Mobil versiya
Azərbaycan Özbəkistan əlaqələri yüksək səviyyədə inkişaf edir
Tarix: 13-11-2022 | Saat: 12:47
Bölmə:Siyasət / Özəl | çapa göndər

Azərbaycan Özbəkistan əlaqələri yüksək səviyyədə inkişaf edir

Cənab Prezident İlham Əliyev 11 noyabr tarixində Özbəkistanın Səmərqənddə Türk dövlətlərinin 9-cu Zirvə Görüşündə çıxış etmişdir. Prezident İlham Əliyev yeddi ayda üç dəfə Özbəkistana səfər etmişdir. Aprel ayında dövlət səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Zirvə Görüşü və noyabr ayında isə Türk Dövlətlərin Təşkilatının 9-cu Zirvə Görüşündə iştirak etmişdir. Səfərlər zamanı aparılan müzakirələr onu göstərirki, Azərbaycan-Özbəkistan əlaqələri daha da sürətli inkişaf mərhələsindədir.


İki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsirlərə gedib çıxır. İki xalqı yaxın milli adət-ənənələri, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Çünki, uzun illərdən bəri hər iki dövlət SSRİ-nin tərkibində olmuşdur. Keçən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpaqlarına pənah aparmışlar. Həmin illərdən bəri orada yaşayan soydaşlarımız Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edirlər. Hətta 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkənd şəhərinin yenidən bərpa olunmasında azərbaycanlılar fəal iştirak ediblər.
Azərbaycan-Özbəkistan arasında diplomatik əlaqələr 1995-ci ilin oktyabrın 2-də qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin mayında isə Özbəkistan Respublikasının Azərbaycanda səfirlikləri açılmışdır. Ümumiyyətlə iki tərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Hətta Özbəkistan Respublikasının prezidenti İslam Kərimov 26-27 may 1996-cı ildə ilk rəsmi səfəri xüsusi qeyd olunmuşdur. Həmin ildə iki ölkə arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi və ölkələr arasında "Dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. Səfər zamanı Özbəkistan Respublikasının Prezidenti İslam Kərimova Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim olunmuşdur. Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə bütün sahələrdə dostluq və əməkdaşlıq əlaqlərinin qurulmasıdır. Hətta 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə görüşündə belə Türk Dövlətlərinin əməkdaşlığına, inkişafına xüsusi diqqət yetirilmişdir. Türk dünyası 200 milyondan çox türkün yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Bu da böyük enerji resurslarına, iqtisadi potensiala, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olmaq demıkdir. Türk dünyası böyük bir ailədir. Ona görə də türk dövlətləri bir-birilərinin milli maraqlarını nəzərə alaraq, mədəni, iqtisadi, sosial, nəqliyyat, təhlükəsizlik, müdafiə, turizm, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlıq etməlidir. Türk dövlətlərinin sürətli inkişafı gələcəkdə qurulacaq Turan birliyinə dəlalət edir. Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Düzdür, hal-hazırda altı müstəqil türk dövləti var. Eyni zamanda Rusiya və Çinin tərkibində türk muxtar dövlətləridə var. Çin Xalq Respublikasının tərkibində olan uyğur xalqı neçə illərdi Çin dövlərinin sərt rejiminə və istismarına məruz qalıb. Hətta Cənubi Azərbaycanda yaşayan 40 milyona yaxın soydaşlarımızıda qeyd etmək olar. Çünki, türk dövlətlərindən kənarda yaşayan soydaşlarımız öz ana dilində təhsil almaları və öz muxtariyyətlərini tələb etdiklərinə görə Molla rejimi tərəfindən təqiblərə məqruz qalırlar. Bu günki, gündə də cənubda yaşayan soydaşlarımız öz mübarizələrini davam etdirirlər. Artıq Türk Dövlətləri təşkilatına üzv olan ölkələrdən kənarda yaşayan türklərin hüquqlarının təhlükəsizliyi, milli kimliyinin qorunması və onların assimilyasiyaya uğramaması kimi məsələlər təşkilatın çərçivəsində daimi diqqətdə saxlanılmalıdır. İşğaldan azad olunan ərazilərdə Özbəkistan dövləti tərəfindən məktəblər tikiləcək, Qazaxıstan dövləti tərəfindən isə yaradıcılıq mərkəzi tikilməyi planlaşdırılır. Bu da Azərbaycan-özbək və Azərbaycan-qazax xalqlarının dostluq və əməkdaşlığının təzahürüdür.

Pərvanə Abbasova
Bakı Slavyan Universiteti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə