Mobil versiya
BU GÜN MÜASİR TÜRKİYƏ CÜMHURİYYƏTİNİN QURUCUSU MUSTAFA KAMAL PAŞA ATATÜRKÜN VƏFAT ETDİYİ GÜNDÜR – ŞƏRH
Tarix: 10-11-2022 | Saat: 12:48
Bölmə:Özəl | çapa göndər

BU GÜN MÜASİR TÜRKİYƏ CÜMHURİYYƏTİNİN QURUCUSU MUSTAFA KAMAL PAŞA ATATÜRKÜN VƏFAT ETDİYİ GÜNDÜR

10 noyabr 1938-ci ildə uzun sürən xəstəlikdən sonra Türkiyə Cümhuryyətinin banisi Mustafa Kamal Atatürk İstanbulda Dolmabaxça sarayında vəfat edib. Anıtqəbir (hərfi tərcümədə "xatirə qəbir") Türkiyə Qurtuluş Savaşının öndəri, Türkiyə Respublikasının banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün mavzoleyidir.
Birinci Dünya müharibəsində Osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala cəbhəsində polkovnik, Suriya-Fələstin cəbhəsində isə İldırım Ordular qrupunun komandiri vəzifəsinə təyin edilir. Müharibənin sonunda Osmanlı imperiyasının məğlub olmasının ardınca İstiqlaliyyət müharibəsi - Türk Milli Hərəkatına liderlik və öndərlik edir. Türkiyə İstiqlaliyyət müharibəsi ərəfəsində Ankara Hökumətini qurur, Türkiyə Ordusunun baş komandanı olaraq Sakarya döyüşündəki qələbəsinə görə 19 sentyabr 1921-ci ildə "Qazi" ləqəbini alır və marşal rütbəsinə yüksəlir. Hərbi və siyasi fəaliyyəti ilə Antanta dövlətləri və onların dəstəkçiləri üzərində qələbə qazanır. Bu, tarixdə analoqu olmayan, görünməmiş bir istiqlal mücadiləsi idi və böyük türk xalqının bu qələbəsi bütün dünyanın güclü ölkələrini məcbur etdi ki, Türkiyəni bir dövlət kimi qəbul etsinlər. Bu qələbə türk xalqının yenilməz cəsarəti ilə böyük Atatürkün dühasının, məharətinin birliyi sayəsində mümkün oldu.
Müharibədən sonra Cümhuriyyət Xalq Partiyasını qurur və partiyanın ilk sədri olur. Onun təşəbbüsü ilə 1923-cü il oktyabrın 29-da Türkiyə respublika elan edildi və bununla da Türkiyə Cümhuriyyətinin əsası qoyuldu. Atatürk adı ona 1934-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə verilmişdir. 1938-ci ildən ömrünün sonuna qədər dörd hakimiyyət dövründə bu vəzifədə xidmət edərək Türkiyədə ən uzun müddətdə prezident olmuş, bir sıra islahatlar apararaq ölkəni sürətli inkişafa yüksəltmişdir. Bu gün də Türkiyə dövləti onun qoyduğu qayda-qanunlara hörmətlə yanaşır və ideyalarını həyata keçirir. Bu gün türklüyümüz yaşayırsa, deməli, Atatürk də yaşayır. Bu ideya ətrafında Türk dövlətlərinin birliyi möhkəmlənir. Türkiyə-Azərbaycan qardaşlığı, sarsılmaz birliyi xüsusi məna kəsb edir. Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir" və Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" fikirləri artıq həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bugününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilir. Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan, bir-birini hər zaman ən yüksək səviyyədə dəstəkləyən ikinci ölkə yoxdur.
Azərbaycanda Atatürk Mərkəzinin yaradılması bu istiqamətdə görülən ən mühüm işlərdən biridir. Böyük Mustafa Kamal Atatürkün xatirəsi ölkəmizdə hər zaman ehtiramla yad olunur. Atatürk şəxsiyyətinin əzəməti sadəcə Türkiyə tarixi ilə məhdudlaşmır. Atatürkün adı XX əsr dünya tarixinin yetişdirdiyi ən böyük siyasi, hərbi və dövlət xadimləri sırasında dayanır. Onun şəxsiyyəti haqqında dünyanın müxtəlif ölkələrində yüzlərlə kitab yazılıb. Atatürk yüzilliyin ən böyük hərbi və siyasi xadimlərindən biridir. Osmanlı imperiyasının xarabalıqları üzərində müasir Türkiyə Respublikasını quran Qazi Mustafa Kamal öz ağlı və cəsarəti ilə bütün dünyada yüz milyonlarla insanın dərin ehtiramını qazanmışdır. Ən məşhur siyasətçilər belə bu böyük şəxsiyyətə heyranlıqlarını gizlətməyiblər. Çörçill Atatürkün ölümünü nəinki Türkiyə xalqının, bütövlükdə Avropanın böyük itkisi adlandırmışdı. Ruzvelt isə dərin üzüntü keçirdiyini dilə gətirmişdi. BMT-nin mədəniyyət, elm və təhsil sahəsi üzrə ixtisaslaşmış təşkilatı olan UNESCO tərəfindən 1981-ci il "Atatürk ili" elan olunmuşdu. "Yurtta sulh, cihanda sulh" - deyən Mustafa Kamal Atatürkün adını daşıyan beynəlxalq sülh, barış mükafatına layiq görülənlərdən biri də ümummilli liderimiz Heydər Əliyev olmuşdur.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika institutunun əməkdaşı ,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-02-2025