Mobil versiya
Müzəffər ali Baş Komandanla bir cəbhədə mübarizə aparmaq özü də şərəfdir
Tarix: 14-10-2022 | Saat: 12:22
Bölmə:Seçki 2024 | çapa göndər

Müzəffər ali Baş Komandanla bir cəbhədə  mübarizə aparmaq özü də şərəfdir

“Mənim sözüm imzam qədər qüvvətlidir”. Bu fikrin müəllifi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Qətiyyəti, uzaqgörənliyi, verdiyi vədə sadiqliyi ilə bir çox liderlərdən fərqlənən, müdrik İlham Əliyev. Hələ 20 il bundan əvvəl oktyabr günlərində, ölkədə siyasi gündəmin qaynar dövründə Ulu Öndər Azərbaycan xalqına müraciət edərək onun haqqında deyirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
15 oktyabr 2003-cü ilin tarixində keçirilmiş prezident seçkilərində xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxunun səsini qazanan İlham Əliyev Azərbaycanın 4-cü Prezidenti seçildi. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
Prezident cənab İlham Əliyev Ulu öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını ötən 19 ildə inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülmüş, iqtisadiyyat həyata keçirilən çox şaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Başqa sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik olan dövlət başçısı keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Nəticədə respublikada milli ideya səviyyəli məqsəd kimi nəzərdə keçirilən daha bir məsələ də müsbət həllini tapmış, Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosiomədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Şübhəsiz, keçid dövrünün müddəti hər bir dövlətin özünəməxsus inkişaf xüsusiyyəti, təbii resursları ilə şərtlənir. Keçid iqtisadiyyatı yaşayan ölkələr üçün mövcud olan ümumi qanunauyğunluq müxtəlif şəraitlərdə fərqli formalarda özünü göstərir. Bununla belə, iqtisadiyyatın dövlət inhisarından çıxarılması və özəlləşdirilməsi, bu əsasda sahibkarlığın, rəqabət mühitinin inkişaf etdirilməsi, qiymətlərin liberallaşdırılması, bazar infrastrukturlarının formalaşdırılması, əhalinin güclü sosial müdafiəsi sisteminin təşkili, fəal investisiya siyasətinin aparılması keçid dövrünü başa vuran ölkələr üçün ümumi cəhətlərdir.
İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.
Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir.
Demokratiyanın mühüm göstəricilərindən biri də hökumətin ictimai rəyə münasibəti əsasında müəyyənləşir. İctimai rəy dövlətin işinə nəzarət funksiyasını yerinə yetirməklə, müsbət və mənfi meyillərə obyektiv qiymət verən, hökuməti mövcud problemlərin həllinə doğru istiqamətləndirən mühüm mexanizmdir. Ötən 19 ildə hökumətin vaxtaşırı olaraq xalqa hesabat verməsi də milli dövlətçilik tariximizdə mütərəqqi ənənəyə çevrilmiş, demokratik dəyərlərə hörmətin, ictimai rəyə həssas münasibətin ifadəsi kimi diqqəti çəkmişdir. Bu, eyni zamanda, cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin etmiş, dövlət məmurlarının xalq və prezident qarşısında məsuliyyətini artırmış, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq etmişdir. Artıq bir neçə ildir ki, bu cür hesabatlar həm də konkret dövr ərzində əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, müstəqil dövlətimizin əldə etdiyi uğurların ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması, bu problemlərin həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilmişdir.
Prezident İlham Əliyevin siyasi portretini formalaşdıran ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir.
Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.

Azərbaycan xalqı onu dünyanın mübariz xalqına çevirən, həyata keçirdiyi daxili və xarici siyasətdə uğurlara imza atan, milli həmrəyliyə, barış və sülhə səsləyən rəhbərini sevir və daim onunla çiyin-çiyinə addımlamaqdan qürur duyur. Ulu Öndərin siyasi kursuna sədaqəti ilə könüllərdə özünə ən uca taxt quran Prezidentimiz hələ neçə illər xalqının rəhbəri kimi fəaliyyət göstərəcək və yeni tarixi qələbələrə imza atacaqdır.Azərbaycan tarixinə adını qızıl hərflərlə yazan cənab Prezidentimiz xalqın ona olan sevgisindən və rəğbətindən ruhlanaraq milli məfkurə yolunda, sosial rifah dövləti yaratmaq yolunda qətiyyətlə addımlayır və bu yolda ona uğur diləmək, onunla bir cəbhədə mübarizə aparmaq özü də şərəfdir.

Kamran Qasımov,
YAP Tovuz rayon təşkilatının məsul əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024