Mobil versiya
Azərbaycan ordusu qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib.
Tarix: 15-11-2022 | Saat: 14:20
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan ordusu qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib.

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada təşkil olunmuş tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbçilər qarşısındakı çıxışı tarixi məzmunu ilə yadda qaldı. 
Dövlət rəhbərinin nitqində toxunduğu məqamlar xalqımızı bu Zəfərə yetirmiş inkişaf yolunun bir daha nəzərdən keçirilməsi, şanlı qələbəmizdən sonra yaranmış yeni reallıqların qiymətləndirilməsi, ölkəmizin məsələlərə strateji baxışının ifadə olunması, eləcə də Ermənistandakı revanşist qüvvələrə və onlara havadarlıq edərək Azərbaycanla təhdid dilində danışmaq istəyənlərə qətiyyətli cavab baxımından çox böyük maraq doğururdu. 

Qeyd edək ki, Müzəffər Ali Baş Komandan müqəddəs Şuşanı sıldırım qayalardan dırmaşaraq yüngül silahlarla küçə döyüşlərində, düşmənlə əlbəyaxa savaşda azad edib, bu şəhərdə bayrağımızı ucaltmış hərbçilərimizin, ümumilikdə 44 günlük müharibə zamanı yalnız irəli getməklə torpaqlarımızı düşməndən azad etmiş əsgər və zabitlərimizin qəhrəmanlıqlarını yüksək dəyərləndirdi. "Hərbçilərimiz ölümə gedirdilər, "öldü var, döndü yoxdur" şüarı ilə döyüşlərə gedirdilər, bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın qəhrəmanlığıdır və onu göstərir ki, elə gözəl gənc nəsil yetişdi ki, onların bir çoxları Qarabağı, Zəngəzuru heç vaxt görməmişdilər, televiziyalarda, fotoşəkillərdə, valideynlərin, böyüklərin söhbətlərində bu müqəddəs torpağa yaxınlaşırdılar. Ancaq onlar gəldilər və xalqımızın tarixi missiyasını şərəflə yerinə yetirdilər" - dedi cənab İlham Əliyev.

Azərbaycanın bu şanlı qələbəsi işğal dövründə bizim öz ərazi bütövlüyümüzü guya müharibə yolu ilə bərpa edə bilməyəcəyimiz barədə təsəvvür yaratmağa və bununla ölkəmizi hərbdən çəkindirməyə çalışan Ermənistana və onun havadarlarına da tutarlı cavab olub. Dövlətimiz uzun illər ərzində sülh prinsiplərinə hər nə qədər sadiq qalsa belə, müharibə yolunu da heç zaman istisna etməyib və artıq sülh danışıqlarının heç bir mənasının qalmadığı tam təsdiqlənəndə yumruq kimi birləşərək tarixi missiyanı ordumuzun gücü ilə yerinə yetirib.  

Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın uzun illərin problemini cəmi 44 günün içində yoluna qoymağa müvəffəq olmasına şərait yaradan başlıca amil bu müharibəyə bir neçə il davam edən hərtərəfli hazırlıqdır. Azərbaycan dövləti bu müddət ərzində öz ordusunu gücləndirərək bir çox meyarlar, o cümlədən lazımi silah və texnika ilə təchizat baxımından dünyanın ən öncül orduları sırasına yüksəldə bildi. Bundan ötrü isə ölkəmizdə ordu quruculuğuna şərait yaradan güclü iqtisadiyyat quruldu. Bu gün heç kimin yardımına ehtiyac olmadan, yalnız öz imkanları hesabına yaşayan, həyatını, gələcəyini quran Azərbaycanın öz büdcə vəsaitləri ilə Qarabağda, Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa-quruculuq tədbirləri ölkə iqtisadiyyatının nə qədər möhkəm, dayanıqlı olduğunu göstərir. Ali Baş Komandan da öz çıxışında bildirdi ki, əgər biz kimdənsə iqtisadi cəhətdən asılı olsaydıq, müharibəni uğurla başa vura bilməzdik. Müharibədən yenicə çıxmış ölkəmiz dünyada özünü göstərən iqtisadi böhrana rəğmən işğaldan azad olan yurdlarımızda bu dəfə də quruculuqla tarix yaradır, o torpaqları yenidən inkişaf axarına qovuşdurur. Bu, qələbə üstünə qələbədir. 

 Qeyd etməliyik ki, son onilliklərdə cəmiyyətimizdə yüksələn vətənpərvərlik ruhu işığında böyük və güclü nəslin yetişməsi də bizim ən böyük nailiyyətlərimizdir. Tarixi Zəfərimizdə bu amilin çox böyük rolu oldu. Ərazi bütövlüyümüz uğrunda apardığımız haqq savaşı, ölkəmizdə yaşayan bütün xalqların təmsilçilərinin bu savaşda qətiyyətlə iştirakı göstərdi ki, milli birlik, vahid hüquqi kimlik anlayışı Azərbaycanda sadəcə şüar deyil, reallıqdır. Respublikamızda yaşayan hər bir xalqın təmsilçisi bu torpaqları özünə vətən bilir və digər həmvətənlərimizlə birgə Azərbaycan uğrunda ölümə belə getməyə hər an hazırdır. Azərbaycan Prezidentinin apardığı siyasət etnik mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq bütün vətəndaşlarımızı dövlətçilik dəyərlərimiz ətrafında daha da sıx birləşdirir, yumruğa çevirir. 

Yeri gəlmişkən, qeyd edək ki, Bu gün Azərbaycan regionda formalaşdırdığı yeni reallıqlarla, gerçəkləşdirilməsinə böyük əmək sərf etdiyi qlobal layihələrlə bölgədə inkişaf üçün böyük fürsətlər yaradır. Hazırda Avropa qitəsinin enerji təhlükəsizliyinin əsas təminatçısı rolunda çıxış edən ölkəmizin təşəbbüsü ilə icra edilən layihələr həm Azərbaycana, həm də tərəfdaşlarımıza böyük faydalar gətirir. Bütün bunlar dövlətimizin beynəlxalq nüfuzunu daha da yüksəldir, eyni zamanda ölkəmizə böyük maliyyə imkanları yaradır. Bu imkanlardan faydalanaraq Azərbaycan dövləti ordu quruculuğuna, sərhədlərimizin müdafiəsinə xüsusi diqqət ayırır. Ermənistanda ara-sıra baş qaldırmaq istəyən, müharibənin nəticələri ilə barışmaq fikrində olmayan revanşist əhvallı qüvvələrin mümkün addımlarına qarşı lazımi tədbirlər görülür, eləcə də 10 noyabr 2020-ci il tarixli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə əməl etməyən Ermənistanın vaxtaşırı törətdiyi hərbi təxribatlara ordumuz qəti addımları ilə cavab verir.  Həm struktur islahatları, həm yeni birləşmələrin yaradılması və mövcud birləşmələrin sayının artırılması, həm də silah-sursatla, yeni texnika ilə təchizat baxımından Azərbaycan Ordusu son iki ildə daha da güclənib. Müzəffər Ali Baş Komandan bu reallığı Şuşadan bir daha hər kəsə bəyan etdi: "İndiki Azərbaycan Ordusu iki il bundan əvvəlki Azərbaycan Ordusundan daha güclüdür və bunu hər kəs bilməlidir, Ermənistan və hər kəs!"
 
Şuşadan erməni xalqına da müraciət edən Azərbaycan Prezidenti onlara xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməməyi tövsiyə etdi. Azərbaycanın bu torpaqlarda əsas söz, əsas güc sahibi olması həqiqətini bir daha diqqətə çatdırdı. "Bizim ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib. Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz. Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək". Azərbaycan Prezidentinin Şuşada səsləndirdiyi bu fikirlər, dövlət rəhbərimizin ədalətli sülh naminə qətiyyətli çağırışları böyük bir güc qaynağına əsaslanır. Bu güc xalqımızın sarsılmaz iradəsindən, Vətən müharibəsindəki şanlı qələbəmizdən irəli gəlir.

Ən əsası, Xalqımız bu Zəfərin yaratdığı milli qürurla, milli ruhla bu torpaqlarda böyük bir gələcək quracaq. 

Bəhmən Əmirov,
YAP Göygöl rayon təşkilatı üzrə Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024