Mobil versiya
SDU-da “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirildi -Fotolar
Tarix: 20-10-2022 | Saat: 19:16
Bölmə:Təhsil | çapa göndər

SDU-da “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirildi

Aİ.Az xəbər verir ki, oktyabrın 20-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirildi.
Konfransda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov və respublikamızın bir çox ali təhsil müəssisələrinin görkəmli iqtisadçı alimləri iştirak etdilər.
Əvvəlcə rektor professor Elxan Hüseynov dəyirmi masa ətrafında qonaqları salamladı, onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verən rektor ölkə prezidenti cənab İlham Əliyevin elmin və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açdı. Bildirdi ki, bu gün ölkə başçısı cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində Sumqayıt Dövlət Universiteti ölkənin və regionun nüfuzlu elm-tədris mərkəzinə çevrilib. Müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyən müəssisələr üçün ixtisaslı kadr ehtiyacını təmin etmək məqsədini hədəf tutan Sumqayıt Dövlət Universiteti bir çox layihələrə imza ataraq əlaqələrini yüksək səviyyəyə çatdırmışdır. SDU respublikamızın və dünyanın bir çox nüfuzlu universitetləri ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq müqavilələri imzalamışdır.
Daha sonra çıxış edən qonaqlar Sumqayıt Dövlət Universitetinin təhsilimizin inkişafına verdiyi töhfələrdən danışdılar. Bildirdilər ki, ölkəmizdə və Sumqayıt şəhərində fəaliyyət göstərən müxtəlif müəssisələrin yüksək hazırlıqlı, bilikli kadrlarla təmin olunmasında SDU-nun rolu danılmazdır.
Akt zalında davam edən konfransda universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov çıxış edərək qonaqları salamladı, mövzunun aktuallığından bəhs etdi. Qeyd etdi ki, bu gün ölkəmiz dünyada nümunəvi inkişaf modelinə və milli tərəqqi yoluna malik müstəqil respublika kimi tanınır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində 2003-cü ildən başlayaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bir çox uğurlara imza atılmış, sosial-iqtisadi inkişaf yolunda mühüm nəticələr əldə edilmişdir.
Prorektor onu da qeyd etdi ki, azad olunan ərazilərin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası, burada əhalinin məşğulluğunun təmin edilməsi, istehsal, xidmət, ticarət, nəqliyyat, logistika və digər sahələrin yaradılması da diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Əminik ki, bütün bunlar ümumilikdə Azərbaycanın iqtisadi potensialının daha da güclənməsinə, ümumi daxili məhsul istehsalında ciddi artıma səbəb olacaq.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev çıxış edərək bildirdi ki, həyata keçirilən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının icrası nəticəsində iqtisadiyyatın infrastrukturu tamamilə yenidən qurulmuş və modernləşdirilmişdir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Qlobal çağırışlar şəraitində Azərbaycanın sosial-iqtisadi inkişaf perspektivləri”, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Azərbaycanda sosial-iqtisadi inkişafın yeni səviyyəyə qaldırılmasında aqrar sahənin rolu”, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov “Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyasının şəffaflıq amili”, SDU-nun Maliyyə və mühasibat uçotu kafedrasının müdiri Loğman Abdullayev “Azərbaycan Respublikasında kredit münasibətlərinin inkişafında zəmanət mexanizminin rolu” mövzularında məruzə etdilər.
Çıxış edən məruzəçilər vurğuladılar ki, Azərbaycan iqtisadiyyatda dayanıqlı inkişaf modelini tərənnüm edən ölkələr sırasındadır. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.
Konfransın sonrakı işi haqqında məsul katib Biznesin təşkili və menecment kafedrasının müdiri Qalib Hüseynov məlumat verdi. Bildirdi ki, konfransın Təşkilat komitəsinə respublikamızın 33 elm və ali təhsil müəssisəsindən 165 məruzə və tezis daxil olmuşdur. Onlardan 149 məruzə və tezis Proqram komitəsi tərəfindən seçilərək və antiplagiat proqramı ilə yoxlanılaraq Konfransın gündəliyinə daxil edilmişdir.
Elmi konfrans öz işini 4 bölmə üzrə iki gün ərzində davam etdirəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024