Mobil versiya
Eltun Süleymanov: “İşğaldan azad edilmiş ərazilər yaxın gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvəyə çevriləcəklər”
Tarix: 07-10-2022 | Saat: 18:27
Bölmə:Siyasət | çapa göndər

Eltun Süleymanov: “İşğaldan azad edilmiş ərazilər yaxın gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvəyə çevriləcəklər”

“Bu gün Azərbaycanda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtmasını təmin etmək üçün bütün imkanlar səfərbər olunub. Bu məqsədlə işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı infrastruktur layihələr icra olunur. Oktyabr ayının 5-də Ağdamda təşkil olunmuş və 40-dan artıq xarici ölkəni təmsil edən iştirakçıların da qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev görülən işlərin miqyası və dinamikası barədə ətraflı açıqlamalar təqdim etdi. O cümlədən qeyd olundu ki, Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Cari ayda Zəngilan Beynəlxalq Hava Limanını açılması və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanacaq. Bu ərazilər nəinki təkcə işğal illərində Azərbaycanın müxtəlif bölgələrində yaşamaq məcburiyyətində qalan insanları bir araya gətirəcək, eyni zamanda, gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaqdır.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Müsahibimiz bildirib ki, Prezident İlham Əliyev Ermənistan hökumətinin indi də Azərbaycana qarşı terror siyasətini davam etdirdiyini diqqət mərkəzinə çəkərək, dünya ictimaiyyətini belə halların qarşısını almaq yönümündə daha fəal olmağa çağırıb: “Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb. 30 il ərzində bütün binaların daşları bir-bir sökülüb, oğurlanıb və satılıb. Eyni aqibəti digər şəhər və kəndlərimiz də yaşayıblar. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Öz çıxışında cənab Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd etdi ki, bu şəhərlərdə dağıdılmamış binaların saxlanılmasının səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu isə, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur. Ermənilər işğal dövründə bizim torpaqlarımızda 1 milyondan çox mina basdırıblar. Müharibə başa çatandan sonra keçən dövr ərzində təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu rəqəm hər həftə artır. Bu isə o deməkdir ki, Azərbaycana və azərbaycanlılara qarşı Ermənistanın terror siyasəti hələ də davam edir.”

Həmçinin E.Süleymanov qeyd edib ki, 30 il ərzində davam edən bütün bu cinayətlər beynəlxalq təşkilatların gözü önündə baş verib: “Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. İşğalçılıq siyasəti yürütməklə Ermənistanın əsas hədəfi de-fakto vəziyyəti yerində dəyişmək və bununla Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi. Məhz buna görə danışıqlar heç bir nəticə olmadan 28 il davam etdi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə və Ermənistana sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərə baxmayaraq rəsmi İrəvan öz işğalçı siyasətindən əl çəkmədi. ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olsalar da Ermənistanı qınamayıblar. Lakin bütün bunlara baxmayaraq Azərbaycan yenə də sülh çağırışları səsləndirməkdədir və Ermənistana sülh təklif edir. Azərbaycan sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini irəli sürdü: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması. Demək lazımdır ki, hazırda sülh prosesi ilə bağlı müəyyən nikbinlik var. Bu yaxınlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü, xüsusilə də sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı ilk belə görüş keçirilib. Ümid edək ki, bu dəfə Ermənistan Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını düzgün qiymətləndirəcək və bu qiymətləndirməyə uyğun adekvat addımlar atacaq”, - deyə Eltun Süleymanov öz fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024