəticəsində Qələbə əldə edən Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paraddakı çıxışında verdiyi vədə əməl etdi, 2020-ci ilin 10 dekabrında işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətirildi. Bununla da bütün dünyaya Azərbaycan xalqının vətənpərvərliyini və yenilməzliyini nümayiş etdirdi.

Cavid Əsgərzadə,
YAP Göygöl rayon təşkilatı aparatının məsləhətçisi
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024