Mobil versiya
Azərbaycan Ordusu bu gün istənilən işğalçıya ölümcül zərbələr vurmaq gücünə sahibdir
Tarix: 09-11-2022 | Saat: 10:58
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan Ordusu bu gün istənilən işğalçıya ölümcül zərbələr vurmaq gücünə sahibdir

44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasını nəzərdə tutan xəyanətkar planlar alt-üst oldu. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər qazanan Azərbaycan həmçinin ermənilərin bütün əsassız status iddialarını tarixin zibilliyinə atdı. 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsi Azərbaycanın tam və qəti Qələbəsi ilə başa çatdı. Noyabr ayının 8-də Şuşanı azad edən Azərbaycan Ordusu düşməni diz çökdürdü və bir gün sonra Ermənistan faktiki olaraq kapitulyasiya aktını imzaladı. Torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa olundu.

İşğalın davam etdiyi bütün bu illər ərzində nə qədər sülh danışıqları aparılsa da, beynəlxalq təşkilatların vasitəçilik fəaliyyətlərində zaman-zaman müəyyən format dəyişiklikləri müşahidə olunsa da torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. 30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi. ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdılar. Məsuliyyətli ölkə olaraq yalnız Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Bunu isə hamıdan daha əvvəl və hamıdan daha yaxşı bilən məhz Azərbaycan Prezidenti idi. Buna görə də möhtərəm dövlət başçımız bizim müharibəyə hazırlaşmalı olduğumuzu heç zaman gizlətməyib. Cənab Prezident İlham Əliyev hər zaman deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə bunu həll edəcəyik. Əlbəttə ki, bu kimi bəyanatlar verdiyinə görə Azərbaycan Prezidentinə qarşı çox güclü təzyiqlər olurdu. Xüsusən də ermənipərəst qüvvələrin çoxluq təşkil etdiyi bir sıra böyük dövlətlərin nümayəndələri dövlətimizin başçısını müharibəni təbliğ etməkdə ittiham edirdilər. Demək olar ki, bu münaqişəyə münasibət bildirən, onu müzakirə edən bütün beynəlxalq qurum və təşkilatlar dünyanı, ilk növbədə isə əlbəttə ki, bizi inandırmağa çalışırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Yalnız Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman bunun əksini deyirdi. Danışıqlar davam edən dövrdə beynəlxalq təşkilatlar Prezident İlham Əliyevə təkidlə və davamlı olaraq təklif edirdilər ki, Ermənistanla hər hansı bir formada bir protokol imzalansın. Bu təklifin mahiyyətində isə münaqişənin hərbi yolla həllini istisna etmək cəhdi dururdu. Təbii ki, dövlət başçımız buna razılıq vermədi və bundan sonra həmin qüvvələr ittiham formasında bəyan etdilər ki, Azərbaycan Prezidenti müharibəyə hazırlaşır. Lakin bu ağır məqamda da Prezident İlham Əliyev öz siyasi iradəsini ortaya qoymaqdan çəkinmədi və birmənalı olaraq bəyan etdi: “Bəli, hazırlaşıram, xalq hazırlaşır, dövlət hazırlaşır. Əgər məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik!” Nəhayət həmin gün gəlib çatdı. 2020-ci il 27 sentyabr tarixində Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutuldu. Həmçinin Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutuldu. Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Bundan sonra düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan düşmən təxribatına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Silahlı Qüvvələrimiz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması əlbəttə ki, Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin məqsədyönlü şəkildə apardığı Ordu quruculuğu siyasətinin məntiqi nəticələridir. Azərbaycan Ordusu maddi-texniki təchizatı, döyüş hazırlığı və döyüş ruhu baxımından tam üstünlüyə malikdir və bu gün istənilən işğalçıya ölümcül zərbələr vurmaq gücünə sahibdir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024