Mobil versiya
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil xarici siyasət yürüdən, nüfuzlu və güclü bir ölkəyə çevrilmişdir
Tarix: 07-09-2022 | Saat: 09:27
Bölmə:Seçki 2024 | çapa göndər

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil xarici siyasət yürüdən, nüfuzlu və güclü bir ölkəyə çevrilmişdir

Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi məsələsində rolu getdikcə artmaqdadır. Avropanın aparıcı ölkələri gələcəyə dair qurduqları strateji planlarına Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərini getdikcə daha çox daxil etməyə üstünlük verirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-dən sentyabrın 2-dək davam edən Romaya işgüzar səfəri də bunu bir daha təsdiq etdi. Məlumdur ki, İtaliya Avropanın Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan bu ölkədir və Azərbaycanın İtaliya ilə sıx dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan Prezidentinin İtaliyaya bu səfəri çərçivəsində enerji, iqtisadiyyat, elm və təhsil kimi strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması isə ölkələrimiz arasında əməkdaşlığın yeni bir səhifəsini açmış oldu.

Ölkə Prezidenti cənab İlham Əliyevin İtaliyaya rəsmi səfər çərçivəsində sentyabrın 2-də Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci beynəlxalq Çernobbio Forumuna dəvət olunması və bu mötəbər tədbirdə iştirakı özü-özlüyündə xüsusi əhəmiyyət kəsb edən bir hadisədir. İlk növbədə nəzərə almaq lazımdır ki, Mərkəzi Avropada, eləcə də bu məkanın hüdudlarından kənarda əhatəli tərəfdaşlıq şəbəkəsinə malik olan “The European House – Ambrosetti” beyin mərkəzi 1965-ci ildən fəaliyyət göstərir və və hazırda İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində 1 nömrəli beyin mərkəzi hesab olunur. Həmçinin bu təsisat Avropada ilk onluqda qərarlaşmaqla İtaliya və Avropa şirkətləri üçün əhəmiyyətli olan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif beynəlxalq tədbirlər təşkil edir. Bununla da “The European House – Ambrosetti” ilk növbədə İtaliya şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviqinə böyük töhfələr verir. Eyni zamanda da bu beyin mərkəzi təqdim etdiyi yüksək səviyyəli beynəlxalq müzakirə platformalarında ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirməklə Avropa İttifaqı üçün əlverişli potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə xidmət edir.

Aydındır ki, alternativ enerji təchizatçıları axtarışında olan Avropa İttifaqı ilk növbədə zəngin enerji ehtuyatlarına, təbii resurslara malik ölkələrə diqqətini yönəldir. Lakin sadəcə zəngin ehtiyatlara sahib olmaq hələ etibarlı təchizatçı, etibarlı tərəfdaş qismində çıxış edə bilmək anlamına gəlmir. Strateji tərəfdaşlıq bir çox vacib amillərin təmin olunmasını tələb edir. Təbii ki, Avropa ölkələri əməkdaşlıq edəcəkləri ölkələrin coğrafi yerləşməsindən tutmuş, həmin ölkələrin əhatəsində mövcud olduqları qonşu dövlətlərlə münasibətlərinə, ölkədaxili ictimai-siyasi sabitliyin davamlılığına və bir çox digər göstəricilərə qədər ən müxtəlif istiqamətlərdə əsaslı təhlillər və qiymətləndirmələr aparırlar. Təbii ki, konkret ölkəyə rəhbərlik edən dövlət başçısının həm öz ölkəsində, həm də beynəlxalq arenada nüfuzu xüsusi önəm kəsb edir. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 19 il ərzində Azərbaycanı stabil ictimai-siyasi daxili mühitə, dinamik inkişaf edən iqtisadiyyata sahib olan, tam müstəqil xarici siyasət yürüdən, güclü, eyni zamanda da üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri hər zaman yerinə yetirən məsuliyyətli bir ölkəyə çevirməyə nail olmuşdur. Bütün bunlar əlbəttə ki, dünya dövlətlərinin diqqətindən kənarda qalmır. Bu gün isə Azərbaycan Prezidentinin fəaliyyəti hər zaman olduğundan daha artıq diqqətlə izlənilir, təhlil edilir.

Forumda çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi, hər bir müstəqil ölkə kimi, Azərbaycan üçün də xarici amillərdən müdafiə olunmaq əsas məsələlərdəndir. Keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd edən Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşan siyasət yürüdərək, artıq sabit siyasi və iqtisadi mövqeyə yiyələnib ki, bu da xarici ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq münasibətləri qurmaq imkanı verir.

Çernobbio Forumunda əsas müzakirə edilən mövzu enerji təhlükəsizliyi siyasəti olsa da, əməkdaşlığın bir çox digər sahələri, xüsusən də təhsil sahəsində tərəfdaşlıq perspektivləri xüsusi qeyd olunmuşdu. Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında bu əməkdaşlığa nümunə kimi Azərbaycanın ADA Universitetinin İtaliyanın beş aparıcı universitetləri olan Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universiteti ilə tərəfdaşlıq etdiyini vurğuladı. Forumdan bir gün əvvəl Azərbaycanın Romadakı səfirliyinin binasında İtaliya-Azərbaycan Universitetinin yaradılmasına həsr edilmiş gözəl mərasim təşkil olunmuşdu. 2022-ci il sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib və bildirib ki, İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Dövlətimizin başçısı əminlik ifadə edib ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq.

Ceyhun Cahangirov,
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam
orta məktəbin direktoru, YAP Goranboy rayon təşkilatının fəalı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024