Mobil versiya
Prezident İlham Əliyev Azərbaycanda təkmil siyasi sistemin qurulmasına nail olub
Tarix: 15-10-2022 | Saat: 17:22
Bölmə:Seçki 2024 | çapa göndər

Prezident İlham Əliyev Azərbaycanda təkmil siyasi sistemin qurulmasına nail olub

Ölkəmizdə 2003-cü ilin 15 oktyabr tarixində keçirilən prezident seçkilərində xalqımız öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Azərbaycan xalqı cənab İlham Əliyevi Prezident seçməklə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu bütün dünyaya nümayiş etdirdi və ölkəmizdə bu siyasətə alternativin olmadığını göstərdi. 2003-cü il oktyabr ayının 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına etdiyi müraciətində öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan edərək belə demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Ümummilli Liderimizin bu müdrik kəlamları Azərbaycanın cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticələri ilə özünün ən böyük təsdiqini tapdı. Xalqımız öz Prezidentinin ətrafında sarsılmaz birliyə gələrək 30 il davam edən işğala son qoydu, ölkənin ərazi bütövlüyünü təmin etdi. Beləliklə xalqımızın və dövlətimizin qarşısında duran ən taleyüklü məsələ öz həllini tapmış oldu.
2003-cü ilin 15 oktyabrından başlayaraq Azərbaycanda dayanıqlı inkişafa nail olunması üçün ilk növbədə enerji sahəsində məqsədyönlü addımlar atılmağa başlandı. 1994-cü ildə Ulu Öndərin təşəbbüsü və gərgin səyləri nəticəsində imzalanmış “Əsrin müqaviləsi” ilə əsası qoyulan möhtəşəm neft strategiyasının ölkəmizə enerji sahəsində qazandırdığı uğurları davam etdirmək məqsədilə Azərbaycan 2014-cü ildə TANAP və 2016-cı ildə TAP qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da ölkəmiz Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Bu layihə qısa müddətdən sonra Azərbaycana Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamağa imkan yaratdı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rola sahib olduğunu bir daha təsdiqlədi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə istifadəyə verilməsi, bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə salınması, 2020-ci ilin son günündə “Cənub qaz dəhlizi” layihəsinin istifadəyə verilməsi Azərbaycanın strateji valyuta ehtiyatlarının, maliyyə imkanlarının, regional və beynəlxalq enerji təhlükəsizliyində rolunun artmasını, həmçinin iqtisadi və siyasi əlaqələrinin genişlənməsini şərtləndirdi.
Bu gün Avropanı bürümüş enerji böhranı şəraitində Azərbaycanın qitə ölkələrinin enerji təhlükəsizliyində rolunun getdikcə artması bir daha təsdiq edir ki, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti təkcə bu günün reallıqlarına deyil, həmçinin illər sonra baş verə biləcək qlobal dəyişikliklərin mənfi təsirlərinin aradan qaldırılmasına dəqiq hesablanıb. Artıq Azərbaycan uğurla həyata keçirilən çoxşaxəli enerji siyasəti sayəsində regional və qlobal əhəmiyyətli aktora çevrilib. Ölkəmiz enerji üzrə əməkdaşlıq əlaqələrində regional və qlobal əhəmiyyətini, eləcə də özünün enerji potensialını düzgün qiymətləndirərək beynəlxalq əlaqələrini də məhz bu əsasda qurur. Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi baxımından getdikcə daha çox böyük önəm kəsb edir. Məhz bu səbəbdən də qitə ölkələri artıq gələcəyə dair qurduqları strateji planlarında Azərbaycanın mövqeyini getdikcə daha şox nəzərə almağa meyillənirlər.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycanın iqtisadi gücünün, hərbi qüdrətinin artırılmasına və nəticə olaraq torpaqlarımızın işğaldan azad edilməsinə zəmin formalaşdıran əsas amil oldu. Ordu quruculuğu strategiyasının müvəffəqiyyətlə icra olunması, müasir standartlar və yeni yanaşmalar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin artırılması, maddi-texniki təchizatının gücləndirilməsi Azərbaycanın öz milli maraqlarını, suverenliyini döyüş meydanında təmin etməsini şərtləndirdi. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Əlbəttə ki, dövlət başçımızın uzaqgörən siyasətinin əsas məqsədi ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun rəşadəti nəticəsində tarixi Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, xalqımızı dünyada mübariz, döyüşkən və qalib xalq kimi tanıtdı. Uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan məqsədyönlü addımların nəticəsi olaraq Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə Azərbaycan Prezidentinin siyasətinin ən yüksək zirvəsidir.
Cənab Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətləri xüsusi olaraq vurğulamaq lazımdır. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafının bariz təzhürləri kimi çıxış etməkdədir.

Emin Feyzizadə,
YAP Tovuz rayon təşkilatının məsul əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024