AZ RU Mobil versiya
Ordumuz torpaqlarımızı qorumağa hər zaman hazırdır
Tarix: 28-06-2022 | Saat: 14:24
Bölmə:Cəmiyyət | çapa göndər

Ordumuz torpaqlarımızı qorumağa hər zaman hazırdır

Azərbaycan xalqının bu günə öz ərazisi, dövləti, dili və mədəniyyəti ilə gəlib çıxması tarixi xoşbəxtlik kimi babalarımızın yurd sevgisindən, torpağı qoruyub saxlamasından güc almış, bu özül üzərində milli varlığımız həmişəyaşarlıq qazanmışdır. Bu müqəddəs dəyərlər istiqlal məfkurəsinə çevrilərək 104 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətini ərsəyə gətirəndə milli hökumətin ilk önəmli tədbirlərindən biri ərazilərimizi və milli varlığımızı qorumaq üçün müstəqil dövlətin xalq ordusunun yaradılması olmuşdur. Ordu gücdür, qüdrətdir, qürurdur, xalqın ümid və güvənc yeri, dövlətin isə əsas atributlarından biridir.

1918-ci il mayın 28-də qəbul edilmiş "İstiqlal Bəyannaməsi"ndə qeyd edilmişdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu qərar Şərqin ilk demokratik dövlətinin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Ancaq yaradılan ordu nə müstəqilliyi, nə də özünü qoruya bildi. İşğalçı bolşevik ordusu 1920-ci ildə Azərbaycanı ilhaq etdikdən sonra Milli Ordu da, Müdafiə Nazirliyi də ləğv edildi. 

1990-cı illərdə dünyada baş verən siyasi kataklizmlər, SSRİ-də gedən proseslər, Qarabağda ermənilərin başladığı separatçı hərəkat, silahsız əhaliyə qarşı edilən vandalizm bizi Milli Ordu yaratmağa məcbur edirdi. Beləliklə, 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Təəssüf ki, işlər arzu olunan kimi getmədi. Ölkə qaynar qazana bənzəyirdi. Respublikada xaos, özbaşınalıq, hakimiyyətsizlik hökm sürürdü. Vətənin, torpaqların müdafiəsi naminə Silahlı Qüvvələrdə xidmət etmək istəyən vətənpərvər oğullarımız isə istəmədikləri halda bir qrup hakimiyyət davası edən siyasətbazın əsirinə çevrildi, siyasi oyunların oyunçuları oldular. Hər gün torpaqlarımızın itirilməsi haqqında xəbərlər eşitmək, məğlubiyyət acısı almaq ümidlərimizi itirirdi. İş o yerə gəlib çatmışdı ki, dövlət yox olmaq təhlükəsi ilə üz-üzə qalmış, Azərbaycan isə bir neçə yerə parçalanmaq həddinə çatmışdı.

Yeri gəlmişkən, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev fəaliyyətə ordu quruculuğu ilə başladı. Qısa bir zamanda müəyyən siyasi qüvvələrin nəzarətində olan hərbi birləşmələr ləğv edilərək vahid komandanlıq altında birləşdirildi. Ulu Öndər zəngin dövlətçilik təcrübəsi, qətiyyətli və ardıcıl siyasəti ilə çox mürəkkəb şəraitdə ordu quruculuğuna yeni məzmun verdi və ölkədə müasir ordunun formalaşdırılmasının əsasını qoydu. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan az sonra Azərbaycan Ordusu Füzuli istiqamətində hücuma keçərək düşmənə ilk məğlubiyyət acısını yaşatdı, onu sülh danışıqlarına məcbur etdi. Müvəqqəti atəşkəs haqqında saziş imzalandı. Ulu Öndər qeyd edirdi ki, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Ümummilli Liderin 22 may 1998-ci il tarixli fərmanına əsasən, 1918-ci il 26 İyun - Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildi. Bu tarix hər il rəsmi dövlət bayramı kimi qeyd edilir. 1998-ci ildə Milli Ordunun yaranmasının 80 illiyi münasibətilə keçirilən tədbirdə ölkədə mükəmməl bir ordunun yarandığını Azərbaycan dövlətinin uğuru kimi qeyd edən Ulu Öndər demişdir: "Azərbaycanın dövlət müstəqilliyinin ən dəyərli nəticələrindən biri Azərbaycanın Milli Ordusunun yaranması, təşkil olunması və onun müasir tələblərə uyğun hazırlanmasıdır. Hər bir dövlət öz dövlətçiliyini qüdrətli etmək istəyirsə, onun güclü ordusu olmalıdır. Biz bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, tarixi nöqteyi-nəzərdən çox qısa zamanda Azərbaycanda güclü Milli Ordu yaranıbdır".
 
Əslində isə, ölkəmizdə ordu quruculuğunun təməli Ümummilli Lider Heydər Əliyevin birinci hakimiyyəti illərində qoyulmuşdur. Fəhmi ilə hadisələri qabaqlamağı bacaran, tədbirli xüsusiyyəti ilə seçilən xalqımızın dahi oğlu 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin təşkil olunmasına, həmçinin daha çox azərbaycanlı gəncin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə qəbul edilməsinə nail olmaqla bugünkü müstəqil dövlətimiz üçün peşəkar zabit kadrlarının hazırlanması işinin əsasını qoymuşdu. Nəticədə keçən əsrin 70-ci illərinin sonlarında ittifaqın onlarla ali hərbi məktəblərinə ildə Azərbaycandan yüzlərlə gənc göndərilirdi. SSRİ-nin müxtəlif hərbi hissələrində qulluq edən soydaşlarımız sonradan yaranan Azərbaycan Ordusunun təşkilatçıları, onun sıralarında şərəflə qulluq edən zabitləri oldular.

Hakimiyyətə gəldiyi gündən Heydər Əliyev siyasi kursunu davam etdirəcəyini bəyan edən Prezident İlham Əliyev ordu quruculuğu sahəsində də bu ənənəni layiqincə davam etdirdi. Yeni zabit kadrların hazırlanmasına, təchizat və təminat işlərinə diqqət artırıldı. Qoşun növlərində yenidən komplektləşdirmələr aparılaraq əsgər və zabitlərin döyüş hazırlıqlarını daha da təkmilləşdirmək məqsədilə hərbi təlimlərə xüsusi önəm verildi. Əsgərlərimiz dost, qardaş ölkələrin orduları ilə birgə təlimlərə cəlb edildi. Ordumuzun yeni, modern silahlarla təchizatı gücləndirildi, dəmir nizam-intizam yaradıldı. Ordumuz dünyada sülhyaratma missiyasını yerinə yetirməyə qadir bir vəziyyətə gətirilərək sülhün və təhlükəsizliyin təminatçısı kimi töhfəsini verməyə başladı. Azərbaycan sülhməramlıları dünyanın bir sıra dövlətlərində, münaqişə ocaqlarında ölkəmizin adını şərəflə təmsil etdilər. Nəhayət, 2020-ci il sentyabrın 27-də düşmənin torpaqlarımıza xaincəsinə hücumunun qarşısı qətiyyətlə alınaraq 30 ilə yaxın bir dövrdə işğal altında qalan torpaqlarımız azad edildi. Ordumuz düşməni sarsıdıcı zərbələrlə məğlubiyyətə uğratdı. Bu gün ordumuzun gücü ilə öyünməkdə haqlıyıq. Artıq Azərbaycan regionun təkcə iqtisadi, siyasi cəhətdən yox, həm də hərbi qüdrətinə görə lider dövlətidir. Ordumuz dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Silahlı Qüvvələrimiz vətənimizi və dövlətimizi bütün təhlükələrdən qorumaq gücünə qadirdir. Bugünkü qalib ordunu Müzəffər Ali Baş Komandan İlham Əliyev qurub. Bu ordunu qələbəyə onun qətiyyəti, uzaqgörən siyasəti və əzmi apardı. Qazanılan qələbədə, əldə olunan uğurda Ali Baş Komandanın inamlı davranışı, xalqdan aldığı güc və sərkərdəlik qabiliyyətinin rolu misilsizdir.

44 günlük Vətən müharibəsində əldə olunan böyük qələbədən sonra ölkəmizdə ordu quruculuğunun yeni mərhələsinə start verilib. Yeni istehkam bölükləri, Türkiyədə xüsusi təlim keçmiş Komando hərbi hissəsi işğaldan azad olunmuş ərazilərdə şərəflə xidmət edib vətənimizin təhlükəsizliyinin keşiyində ləyaqətlə dururlar. Hadrutda yeni yaradılmış Komando hərbi hissələrinin açılışında iştirak edən Müzəffər Ali Baş Komandan ölkədə ordu quruculuğu sahəsində görülən işlər haqqında danışarkən demişdir: "...Bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə artırmışıq. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Biz bunu heç vaxt gizlətmirdik və işğal dövründə hərbi paradlarda dəfələrlə nümayiş etdirmişdik".

26 iyun 2022-ci il tarixdə Kəlbəcərdə Komando hərbi hissəsinin aşılısı zamanı söylədiyi dəyərli fikirlər onu deməyə əsas verir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin nəzərdə tutduğu bütün işlər uğurla yerinə yetiriləcəkdir. “Dəmir Yumruq” yerindədir və torpaqlarımıza göz dikənlərin başını əzməyə hər zaman hazırdır.

Vüqar Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə İcra
Hakimiyyəti ərazi partiya təşkilatının fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi

7307 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-08-2022