Mobil versiya
Azərbaycanın beynəlxalq uğurları düşünülmüş xarici siyasətin nəticəsidir
Tarix: 18-07-2022 | Saat: 13:26
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın beynəlxalq uğurları düşünülmüş xarici siyasətin nəticəsidir

Azərbaycan 2020-ci ildə tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ölkəmizin inkişaf templəri daha da sürətlənmiş, əldə olunan iqtisadi göstəricilər daha da yüksəlmişdir. Bu yüksəliş iyulun 15-də Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə təqdim olunan rəqəmlərdə də öz əksini tapmışdır. Qeyd olunduğu kimi, ötən dövr ərzində ümumi iqtisadi artım 6,2%, o cümlədən qeyri-neft sektorunda 9,6% təşkil edib. Həmçinin sənaye sahəsində ümumi məhsul istehsalı 2,1% və qeyri-neft sənaye sahəsində 11,5% artıb. Təbii ki, ölkənin iqtisadi inkişafı birbaşa öz təsirini vətəndaşların rifah yüksəlişinə göstərməyə bilməz. Belə ki, ötən dövr ərzində əhalinin gəlirləri təxminən 20% artıb ki, bu da olduqca yüksək nəticədir.

Lakin Azərbaycanın sürətli inkişafı öz əksini təkcə iqtisadi göstəricilərdə tapmayıb. Belə ki, ölkəmizin beynəlxalq müstəvidə əldə etdiyi uğurlarının getdikcə artması, mövqelərinin daha da möhkəmlənməsi və nüfuzunun durmadan yüksəlməsi də postmüharibə dövrünün vacib nailiyyətləri kimi qeyd olunmalıdır. Təsadüfi deyil ki, möhtərəm dövlət başçımız öz çıxışında əldə olunan nəticələr arasında ölkəmizin Qoşulmama Hərəkatındakı uğurlarının xüsusi olaraq vurğulanmalı olduğunu bildirdi. Məlum olduğu kimi Hərəkatın 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Həm də bu qərar Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin lehinə səs verdiyi yekdilliklə qəbul edilmişdi. Əlbəttə ki, bu da təsadüfi deyil. Məsələ bundadır ki, Azərbaycan Hərəkata üzv olduğu ilk gündən yüksək fəallığı ilə seçilib və ölkəmizin irəli sürdüyü çoxsaylı təşəbbüslərdən hər biri Qoşulmama Hərəkatının dünyada nüfuzunun yüksəlməsinə xidmət edib. Bu gün isə, artıq 120 ölkənin yenidən yekdil qərarı ilə Azərbaycanın Hərəkata sədrlik müddəti 2023-ci ilin axırına kimi uzadılıb. Əlbəttə ki, bu qərar ölkəmizə qarşı böyük hörmət və etimadın bir göstəricisidir.

Həmçinin bu gün biz görürük ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri də yüksələn dinamika ilə inkişaf edir və hazırda bu əlaqələrin daha da şaxələndirilməsi ilə bağlı geniş müzakirələr aparılır. Ölkə Prezidenti öz çıxışında bu məqama da toxunaraq qeyd etdi ki, yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı önəmli bir sənəd imzalanacaq ki, bu da tərəflər arasındakı əməkdaşlığı daha yüksək səviyyəyə çıxaracaq.

Artıq qeyd olunduğu kimi, Azərbaycanın irəli sürdüyü beynəlxalq təşəbbüslər hər zaman təkcə öz ölkəmizin deyil, həmçinin qonşu dövlətlərin, region ölkələrinin və xalqlarının da maraqlarına cavab verib. O cümlədən Vətən müharibəsinin nəticələri olaraq bu gün Cənubi Qafqazda formalaşmış yeni regional geosiyasi reallıqlar da bölgədə iqtisadi inkişafın sürətlənməsi üçün indiyədək görünməmiş imkanlar açmışdır. Həm də bu imkanlar istər Avrasiya məkanı, istərsə də bütün dünya ölkələri tərəfindən çox yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, artıq Cənubi Qafqazda maraqları olan bütün ölkələr və beynəlxalq təşkilatlar da Azərbaycanın müəllifi olduğu yeni reallıqları tanıyır və qəbul edirlər.

Əlbəttə ki, yaranmış yeni imkan və perspektivlərin tam şəkildə reallaşması üçün ilk növbədə regionda dayanıqlı sülh və sabitlik bərqərar olmalıdır. Bunun üçün isə məhz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması vacib şərtdir. Bu xüsusda Azərbaycanın mövqeyi artıq çoxdan bəllidir və bu mövqe qarşı tərəfə ünvanlanan sülh çağırışlarının mahiyyətində, yəni sülh müqaviləsinin imzalanmasına dair dövlətimizin irəli sürdüyü təkliflərdə öz əksini tapıb. Lakin təəssüflər olsun ki, Ermənistan hələ də bu istiqamətdə səmərəli addımlar atmağa tələsmir. 15 iyul müşavirəsində etdiyi çıxışında möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu məsələyə də toxunaraq bildirdi ki, cari ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik heç bir real nəticə yoxdur. Bu baxımdan əlbəttə ki, ən çox diqqəti cəlb edən məqam məğlub Ermənistanın hələ də 10 noyabr Bəyannaməsini imzalamaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmağa çalışmasıdır. Bu öhdəliklərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə qurulmasını, yəni Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur. Ermənistan isə hələ də bu məsələnin həllini uzadır. Dövlət başçısının dediyi kimi, bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması hələ də hazırlanmayıb. Eyni zamanda avtomobil yolunun marşrutu da verilməyib. Bütün bunların əvəzində isə, son vaxtlar Ermənistan tərəfindən yenə də hansısa status haqqında fikirlər səsləndirilməyə başlanıb. Təbii ki, bütün bunlar narahatlıq doğuran faktlardır və sözün əsl mənasında regional sülhə təhdid kimi qiymətləndirilməlidir.
Lakin Ermənistan rəhbərliyi unutmamalıdır ki, sülhə qarşı təhdidlər ilk nöbədə bu ölkənin özü üçün ən böyük təhlükə ola bilər. Azərbaycan qalib ölkədir və bu statusdan irəli gələn heç bir imtiyazını əldən vermək fikrində deyil.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024