Mobil versiya
Hafiz Kərimov: “Təhsil sahəsinin milli mənafelər əsasında qurulması məsələsi Ulu Öndər tərəfindən əsas vəzifə kimi qarşıya qoyulmuşdur”
Tarix: 08-12-2022 | Saat: 09:03
Bölmə:Seçki 2024 | çapa göndər

Hafiz Kərimov: “Təhsil sahəsinin milli mənafelər əsasında qurulması məsələsi Ulu Öndər tərəfindən əsas vəzifə kimi qarşıya qoyulmuşdur”

“Ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycan iqtisadiyyatının, eləcə də elm, təhsil və mədəniyyətinin dirçəlişi və dinamik inkişafı, həmçinin dövlət müstəqilliyinin möhkəmləndirilməsi, qısa bir zamanda Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması bilavasitə ümummilli lider Heydər Əliyevin adı və gərgin fəaliyyətilə bağlıdır. Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından müstəsna həyati əhəmiyyət kəsb edən azərbaycançılıq ideyasını irəli sürməsi, onu bir ideologiya şəklində formalaşdırması və bütün dünyada Azərbaycan diasporlarının təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. Ümummilli lider xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləmişdir. Ulu öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda, Vətənlə - doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır. Birmənalı olaraq demək lazımdır ki, müəllifi Ulu Öndər Heydər Əliyev olan milli ideologiya bu gün də Azərbaycan xalqının birliyini təmin edir. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amil kimi çıxış edir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov deyib.

Müsahibimiz Hafiz Kərimov qeyd edib ki, Ulu Öndərin genişmiqyaslı, çoxcəhətli fəaliyyətində təhsilin inkişafına diqqət və qayğı prioritet sahə kimi mühüm yer tuturdu: “Təhsilin aktual problemlərini və perspektivlərini incəliklərinə qədər dərindən bilən, təhsilin cəmiyyətdə rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevin təhsillə bağlı dəyərli mülahizə və müddəaları bu sahənin inkişafı baxımından misilsiz əhəmiyyət kəsb edir. Bu mülahizə və müddəalar həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində Azərbaycan təhsilinin inkişaf yolunun proqramına çevrilmişdi. Ümummilli liderimizin hələ sovet ideologiyasının hökm sürdüyü illərdə təhsil sahəsi ilə bağlı irəli sürdüyü fikirləri bu gün üçün müasir səslənən ideyalarla müqayisə etdikdə onun zamanı necə və hansı səviyyədə qabaqladığı aşkar şəkildə görünür. Müdrik və uzaqgörən siyasi xadim Heydər Əliyev Azərbaycanın müstəqillik üfüqlərini hələ sovet hakimiyyəti illərində respublikaya rəhbərlik etdiyi dövrlərdə yaxşı görürdü. Ulu öndər əmin idi ki, gələcək müstəqil dövlətin bünövrəsinin möhkəm qurulması üçün təhsilin inkişafına indidən güclü təkan verilməlidir. 1977-ci il avqustun 27-də keçirilmiş tələbələrin respublika fəalları ilə görüşündə gənclərə “Bu gün sizin başlıca vəzifəniz oxumaqdan, müstəqil işləmək vərdişləri əldə etməkdən, həqiqəti axtarmaq və ona nail olmaq bacarığına yiyələnməkdən, yəni kamil mütəxəssis olmaq, cəmiyyətimizə daha çox fayda vermək üçün zəhmətlə, səylə, əzmlə, gündən-günə misilsiz bilik, mədəniyyət, ictimai vərdiş ehtiyatı toplamaqdan ibarətdir” müraciəti də məhz həmin qənaətdən irəli gəlirdi.”

Daha sonra H.Kərimov Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Ulu Öndər tərəfindən təhsil sahəsinin də milli məqsədlər, mənafelər əsasında qurulması vəzifəsinin qarşıya qoyulduğunu vurğulayaraq bunları deyib: “Ulu öndərimiz təhsilin milli məqsəd və mənafelər əsasında qurulması zərurətinə toxunarkən, ilk növbədə, heç şübhəsiz, uşaq və gənclərin əsl azərbaycançılıq, əsl vətəndaşlıq, milli mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasını diqqət mərkəzinə çəkirdi. Özünün şəxsi keyfiyyətləri və fərdi xüsusiyyətləri ilə millətimizə nümunə olan ulu öndər Heydər Əliyev uşaq və gənclərin tərbiyəsində dini dəyərlərin də rolunu yüksək qiymətləndirir, bunları insan mənəviyyatının formalaşmasında əsas amil hesab edirdi. Ümummilli liderimiz uşaq və gənclərin kamil şəxsiyyət kimi formalaşmasında onların həm doğma ana dilinə, həm də xarici dillərə yiyələnməsinə, ədəbi irsimizi, tariximizi dərindən öyrənmələrinə ciddi diqqət yetirilməsinin vacibliyini dönə-dönə vurğulayır, bu işlərin məqsədyönlü şəkildə həyata keçirilməsini məktəbin, bütün müəllimlərin müqəddəs borcu olduğunu bəyan edirdi. Əminliklə deyə bilərik ki, bu gün ulu öndər Heydər Əliyevin müəyyən etdiyi təhsil siyasəti Azərbaycanda uğurla davam etdirilir. Xüsusilə son illər iqtisadiyyatımızda baş verən sıçrayış, yüksək templi inkişaf digər sahələrin, o cümlədən təhsilimizin də yüksələn xətt üzrə inkişafı üçün mühüm təməl olmuşdur. Əlbəttə, bu inkişafın əsasında dövlətimizin və ölkə rəhbərliyinin təhsilə qayğısı durur. Təhsili Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri sayan Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən təhsili özünün daxili siyasətində prioritet istiqamət kimi müəyyən etmiş və onun inkişafına daim qayğı göstərməkdədir.”

Öz fikirlərini davam etdirən Hafiz Kərimov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin öz xalqına sonsuz məhəbbəti Ulu Öndərin ən çətin və təhlükəli məqamlarda belə hər zaman xalqının yanında olmasında özünü göstərirdi: “Ulu öndər özünün də dediyi kimi, bütün həyatını Azərbaycan xalqına həsr etmişdi. Bu xalqı bir təhlükənin gözlədiyi və yaxud da millətimizin bir faciə ilə rastlaşdığı məqamlarda ümummilli lider hər zaman öz xalqının yanında olar, onun maraq və mənafelərini müdafiə etmək üçün öz həyatını belə heç bir tərəddüd etmədən təhlükəyə atmaqdan çəkinməzdi. O cümlədən, 1990-cı ildə Bakı şəhərində 20 Yanvar qırğını törədildiyi zaman Moskvada fəaliyyət göstərən Azərbaycan nümayəndəliyinə ilk gələn insan da dahi Heydər Əliyev olmuşdur. Nümayəndəlikdə keçirilən iclasda heç nədən çəkinmədən hələ o zaman SSRİ-yə rəhbərlik edən şəxsləri çəkinmədən tənqid etmiş, Bakı hadisələrində birbaşa SSRİ rəhbərliyinin məsuliyyət daşıdığını bildirmişdir. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin xalqımız, müstəqilliyimiz üçün tarixi əhəmiyyət kəsb edən xidmətləri minlərlədir. Bütün bunlar isə, dahi Heydər Əliyevin xidmətlərinin heç də onun işlədiyi vəzifələrdən deyil, özünün malik olduğu yüksək insani keyfiyyətlərə, polad iradəyə, zəngin dünya görüşünə, hərtərəfli dərin savada malik olmasından, vətəninə və millətinə dərin sevgisindən irəli gəlirdi.

Bu gün isə, Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasət kursunun sayəsində artıq daha böyük tarixi əhəmiyyətli qələbələrə imza atmaqdadır. Ölkəmiz neçə müddətdir ki, bütün əhəmiyyətli regional-transmilli layihələrin ən arzuolunan iştirakçılarından birinə çevrilib. 2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş parlaq tarixi Qələbədən sonra isə, ölkəmizin bu mövqeyləri daha da gücləni, Azərbaycan artıq Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkəyə, həmçinin Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Əlbəttə ki, Azərbaycan xalqı bütün bu möhtəşəm uğur və nailiyyətlərin əsasında ilk növbədə məhz Ulu öndər Heydər Əliyevin müəllifi olduğu siyasət kursunun və inkişaf strategiyasının durduğunu yaxşı bilir. Buna görə də möhtərəm dövlət başçımız cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə Heydər Əliyev İli elan olunması da məhz xalqın istək və iradəsinin ifadəsi kimi qiymətləndirilməlidir. Azərbaycan xalqı mövcud olduqca Ulu Öndər Heydər Əliyevin də əziz xatirəsi və ideyaları daim yaşayacaq, gələcək nəsillərin yeni zəfərlərə aparan yolunu öz nuru ilə işıqlandıracaq.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024