Mobil versiya
Milli Müdafiə Universitetinin yaradılması ilə ali hərbi təhsilli kadrların hazırlanması işi daha yüksək səviyyəyə keçid etmiş oldu
Tarix: 24-06-2022 | Saat: 12:14
Bölmə:Seçki 2024 | çapa göndər

Milli Müdafiə Universitetinin yaradılması ilə ali hərbi təhsilli kadrların hazırlanması işi daha yüksək səviyyəyə keçid etmiş oldu

Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer alması əlbəttə ki, ilk növbədə son 19 il ərzində ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən islahatların effektivliyindən xəbər verir. Etiraf olunmalıdır ki, məxsusi olaraq 2003-cü ildən bəri keçən dövr ərzində Azərbaycan Ordusunun modernləşdirilməsi, döyüş qabiliyyətinin daha da yüksəldilməsi, maddi-texniki bazanın əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, eləcə də hərbçilərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Azərbaycan Ordusunun maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsi istiqamətində davamlı olaraq məqsədyönlü addımlar atılır və bütün bunlar ölkəmizdə həyata keçirilən ordu quruculuğu siyasətinin əsas istiqamətləridir. Ölkə Prezidenti Ordu quruculuğu ilə əlaqədar öz çıxışlarının birində belə demişdir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.”

Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində 2003-cü ildən bəri son dərəcə uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman deyirdi ki, mövcud münaqişənin hərbi yolla həlli mümkündür və lazım gələrsə Azərbaycan bu hüququndan istifadə edəcək. 2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrimiz erməni təxribatlarına birdəfəlik son qoymaq və torpaqlarımızı işğaldan azad etmək məqsədilə hərbi əməliyyatlara başlamaq haqqında Ali Baş Komandanın əmrini aldılar. Əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində tam və qəti qələbə qazanaraq Şanlı Ordumuz tarixi nailiyyətə imza atdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman hərbçilərimizin nümayiş etdirdikləri şücaət və rəşadətin hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

Ölkəmizdə aparılan ordu quruculuğu siyasətinin tərkib hissələrindən biri də hərbiçilərimizin Vətən müharibəsinin gedişində nümayiş etdirdikləri misilsiz qəhrəmanlıqlarının əbədiləşdirilməsi işidir. Məhz bu məqsədlə Ölkə Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları, o cümlədən “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal -“Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”təsis edilmişdir ki, bu da tarixi Qələbənin əbədiləşdirməsi və iştirakçılara dövlətimiz tərəfindən ayrılan ali diqqətinin bariz təcəssümüdür.

Hazırda Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilməkdə davam edir. Cari ildə hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli Fərmanı ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda müvafiq dəyişikliklər edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazası əsasında iki müstəqil institut yaradılıb. Bunlardan biri Hərbi Elmi Tədqiqat İnstitutu, digəri isə Hərbi İdarəetmə İnstitutudur. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi isə öz fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirəcək. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey də Milli Müdafiə Universitetinin tabeliyinə verilib. Əlbəttə ki, bu tədbirlər hərbiçilərimizin təhsil səviyyələrinin daha da yüksəldilməsinə xidmət edəcək.

Vüqar Əliyev,
Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024