Mobil versiya
Müstəqil Azərbaycanın Konstitusiyasının qəbulunun 27-ci ili tamam oldu.
Tarix: 14-11-2022 | Saat: 13:06
Bölmə:Seçki 2024 | çapa göndər

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbulunun 27-ci ili tamam oldu.

Məlum olduğu kimi, dünyanın bütün ölkələrində Konstitusiya əsas qanun kimi ən yüksək ali hüquqi sənəddir. Bu sənəd məxsus olduğu dövlətin təməllərinin əsas prinsiplərini, o cümlədən ölkə vətəndaşlarının hüquq və vəzifələrini təsbit edir. Konstitusiya həm də öz məzmunu ilə dövlətin siyasi quruluşunun, cəmiyyətin sosial-iqtisadi və hüquqi əsaslarının aynasıdır. 

Qeyd edək ki, bu il müstəqil Azərbaycanın Konstitusiyasının qəbulunun 27-ci ili tamam oldu. 1995-ci il noyabrın 12-də keçirilən referendumda xalqımız özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq və suveren hüququndan istifadə edərək müstəqil respublikamızın Konstitusiyasının qəbuluna səs verdi. 

Konstitusiyamızın qəbulu zamanı yuxarıda qeyd olunan məsələlərlə yanaşı, həm də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan prinsiplər əsas götürülüb. Bu da təsadüfi deyil. Çünki Konstitusiyada xalqımız və dövlətimizlə bağlı yer alan təməl prinsipləri 1991-ci ildə qəbul edilmiş Konstitusiya Aktında təsbit edilib. Eyni zamanda bu sənədin 32-ci maddəsində göstərilir ki, Konstitusiya Aktı Azərbaycanın yeni Konstitusiyasının hazırlanması üçün əsasdır. Amma 1991-1993-cü illərdə hakimiyyətdə olan siyasi qruplar müstəqil respublikamızın yeni Konstitusiyasının hazırlanması barədə, ümumiyyətlə, düşünməmişdilər…

Xüsusilə qeyd edilməlidir ki, Müstəqil respublikamızın yeni Konstitusiyasının hazırlanması yalnız Ümummilli Lider Heydər Əliyevin xalqımızın istək və arzusu ilə ölkəmizə rəhbərliyə başlamasından sonra gündəmə gəldi.  Bu məqsədlə Heydər Əliyevin rəhbərliyi ilə komissiya təşkil olunmuş və Konstitusiyanın mütərəqqi çağırışlara cavab verən mükəmməl layihəsi hazırlanmışdır. Əlbəttə ki, bu işdə Heydər Əliyevin görkəmli dövlət xadimi kimi siyasi təcrübəsi, müdrikliyi böyük rol oynamışdır. Bu mənada Heydər Əliyevin komissiyanın iclasında öz tövsiyələrini verərkən söylədiyi fikirlər Ulu Öndərin Azərbaycanın inkişafına verdiyi böyük önəmin təcəssümüdür. "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır", - deyə Ulu Öndər bildirmişdi. 

Bu fikirlər həm də onu göstərir ki, Konstitusiyanın sivil və demokratik ruhlu dəyərləri, baxışları, yanaşmaları, insan hüquqlarını, vətəndaş olaraq vəzifələrimizi təsbit edən mükəmməl məzmunda qəbul edilməsi üçün xalqımızın Ümummilli Lideri onun hər bir bölməsinə, maddəsinə, hər bir bəndinə xüsusi diqqətlə yanaşmışdır. "1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur", - deyə Prezident İlham Əliyev bildirmişdir.

Konstitusiyamızın preambulasında dövlətimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək,  vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq,  xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq,  ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək,  ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər bəyan olunub.  Konstitusiyanın qəbulundan ötən müddətin reallıqları göstərir ki, Ulu Öndər Heydər Əliyevlə başlanan, ötən 19 ildə isə cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən, dövrün tələblərindən irəli gələrək yeni keyfiyyət mərhələsinə yüksələn inkişaf siyasəti Konstitusiyamızın preambulasında yer alan niyyətlərin həyata vəsiqə almasını təmin edib.   

Konstitusiyada Azəpbaycan vətəndaşlarının bütün hüquqları ən demokratik meyarlara uyğun təsbit olunub. Lakin torpaqlarımızı işğal edən Ermənistan yüz minlərlə vətəndaşımızın doğma yurdda təhlükəsiz yaşamaq, azadlıq, mülkiyyət, mənzil toxunulmazlığı və digər konstitusion hüquqlarını pozmuşdu. Onların bu hüquqlarını pozan isə Ermənistan idi. Şəhər və kəndlərimizin işğaldan azad edilməsindən sonra qarşılaşdığımız acınacaqlı mənzərələr, evlərin daşlarına qədər sökülməsi, təbii sərvətlərimizin talan edilməsi xalqımızın hüquqlarının pozulmasının ayrı-ayrı nümunələridir. Konstitusiyada dövlətimizin əsasları və vətəndaşların bütün hüquqları təsbit olunub. Amma Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində dövlətimizin əsaslarından biri olan ərazilərimizin bütövlüyü tapdalanmış, vətəndaşlarımızın hüquqları kobud şəkildə pozulmuşdu. Lakin xalqımız ümidini itirmədi, hər zaman inandı ki, bütün bu hüquqlar bərpa olunacaq. Bu baxımdan 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi zəfərlə Azərbaycan dövlətinin və xalqımızın konstitusion hüquqları da bərpa olundu. Konstitusiyamızın 11-ci maddəsinin birinci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Vətən müharibəsindəki qələbə ilə Ana Qanunumuzun bu müddəası təmin edildi. Ərazi bütövlüyümüzün təminatçısı kimi Prezident İlham Əliyev bu konstitusion normanı qətiyyətlə reallaşdırdı.
Ana Qanunun 11-ci maddəsinin növbəti bəndində isə belə bir ifadə yer alıb ki, Azərbaycanın  daxili suları respublikamızın ərazisinin tərkib hissəsidir. Bu baxımdan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabrin 8-də Şuşada Zəfər Günü münasibətilə təşkil olunan tədbirdə çıxışı zamanı söylədiyi "Biz Bala Göyçə gölünün sahilindəyik" fikri hər birimizi qürurlandırmaqla yanaşı, eyni zamanda respublikamızın ərazisi ilə bağlı dəyişilməz konstitusion normaların qətiyyətlə yerinə yetirilməsinin, layiqincə təmin olunmasının təntənəsidir. 

Ən əsası, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinin fonunda isə Azərbaycan dövləti öz vətəndaşlarının digər konstitusion hüquqlarını qətiyyətlə bərpa edir.

Türanə Quliyeva,
YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024