Mobil versiya
Ana dilimizin bugünkü səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
Tarix: 29-07-2022 | Saat: 10:05
Bölmə:Seçki 2024 | çapa göndər

Ana dilimizin bugünkü səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.

Məlum olduğu kimi, hər bir millətin dili onun üçün çox əziz olduğu qədər Azərbaycan dili də bizim üçün əzizdir. Uzun illər ana dilimiz həyatımızda müstəqil yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir soydaşımız ana dilimizin qorunub saxlanılmasında əlindən gələni əsirgəməmişdir. Xüsusilə, yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər.

Qeyd edək ki, Ana dilimizin bugünkü səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ümummilli lider deyirdi ki, ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. Hər bir dili yaşadan və inkişaf etdirən onun xalqıdır. Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox böyükdür. Azərbaycan dilini sevən, ona böyük hörmətlə yanaşan ulu öndər doğma dilimizə münasibəti ilə hər kəsə örnək olub. Sovet İttifaqı zamanı Azərbaycana rəhbərlik edən ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə layiqli dəyər verib.

Müdrik şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti, dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq, SSRİ rəhbərliyi respublikalarda milli dillərin sıxışdırılması üçün bütün təzyiq vasitələrindən istifadə edirdi. Belə bir şəraitdə Azərbaycan dilini yaşatmaq, inkişaf etdirmək və ən əsası milli ideologiya səviyyəsinə çatdırmaq böyük cəsarət tələb edirdi.   1978-ci ildə ulu öndər Heydər Əliyev Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən birinə imza atdı. Həmin il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında məruzə ilə çıxış edən ümummilli liderin təklifi ilə Azərbaycan SSR-nin Konstitusiyasının 73-cü maddəsi aşağıdakı redaksiyada verilməsi təklif olunub. “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir”. Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il aprelin 21- də qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapıb. Ulu Öndər Azərbaycan SSRİ tərkibində olan zaman ana dilimizin dövlət dili kimi yaşaması üçün, sözün həqiqi mənasında, mübarizə aparıb. Tarixi şəxsiyyət ziyalıları, yazıçı və şairləri Azərbaycan dilinin qorunması üçün səfərbər olmağa çağırıb, dilçi alimlərimizə böyük qayğı göstərib, ədiblərimizə ana dilində yazılan kitabların saylarının artırılmasını tövsiyə edib. Bütün bunlar Azərbaycan dilinin inkişafına və qorunub saxlanılmasına xidmət edirdi. Rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən ulu öndər Heydər Əliyev bütün fəaliyyəti ilə ana dilinin yüksəlməsinə təsir göstərib.

Müstəqilliyə gedən yolda ana dilinin nüfuzunun gücləndirilməsi ulu öndər Heydər Əliyevin vaxtilə yürütdüyü siyasətin prioritetini təşkil edirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəyə yenidən rəhbərlik edən Heydər Əliyev ana dili məsələsinə müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın təcrübəsini işləyib hazırladı. 1995-ci ildə qəbul edilən Konstitusiyamızda Azərbaycan dili dövlətin rəmzlərindən biri olaraq təsbit edildi. 2001-ci ildə ümummilli liderin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Məhz ulu öndərin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında ana dilimiz bərqərar edildi, latın qrafikasına keçid prosesi başa çatdırıldı. 

Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı sərəncama əsasən, 1 avqust respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. 30 sentyabr 2002-ci ildə Heydər Əliyev tərəfindən “Azərbaycanda dövlət dili haqqında” Qanun təsdiq olundu. Bu qanunda göstərilir ki, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun təbliği, qorunması və inkişaf etdirilməsinin qayğısına qalır. Qəbul edilmiş digər fərman və sərəncamlar əsasında dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin qorunmasına, bu dilin təmiz şəkildə nəsillərə ötürülməsinə sondərəcə diqqətli yanaşıb. Ulu öndər müxtəlif ölkələrdəki diaspor nümayəndələrimizlə görüşlərində dəfələrlə vurğulayıb ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır: “Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur”.

Ən əsası, minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir. Bu gün müstəqil dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimiz uğurların əsasını təşkil edir.

Mübariz Qocayev,
YAP Göygöl rayon təşkilatı üzrə Dozular kənd ərazi partiya təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024