Mobil versiya
Kəlbəcərin azad olunması tarixi qələbəmizin nəticəsidir
Tarix: 28-11-2022 | Saat: 09:12
Bölmə:Siyasət | çapa göndər

Kəlbəcərin azad olunması tarixi qələbəmizin nəticəsidir

Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
Kəlbəcər sözü qədim türk dilində "çay üstündə qala" anlamına gəlir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri (daşdan) meydana gəlib. Eramızdan əvvəl IV minilliyin sonu-III minillik Tunc dövrü və ya Kür-Araz mədəniyyəti adlanır.
Bu qədim mədəniyyət beşiyi erməni vandalları tərəfindən işğal edildikdən sonra orada demək olar ki, bütün maddi-mədəniyyət abidələri vəhşicəsinə dağıdılmış, talan edilmiş, viran qoyulmuşdur.
Uca dağlar qoynunda yerləşən bu qədim türk yurdu min illərlə bir çox dövlətlərin tərkibində olmuş, müdafiə və qala istehkamları ilə, həm də təbii istehkam rolu oynayan relyefi ilə məşhur olmuşdur.
Sovetlər Birliyi yarandıqdan xeyli sonra 8 avqust 1930-cu ildə Kəlbəcərə müstəqil rayon statusu verilmişdir.
Mənfur qonşularımızın ərazi iddiaları və türk düşmənçiliyi bu bölgənin işğalı ilə nəticələnmişdir.
Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, tarixi abidələrə, təbiətə böyük ziyan vurulmuşdur. Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Rayonun ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi ermənilər tərəfindən  talan edilmişdir.  Kəlbəcərin işğal altına düşməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə  böyük üstünlüklər vermiş, Kəlbəcər üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmış, silahlar, texnika, canlı qüvvə göndərilmişdir.   
Kəlbəcər rayonunun işğaldan azad olunduğu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində  4 rayonu, Şuşa  və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etdi. Noyabrın 20-də Azərbaycan Ağdamı, noyabrın 25-də isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirdi. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir. 
15 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edildi. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması,ərazinin böyüklüyü və humanizm göstərilmişdir.
 Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə diqqəti cəlb edirlər. Ermənistana unitazla qaçan "sakin" erməni məzhəkəsi nümunəsidirsə, azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuran ermənilər vəhşi, dağıdıcı xislətlərini nümayiş etdirirlər. Kəlbəcər şəhərində  məktəb direktorunun  orta  məktəbə od vurması düşmənin mənəvi-əxlaqi baxımdan deqradasiyanı dünyaya nümayiş etdirdi.
  İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.  Azərbaycan tərəfi Kəlbəcərdəki bütün  tarixi abidələri, o cümlədən dünya əhəmiyyətli dini tarixi abidələr olan Xəzinədağ (Gəncəsər) və  Xudavəng məbədlərini bərpa etməklə onun əsl milli kimliyini - alban tarixini təqdim edəcək.  Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz həm məscidləri, həm kilsələri tarixi sərvətimiz kimi qoruyuruq.  Erməni “tarixçiləri” qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər.  Lakin onların və havadarlarının bu dəfə naxışları işləmir. Çünki Azərbaycanın Ali Baş Komandanı, Müzəffər Prezidenti İlahm Əliyev məsələni kəskin şəkildə qoyaraq yadellilərin ərazilərimizdən rədd olub getməsi üçün bütün mümkün vasitələrdən istifadə edir və əks təqdirdə Dəmir yumruğun yenidən başlarına enəcəyini xatırladır.
Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcər rayonu ərazisində  sənaye əhəmiyyətli  qızıl, civə, tuf, gil, perlit,  üzlük daş, qum-çınqıl qarışığı,  mərmər, nefroid, obsidian (dəvə gözü), listvenit yataqları var. Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da  yerləşir.
  Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda balneoloji turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlamışdır. İstisu sanatoriyasının yenidən bərpası və istismara verilməsi ilə bu proses Kəlbəcərin həm turizm, həm də sanator-müalicə mərkəzlərindən birinə çevrilməsinə imkan verəcəkdir.
Son iki ildə rayon ərazisində aparılan tikinti işləri- yolların və tunellərin çəkilməsi, kəndlərin, mədəni obyektlərin bərpası bu fikrimizin sübutudur. Çünki Azərbaycan xalqı, zəhmətkeş Kəlbəcər əhalisi bu qədim yurdun yenidən məskunlaşmasının, torpağın əsil sahiblərinin onu cənnətə çevriməyinin həsrəti ilə yaşamışdır. Bu gün isə Kəlbəcər uğrunda canından keçən şəhidlərimizin ruhu şaddır. Çünki uğrunda öldükləri Kəlbəcər azaddır!

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024