Mobil versiya
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən gəlişi xalqımızın yeganə xilas olmaq şansı idi
Tarix: 23-11-2022 | Saat: 13:24
Bölmə:Gündəm / Özəl | çapa göndər

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən gəlişi xalqımızın yeganə xilas olmaq şansı idi

Bütün ömrünü öz xalqının, öz ölkəsinin inkişafına, rifahına həsr etmiş Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti hər kəs üçün bir fədakarlıq nümunəsi idi. Buna görə də qədirbilən Azərbaycan xalqı hər zaman öz xilaskar oğlunun əziz xatirəsini uca tutur, Ulu Öndərin ideyalarına, siyasi irsinə sədaqət nümayiş etdirir. Ümummilli Liderimizin bizim üçün, gələcək nəsillər üçün qoyduğu ən böyük miras müstəqil Azərbaycan dövlətidir. Biz bu mirasın Ulu Öndərimizin illər boyunca davam edən son dərəcə gərgin fəaliyyəti, əzmkar mübarizəsi və sağlamlığı bahasına ərsəyə gəldiyini hər zaman xatırlamağa və bu həqiqətləri olduğu kimi gələcək nəsillərə də çatdırmağa borcluyuq.
Həqiqətən də bir xalqın öz müstəqilliyini qoruyub saxlaması, onu əldə etməkdən daha çətindir. Bunu Azərbaycan xalqı öz təcrübəsindən bəlkə də bir çox digər xalqlardan daha yaxşı bilir. Çünki Azərbaycan XX əsrdə öz müstəqilliyini iki dəfə bəyan edib. Hər dəfə də sanki iki illik bir hədd müstəqilliyimizin davam etmə müddət kimi müəyyən edilmişdi. İlk dəfə 1918-1920-ci illərdə, cəmi 23 ay ərzində mövcud olmuş, şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyasının işğalı nəticəsində süqut etdi. Bu hadisədən 71 il sonra, 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyi bərpa etdi. Lakin həmin dövrdə cərəyan edən hadisələr bu dəfə də müstəqilliyimizin əbədi olacağına, hətta uzun müddət davam edəcəyinə əsaslı şübhələr doğururdu. Hətta bu dəfə xalqımızı gözləyən aqibətin daha ağır olacağı da ciddi təhdid kimi ölkənin qarşısında dururdu. Əgər əsrin əvvəllərində Azərbaycan ən azından ərazi baxımından bütöv bir respublika kimi SSRİ tərkibinə qatılmışdısa, artıq bu dəfə ölkənin bir neçə marionet rejimli xanlıqlara parçalanması real təhlükə olaraq başımızn üstündə idi. Düşmənlərimizin Azərbaycanı suveren dövlət olaraq dünyanın siyası xəritəsindən silinmək planları artıq gerçəkləşmək üzrə idi. Lakin Azərbaycanın yenə də bir şansı ola bilərdi. Bu yeganə şansı xalqımıza yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən gəlişi verə bilərdi.
Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbirdə etdiyi çıxışında vurğuladığı kimi, həmin dövrdə Azərbaycan xalqının ən mütərəqqi ziyalıları, görkəmli nümayəndələri, ölkənin gələcəyini düşünən vətənpərvər insanlar nicat yolunun yalnız Heydər Əliyevin hakimiyyətə dönüşündə görürdülər. Buna görə də həmin insanlar xalqın və dövlətin milli mənafelərini əsas tutaraq Ulu Öndərə müraciət ünvanlamışdılar. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəddə Heydər Əliyevdən ölkənin bütün mütərəqqi qüvvələrini öz ətrafında birləşdirmək məqsədilə yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilə bildi. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş, ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.
YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi və parlamentin sədri seçildi. 1993-cü ilin oktyabr ayında isə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra Ulu Öndərin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atıldı. İlk növbədə Ölkənin Konstitusiyası qəbul edildi, dövlətçiliyin əsasları qoyuldu, dövlət təsisatları düzgün zəmində formalaşdırıldı. Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi. Sabitlik və inkişaf illəri kimi xarakterizə edə biləcəyimiz 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu.
Bu gün ölkəmizdə Heydər Əliyev siyasi xətti və islahatlar kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu kursun ən bariz nəticəsi olaraq Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında iki il bundan öncə 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsi ilə özünün ərazi bütövlüyünü bərpa edərək, 30 illik erməni işğalına son qoydu.
Həmçinin ötən illər ərzində Azərbaycanın beynəlxalq mövqeləri böyük dərəcədə möhkəmlənib. Respublikamız MDB məkanında birinci ölkə oldu ki, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildi. 2019-cu ildə 120 ölkənin yekdil qərarı ilə Azərbaycan Qoşulmama Hərəkatına sədr seçildi və sədrliyin müddəti bir il daha uzadıldı. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində, o cümlədən bir çox digər təşkilatlar çərçivəsində uğurlu fəaliyyət göstərir.
Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, bu gün Azərbaycan öz şanlı tarixinin tamamilə yeni bir dövrünü yaşayır. Bu gün azad edilmiş ərazilərimizdə gedən möhtəşəm quruculuq işlərində bütün xalqımız böyük həvəslə, bir məqsədlə iştirak edir ki, keçmiş köçkün soydaşlarımız tezliklə öz dədə-baba torpaqlarına qayıtsınlar, dağılmış şəhər və kəndlərimiz tezliklə bərpa olunsun və bütün dünya bir daha görsün ki, biz həqiqətən də böyük xalqıq.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-10-2024