Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycanda milli-mənəvi, dini dəyərlərimizə qayğı birbaşa siyasi varislik xarakteri daşıyır”
Tarix: 08-07-2022 | Saat: 09:10
Bölmə:Manşet / Siyasət | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycanda milli-mənəvi, dini dəyərlərimizə qayğı birbaşa siyasi varislik xarakteri daşıyır”

“Bu günlərdə bütün müsəlman dünası kimi, Azərbaycan xalqı da müqəddəs dinimizin ən möhtəşəm bayramlardan biri olan Qurban bayramını qeyd edir. İslamın beş vacib əməlindən biri olan Həcc ziyarətinin bir hissəsi kimi, qurban kəsmək ayini müsəlman (Hicri-qəməri) təqvimində Zilhiccə ayının 10-cu günü həyata keçirilir. Qurban bayramının fəlsəfəsində duran ən vacib, ən əhəmiyyətli məqamlardan biri budur ki, qurbanlıq heyvanın kəsilməsi tələbi ilə islamdan əvvəlki dövrlərdə çox yayılmış qorxunc bir ayinə, insanların qurban verilməsinə son qoyuldu. Bununla da islam dini əsl humanizmin təcəssümü olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Təbii ki, müsəlman dünyasının ayrılmaz bir parçası olan Azərbaycanda da bu bayram hər zaman Allaha olan böyük sevgi ilə qeyd olunur. Hətta bütün dini ayinlərin ciddi qadağalar altında olduğu sovet dönəmində də xalqımız müxtəlif milli-məişət ənənələri pərdəsi altında olsa belə, Qurban bayramını mütləq şəkildə qeyd edirdi. Ümumiyyətlə Azərbaycan xalqı həm dininə, həm tarixinə, həm mədəni irsinə hər zaman hörmətlə yanaşıb və sadiq olub. O cümlədən humanizm, bərabərlik və qardaşlıq prinsiplərini təbliğ edən müqəddəs dinimizin ənənələri də Azərbaycanda bütün dövrlərdə xalqın iradəsilə yaşayıb, qorunub.” Bu sözləri Milli Məclisin deputatı Novruzəli Aslanov Qurban bayramı münasibətilə mətbuata verdiyi açıqlamasında deyib. Deputat bildirib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə Qurban bayramı ənənələri daha da möhkəmlənib: “Təbii ki, ötən əsrin sonlarında ölkəmiz özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda digər dini və milli bayramlar kimi, Qurban bayramı da daha böyük coşqu ilə və ən əsası, bütün dini eyhamlara əməl olunmaqla keçirilməyə başladı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkədə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra respublikamızda yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənələrinə, dini baxışlarına tolerant münasibətin vacib olduğunu xüsusi vurğulamış və bu məsələləri hər zaman diqqət mərkəzində saxlamışdır. Bu istiqamətdə atılan mühüm addımlardan biri də, Konstitusiyanın qəbulundan sonra ölkədə dini-mənəvi münasibətləri tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə xalqımızın milli-mənəvi irsini, dini dəyərlərimizi son dərəcə yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqımızı təbrik edirdi. Qurban bayramı münasibətilə xalqa etdiyi müraciətlərindən birində Ulu Öndər demişdi: “Qoy bütün milli və dini bayramlarımız kimi mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha sıx birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin!” Bu kimi məsələlərdə hər zaman həssas olan Ulu Öndər Qurban bayramını tez-tez məcburi köçkün soydaşlarımızla birgə keçirirdi. Allaha şükürlər olsun ki, bu gün artıq Azərbaycan öz vətəndaşlarının köçkün statusuna son qoymuşdur. 2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdıran Şanlı Ordumuz 30 ilə yaxın müddət ərzində işğal altında qalan ərazilərimizi azad etdi və bununla da həm Azərbaycanın ərazi bütövlüyü, həm də tarixi ədalət bərpa olundu”, - deyə N.Aslanov qeyd edib.
Daha sonra deputat bildirib ki, bu gün ölkəmizdə dini bayramlarla bağlı ənənələrin davamlılığı və dini-mənəvi dəyərlərimizə münasibət birbaşa siyasi varislik xarakteri daşıyır: “Danılmaz həqiqətdir ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev hər zaman tarixi-mədəni irsimizin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, o cümlədən dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulması kimi məsələləri xüsusi diqqət mərkəzində saxlayıb. İslam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs məkanların təmiri və bərpası ilə bağlı çox sayda xüsusi sərəncamların imzalaması da bunun əyani təsdiqidir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra isə, Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərində də möhtəşəm yenidənqurma işlərinə start verdi. Həmin gündən keçən müddət ərzində Ölkə Prezidenti cənab İlham Əliyev mütəmadi olaraq azad edilmiş ərazilərə səfərlər edir. Təbii ki, bu səfərlər bölgələrdə gedən quruculuq işlərinin bilavasitə dövlət başçısının şəxsi nəzarətində olduğunun göstəricisidir. Məlum olduğu kimi, işğal dövründə bizim torpaqlarda olmazın vəhşiliklər törətmiş erməni vandalları dini-tarixi abidələrimizi, məscidlərimizi və digər müqəddəs məkanlarımızı da soyub-talamış, dağıtmış və təhqirə məruz qoymuşdular. Prezident İlham Əliyevin azad edilmiş rayon və bölgələrə etdiyi səfərlərin xarakterik cəhətlərindən biri də budur ki, həmin ərazilərdə dövlətimizin başçısı ilk növbədə məhz məscidləri, müqəddəs dini məkanları ziyarət edir. Həmçinin azad edilmiş ərazilərdə ilk növbədə bərpa olunmasına dair göstəriş verilən obyektlər yenə də məscidlərimiz olur. Bu da bir daha onu göstərir ki, Azərbaycanda xalqın milli-mədəni irsinə, dini-mənəvi dəyərlərimizə münasibət birbaşa siyasi varislik xarakteri daşıyır və bu ali missiyanı Prezident İlham Əliyev ən yüksək səviyyədə həyata keçirir. Qurban bayramının hər il Azərbaycanda dövlət səviyyəsində qeyd olunması və Ölkə Prezidentinin xalqı bu müqəddəs bayram münasibətilə təbrik etməsi də dövlət başçısının milli-mənəvi dəyərlərimzə göstərdiyi diqqət və qayğının ən parlaq təzahürüdür”, - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə