Mobil versiya
Eltun Süleymanov: “Sülh müqaviləsi Azərbaycanın irəli sürdüyü ədalətli şərtlər əsasında imzalanmalıdır”
Tarix: 10-11-2022 | Saat: 18:21
Bölmə:Manşet / Özəl | çapa göndər

Eltun Süleymanov: “Sülh müqaviləsi Azərbaycanın irəli sürdüyü ədalətli şərtlər əsasında imzalanmalıdır”

“Ölkə Prezidenti cənab İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyevlə birgə iştirakı Azərbaycanın 2020-ci ilin 27 sentyabr tarixində qədəm qoyduğu möhtəşəm Zəfər yürüşünün bu gün də böyük vüsətlə davam etməsinin bir göstəricisidir. İki il bundan əvvəl alınmaz qala sayılan Şuşanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu tarix xalqımızla əbədi olacaq və gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq hər zaman fəxr edəcəklər. Zəfər Günü münasibətilə keçirilən tədbirdə çıxış edən dövlət başçımızın qeyd etdiyi kimi, Müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi. Ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir və Şuşasız bizim qələbəmiz tam ola bilməzdi. Azərbaycan xalqının igid övladları 44 gün ərzində bir gün də geri addım atmadan, Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Suqovuşanı, 300-ə yaxın kəndi, Laçının və Kəlbəcərin bir hissəsini qanlı döyüşlərdə azad edərək 2020-ci il noyabr ayının 8-də Şuşaya yaxınlaşdılar. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada dalğalandırdılar.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Müsahibimiz bildirib ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyət Azərbaycan cəmiyyətində böyük ruh düşgünlüyünə səbəb olmuşdu: “Bu gün Azərbaycanın Birinci Qarabağ savaşındakı acı məğlubiyyətinin səbəbləri artıq heç kim üçün sirr deyil. Həmin dövrdə antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər, hakimiyyət uğrunda mübarizə aparmışdılar, hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, onlar bu faciə üzərində, tökülən bu qan üzərində, milli rəzalət üzərində hakimiyyətə gəldilər və hakimiyyətdə qaldıqları bir il ərzində ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinin başlanmasına səbəb oldular. Torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt olunduğu bir vaxtda o dövrkü iqtidar talançılıq, soyğunçuluqla məşğul idi. Əlbəttə ki, antimilli hakimiyyət müharibədə qələbə qazana bilməz. İşğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların havadarlarının media resursları belə bir fikri bütün dünyaya, eyni zamanda, Azərbaycan xalqına bildirməyə çalışırdı ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz. Bütün bunlar da Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin fonunda xalqımızı mənəvi cəhətdən xeyli sarsıtmış, cəmiyyətdə böyük bir ruh dügünlüyü yaratmışdı. Yalnız Ulu Öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə vəziyyət kökündən dəyişməyə başladı. Artıq 1994-cü ildə bəzi ərazilərimizin işğaldan azad edilməsi insanlrda bir ümid, sabaha bir inam hissi yaratmış oldu. Ölkəmiz tezliklə inkişaf yoluna qədəm qoydu və növbəti illərdə bugünkü Zəfərimizi təmin edəcək qlobal proseslərə start verildi.”

Daha sonra E.Süleymanov qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və uğurlu siyasət nəticəsində Azərbaycan bu gün qüdrətli bir dövlətə çevrilib: “Bu gün bütün dünyada müşahidə etdiyimiz iqtisadi tənəzzül, böhranlar, qeyri-sabitlik onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Ölkəmiz bu iki il ərzində heç bir xarici mənbədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışdır. Əlbəttə ki, bu, bütünlüklə Ölkə Prezidenti cənab İlham Əliyevin inamla yürütdüyü uğurlu siyasətin nəticəsidir. Həmçinin dövlətimizin başçısı Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə daha da möhkəmlənməsi, nüfuzunundaha da artması istiqamətində fəal və effektiv iş aparır. Artıq aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Azərbaycanın mövqeyini dəstəkləyən, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişdir. Bu, Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin idi. Həmçinin Azərbaycan bir çox ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələri yaradıb. Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, təkcə Avropa İttifaqına üzv ölkələrin doqquzu Azərbaycanla strateji tərəfdaşlıq bəyannamələri imzalayıb. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Bu beynəlxalq əlaqələr Azərbaycana imkan verdi ki, daha çox dostlar qazansın. Bununla da dövlətimiz Qarabağ həqiqətlərini, erməni işğalı ilə bağlı həqiqətləri dünya birliyinə çatdırmaq imkanı əldə etdi. Bütün bunlar ona səbəb oldu ki, 44 gün ərzində müharibə ilə bağlı ümumi beynəlxalq yanaşma müsbət oldu. Bəzi ermənipərəst ölkələr və Ermənistanla yaxın əlaqələrdə olan ölkələr bizə qarşı bəzi siyasi addımlar atmağa çalışırdılar. Lakin onların da bu cəhdləri Prezident cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi qarşısında nəticəsiz qaldı. Azərbaycan bu gün güclü və nüfuzlu bir dövlətə çevrilib. Hazırda ölkəmizin Qoşulmama Hərəkatına sədrlik etməsi də bunun bir sübutudur. Məlumdur ki, bu təşkilata 120 ölkə üzvdür və Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ikinci ən böyük siyasi təsisatıdır. Azərbaycanın bu təşkilata sədrliyinin 120 üzv ölkənin yekdil qərarı ilə təsdiqlənməsi və indi də yenidən yekdil qərarla bu sədrliyin 2023-cü ilin sonunadək uzadılması əlbəttə ki, ölkəmizin yüksək nüfuzunun daha bir göstəricisidir.”

Sonda müsahibimiz bu məqamı da vurğulayıb ki, Ermənistan II Qarabağ savaşının dərslərini unudarsa, o zaman indikindən də pis vəziyyətə düşə bilər: “Öz çıxışında ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev birmənalı olaraq vurğuladı ki, İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Son iki il ərzində baş verən hadisələr, o cümlədən bu il həyata keçirilmiş “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr erməni separatçı-revanşist qüvvələrinə dərs olmalıdır. Əgər kimsə ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə bir daha qəsd etmək niyyətinə düşərsə, onun aqibəti daha pis olacaq. Azərbaycan müharibədən sonra keçən iki il ərzində həm Qarabağı və Şərqi Zəngəzuru faktiki olaraq yenidən qurur, həm də eyni zamanda öz Ordusunu daha da gücləndirir. Ermənistan bilməlidir ki, Azərbaycanı indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, dövlət başçımızın öz siyasətidir. Azərbaycanın irəli sürdüyü şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi yalnız bu şərtlər əsasında imzalanmalıdır”, - deyə Eltun Süleymanov fikirlərini tamamlayıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024