Mobil versiya
Siyasi partiyalar tərəfindən birgə bəyanatların verilməsi Azərbaycanda yaşanan həmrəylik mühitinin təcəssümüdür
Tarix: 14-10-2022 | Saat: 12:15
Bölmə:Seçki 2024 | çapa göndər

Siyasi partiyalar tərəfindən birgə bəyanatların verilməsi Azərbaycanda yaşanan həmrəylik mühitinin təcəssümüdür

2003-cü il oktyabr ayının 15-i müstəqil Azərbaycanın tarixində fövqəladə əhəmiyyət kəsb edən gündür. Çünki məhz həmin gün Azərbaycan xalqı ölkənin bundan sonra hansı yolla gedəcəyinə dair qəti qərar verməli idi. Bu qərardan asılı olaraq ya ölkədə Heydər Əliyev siyasəti davam edəcəkdi, ya da Azərbaycan yenidən təhlükə və fəlakətlərlə üz-üzə qalacaqdı. Lakin Azərbaycan xalqı həmişə olduğu kimi, müdrikliyini göstərərək öz düzgün qərar qəbul etdi. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu Ulu Öndərin siyasi varisi və layiqli davamçısı cənab İlham Əliyevi Ölkə Prezidenti seçməklə, öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

Xalqımızın 2003-cü ildə ən doğru seçim etdiyini isə, həmin vaxtdan ötən dövrün hər günü və bugünkü möhtəşəm reallıqlar təsdiq edir. Həmin ildən bu günə qədər Azərbaycanda sürətli inkişaf dövrü yaşanır, Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Bu illər ərzində Azərbaycan bütün sahələrdə çox böyük uğurlara imza atıb. Beynəlxalq əlaqələr genişlənib, Azərbaycan dünya miqyasında böyük rəğbətə və nüfuza, əlverişli və getdikcə daha da möhkəmlənən mövqelərə malik olan bir ölkəyə çevrilib. Azərbaycanın ikitərəfli əlaqələri getdikcə inkişaf edir, dünyada dostlarımızın sayı getdikcə artır. Bu gün üzv olduğu bütün təşkilatlarda Azərbaycanın sözünün böyük çəkisi var.

Təbii ki, bu nailiyyətlər bir tərəfdən lider-xalq birliyi, xalqın öz qətiyyətli, milli maraqlara, müasir çağırışlara adekvat siyasət həyata keçirən, dövlətin strateji mənafelərini üstün tutan Prezidentini birmənalı və qəti olaraq dəstəkləməsi və digər tərəfdən də Ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, şəxsi nüfuzu sayəsində və yürütdüyü praqmatik siyasəti nəticəsində əldə olunmuşdur. Məhz bu siyasətin nəticəsi olaraq bu gün Azərbaycan mühüm beynəlxalq layihələrin ən etibarlı və əsas iştirakçılarından birinə, bir çox hallarda isə həm də təşəbbüskarına çevrilib.

Cənab İlham Əliyevin Prezidentliyinin ilk ilindən etibarən ölkəmizdə dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı.

Ölkə Prezidenti cənab İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən bu gün Azərbaycanda müşahidə olunan demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə edilmiş yüksək nailiyyətlər xüsusi olaraq vurğulanmalıdır. Dövlət başçımızın təşəbbüsləri ilə demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi bu gün Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə demokratik cəmiyyətin davamlı inkişafından xəbər verir.

Azərbaycanda siyasi plüralizmin inkişafına dövlət tərəfindən daim xüsusi dəstək göstərilir. Qərargahı olmayan 25 siyasi partiya üçün müvafiq yerlər ayrılması, habelə vaxtı ötürülmüş qurultaylarının keçirilməsi üçün şəraitin yaradılması da bu istiqamətdə atılan əhəmiyyətli addımlardandır. Ötən müddət ərzində 32 siyasi partiya qurultaylarını keçirmiş və nəticələri dövlət qeydiyyatına alınmaqla bu partiyaların fəaliyyətində legitimlik təmin edilmişdir. Həmçinin uzun fasilədən sonra 11 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması təmin edilmişdir. Siyasi partiyaların fəaliyyətinin stimullaşdırılması istiqamətində görülmüş işlər kontekstində müxtəlif media qurumları ilə əməkdaşlıq əlaqələrinin yaradılması da mühüm əhəmiyyət kəsb edir.

Ölkənin həyatında baş vermiş mühüm hadisələr ilə bağlı siyasi partiyalar tərəfindən birgə bəyanatların verilməsi və işğaldan azad olunmuş ərazilərə iqtidar-müxalifət partiyalarının birgə səfərlərinin təşkili Azərbaycanda yaşanan həmrəylik mühitinin təcəssümüdür. Birgə bəyanatların verilməsi təcrübəsi milli həmrəyliyə, habelə sağlam əməkdaşlıq ənənələrinin zənginləşməsinə xidmət edir.

Qeyd olunmalıdır ki, görülmüş işlər və aparılan islahatlar sayəsində bu gün Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir. 760 mindən artıq üzvü olan partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir.

2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumunun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradılmışdır. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi fəaliyyət istiqamətlərinə baxsaq, “Yumşaq güc” amilinin təcrübədə effektivliyinə bir daha əmin ola bilərik. Birinci vitse-prezidentlik institutunun təsis olunması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm addım oldu.

Əlbəttə ki, Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Qələbə xalqımızın çoxəsrlik şanlı tarixinin ən böyük və ən şərəfli hadisəsidir. Məlumdur ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsi istiqamətində ilk mühüm addımlar Ümummilli Lider Heydər Əliyev tərəfindən atılmışdır. Ulu Öndər müstəqil Azərbaycan dövlətinin başçısı kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Qarabağın xalqımıza məxsus olduğunu bəyan etmiş, bu münaqişənin ilk növbədə sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasına tərəfdar olduğunu, əks halda isə müharibə yolunun da mümkünlüyünü vurğulamışdır. Həmçinin Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi müstəqil dövlətin milli ordu quruculuğunun əsaslarını yaratmış və silahlı qüvvələrimizin peşəkar kadrlarla, yeni nəsil mütəxəssislərlə, müasir texnika ilə təchiz edilməsi istiqamətində əhəmiyyətli addımlar atmışdır. Bütün bunlarla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi tarixi missiyansını məhz Ali Baş Komandan cənab İlham Əliyev həyata keçirdi. Məhz 2003-2020-ci illər ərzində Azərbaycanda ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində davamlı olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət tarixi Qələbəyə aparan yolun ən mühüm amilidir.

Ceyhun Cahangirov,
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına
tam orta məktəbin direktoru,
YAP Goranboy rayon təşkilatının fəalı
.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024