Mobil versiya
Heydər Əliyev - öz taleyini xalqına tapşıran dahi Lider
Tarix: 01-09-2022 | Saat: 12:43
Bölmə:Seçki 2024 | çapa göndər

Heydər Əliyev - öz taleyini xalqına tapşıran dahi Lider

1991-ci ilin 3 sentyabr tarixində Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə vətənpərvər insanın təkidi ilə Ali Məclisin Sədri seçildi. Bu, həqiqətən də müstəqillik yolunda ilk addımlarını atmağa başlayan Azərbaycanın tarixində ən mühüm, xalqın və dövlətin gələcək müqəddəratını həll edəcək hadisələrdən biri oldu. Bu tarixi hadisədən təxminən bir il əvvəl, 1990-cı il noyabrın 17-də isə Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi ilə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Həmin sessiyada müzakirə olunan məsələlər və qəbul edilən tarixi qərarlar, Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini qoymaqla ümumilikdə Azərbaycanın öz müstəqilliyinə və suverenliyinə qovuşması baxımından böyük əhəmiyyət kəsb etmiş oldu.

Həmin dövrdə Naxçıvan çox ağır bir vəziyyətdə idi. Müharibənin davam etdiyi, sənaye və ərzaq məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin pisləşdiyi blokada şəraitində Naxçıvan Ali Məclisin Sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində ilk növbədə Muxtar Respublikada sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Məlumdur ki, ümummilli lider Heydər Əliyev həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması məqsədilə tarixi əhəmiyyət kəsb edən misilsiz işlər görüb. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyimizi təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri danılmazdır və misilsizdir. O cümlədən, 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərindən qurmağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ümummilli lider Heydər Əliyevin gərgin səyləri nətcəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşmağa doğru istiqamət aldı. O zaman Ulu Öndər Heydər Əliyev demişdir: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etdi. 1991-ci il oktyabr ayının 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra dövlət bayrağı milli suverenliyin rəmzi kimi ölkəmizin hər bir vətəndaşı üçün müqəddəs dövlət atributlarından birinə çevrilib. Bu gün isə müqəddəs üçrəngli bayrağımız artıq Qarabağda, Laçında, Şuşada və işğaldan azad edilmiş bütün rayon və şəhərlərimizdə dalğalanır. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə bir daha Azərbaycan bayrağının şərəfini yüksəklərə qaldırdı.

Ceyhun Cahangirov,
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam
orta məktəbin direktoru, YAP Goranboy rayon təşkilatının fəalı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024