Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan xalqı qarşıya çıxan ən çətin problemlərin həllini yalnız ulu öndər Heydər Əliyevdə görürdü”
Tarix: 22-06-2022 | Saat: 12:01
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan xalqı qarşıya çıxan ən çətin problemlərin həllini yalnız ulu öndər Heydər Əliyevdə görürdü”

“1991-ci ildə Azərbaycan XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Lakin bu müstəqilliyin qorunub-saxlanması növbəti iki il ərzində böyük sual altında idi. Həmin dövrdə ölkəyə rəhbərlik edən siyasi qüvvələrin səriştəsizliyi və şıxsi ambisiyalarını ümumxalq mənafeylərindən üstün tutmaları ciddi fəsadlara yol açmışdı. 1993-cü ilin may-iyun aylarında ölkə vətəndaş müharibəsi ərəfəsində idi. Müstəqilliyin itirilməsi, Azərbaycanın isə parçalanaraq dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsi bütün reallığı ilə ölkənin başı üzərini almışdı. Buna görə, həmin vaxt Azərbaycan xalqı yeganə doğru olan qərarı verərək Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və o dövrkü iqtidar Ulu Öndəri Bakıya dəvət etməyə məcbur olmuşdu. Xalqın səsinə səs verən ümummilli lider Heydər Əliyev  Bakıya gələrək, 1993-cü ilin 15 iyun tarixində yenə də xalqın təkidli tələbi ilə  Azərbaycan Respublikası Ali Sovetinin sədri  seçildi.  Həmin gün parlamentin  tarixi iclasında  çıxış edən Ulu Öndər bu sözləri dedi: “Azərbaycan Respublikasının bugünkü ağır,  mürəkkəb və gərgin  vəziyyətini tam məsuliyyətlə  dərk edirəm.  Bu vəzifəni üzərimə  götürərək  öz məsuliyyətimi anlayıram  və bunların  hamısını  rəhbər  tutaraq əlimdən gələni edəcəyəm.  Ali Sovetin  sədri kimi  Azərbaycan  xalqının tarixi  nailiyyəti olan  Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf  etdirməyi özüm üçün  əsas vəzifələrdən biri hesab edirəm.” Bundan sonra ictimai-siyasi həyatdakı  gərginliyin  aradan  qaldırılması  üçün lazımi tədbirlər  görülməyə başlandı.”

Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili qeyd edib ki, Parlamentin 1993-cü il 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin  sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul olunması da əslində ədalətin və milli iradənin təntənəsi idi. N.Aslanovun sözlərinə görə məhz bu tarixi qərardan sonra dövlət ölkədə cərəyan edən bütün hadisələri öz nəzarəti altına götürməyə və gedən prosesləri xalqın iradəsinə tabe etməyə müvəffəq oldu: “1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev xalq qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Ulu öndər çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ilk dövrlərdə kövrək olsa da, ictimai-siyasi sabitlik yarandı. Birmənalı olaraq demək lazımdır ki, 1993-cü il iyunun 15-dən oktyabr ayının 3-dək davam edən dövr ərzində Azərbaycanın parlamentarizm ənənələri yeni nəfəs aldı, yenidən formalaşdı. Ulu öndər Heydər Əliyevin Ali Sovetə rəhbərlik etdiyi həmin dövrdə ilk növbədə ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi, Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edildi. Əldə olunan ən mühüm nailiyyətlərdən biri isə, əlbəttə ki, separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısının alınması oldu. Təsadüfi deyil ki, müstəqilliyin ilk illərində də, sonrakı dövrlərdə də xalqımız qarşıya çıxan ən çətin problemlərin həllini, xilaskarlıq missiyasını məhz ulu öndər Heydər Əliyevdə görürdü.”

Ümummilli lider Heydər Əliyevin demokratik düşüncə və dəyərlərə hər zaman öz sadiqliyini nümayiş etdirdiyini vurğulayan N.Aslanov bildirib ki, Ulu Öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldiyi ilk gündən məhz bu yüksək amallar uğrunda mübariz fəaliyyətə başlamışdır: “1993-cü ildən başlayaraq Azərbaycanda demokratik islahatlara start verildi. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır”, – deyən Ulu Öndər tarixi baxımdan qısa bir müddət ərzində dövlətçiliyin əsaslarını qurdu, Konstitusiyamızın qəbul edilməsinə nail oldu, milli ideologiya və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsini yaradaraq xalqa təqdin etdi. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində zəruri islahatlar həyata keçirildi, bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əhəmiyyətli dəyişikliklərin əsası qoyuldu. Ümummilli Liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Nəticədə iqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Beləliklə, Ulu Öndər üzərinə götürdüyü xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmiş, bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə Respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirərək önların həyata keçirilməsinə nail olmuşdur. Bütün bunlara görə də ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır”, – deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024