Mobil versiya
Ermənistan öz öhdəliklərinin icrasından yayınmağa davam edərsə, bu zaman ona verilən tarixi fürsəti əldən qaçıra bilər
Tarix: 20-06-2022 | Saat: 09:49
Bölmə:Seçki 2024 | çapa göndər

Ermənistan öz öhdəliklərinin icrasından yayınmağa davam edərsə, bu zaman ona verilən tarixi fürsəti əldən qaçıra bilər

İyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsinə dair çox önəmli açıqlamalar verərək bildirdi ki, tarixdən də məlum olduğu kimi, müharibədən qalib çıxan ölkələrin sülh danışıqlarına başlamaq təklifi ilə çıxış etməsi son dərəcə nadir hallarda baş verir. Buna baxmayaraq, Azərbaycan artıq bir il yarımdan artıq bir müddətdir ki, davamlı olaraq Ermənistanla münasibətlərin normallaşdırılması və Cənubi Qfqazda dayanıqlı sülhün bərqərar olması üçün sülh çağırışları ilə çıxış edir. Bu addımı atmaqla Vətən müharibəsində tarixi Qələbə qazanan və öz torpaqlarını işğaldan azad edən Azərbaycan əlbəttə ki, Ermənistana böyük bir şans vermiş olur. Çünki postmüharibə dövründə yaranmış yeni regional geosiyasi reallıqlar Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması üçün unikal bir fürsətdir. Buna görə də təkcə özünün deyil, bütün region ölkələrinin rifahını düşünən Azərbaycan bu fürsətdən hamının maksimum yararlana bilməsi üçün bu addımları atır. Lakin atılan addımlar qarşılıqlı olmalıdır və Azərbaycan tərəfindən irəli sürülən təkliflər də daim qüvvədə qala bilməz. Əgər Ermənistan hələ bir müddət də əsassız və yararsız təkliflər irəli sürməklə öz öhdəliklərinin icrasından yayınmağa davam edərsə, bu zaman tarixi fürsət əldən qaçırıla bilər.

Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, iki ölkə arasında münasibətlərin normallaşması prosesini ləngidən məsələlərdən biri də Ermənistan tərəfindən son vaxtlar ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə müxtəlif fərziyyə və təkliflərin səsləndirilməsilə bağlıdır. Məlumdur ki, 1992-ci ildə yaradılmış Minsk qrupunun mandatı Qarabağ münaqişəsini həll etməkdən ibarət olsa da, 2020-ci ilə qədər, yəni 28 il ərzində bu qurum heç bir nəticəyə nail ola bilməyib. Hətta demək olar ki, Minsk qrupu beynəlxalq hüququn tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində heç bir ciddi səy də göstərməyib. Nəhayət Azərbaycan ədalətli müharibədə tarixi Zəfər qazanaraq, özü işğala son qoyub və Qarabağ münaqişəsini bitirib. Belə olan halda ortaya məntiqi bir sual çıxır – əgər münaqişə yoxdursa, bu zaman ATƏT-in Minsk qrupuna nə ehtiyac var? İkinci bir tərəfdən də Rusiya-Ukrayna müharibəsi faktiki olaraq Minsk qrupunun üç həmsədr ölkəsinin bir araya gəlmələrini və hər hansı beynəlxalq prosesin gedişinə təsir edə bilmək imkanlarını heçə endirib. Odur ki, bu qurumun fəaliyyəti və səlahiyyətləri ilə bağlı istənilən müzakirələr səmərəsiz vaxt itkisindən başqa bir şey deyil. Azərbaycan öz torpaqlarını azad etməklə Qarabağ münaqişəsini həll etdi və Minsk qrupu tərəfindən hazırlanmış Madrid prinsiplərinin həyata keçməsini təmin etdi. Beləliklə də hazırda Ermənistana artıq lazımsız bir təsisata çevrilmiş Minsk qrupu barədə fərziyyələr irəli sürmək yox, Azərbaycanla münasibətləri normallaşdırmaq, sülh sazişi imzalamaq üzərində çalışmaq lazımdır. Məlum olduğu kimi, Azərbaycan hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipi daxil olan təklifini irəli sürüb. Bu beş prinsip Ermənistan hökuməti tərəfindən qəbul edilib. Dövlət başçımızın dediyi kiimi, bu, müsbət dinamikadır. Lakin indi artıq əməli addımlar atılmalıdır və Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Təbii ki, bu öhdəliklərin arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatda yer alan kommunikasiyaların açılması ilə bağlı müddəalar Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb edir. Ermənistan bu öhdəliyinə də qeyd-şərtsiz əməl etməlidir. Bu müddəalarda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə quru yollarla əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin də açılışı nəzərdə tutulub. Lakin təəssüflər olsun ki, Üçtərəfli Bəyanatın imzalanmasından bir il yarımdan çox vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də bu məsələni ləngidir. Halbuki, Azərbaycan ölkəmizin ərazisində yaşayan erməni əhalinin Ermənistana çıxışını çoxdan təmin edib. Bütün bu müddət ərzində Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə Laçın yolu vasitəsilə maneəsiz gediş-gəliş olub və indi də var. Azərbaycanlılar isə hələ də Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Bu, əlbəttə ki, böyük ədalətsizlikdir və Azərbaycan bununla razılaşmayacaq. Ermənistan Zəngəzur dəhlizinin açılmasını nə qədər ləngitsə də bu, nəticə etibarı ilə heç bir səmərə verə bilməz. Azərbaycan istənilən halda öz hüququnu təmin edəcək və bunun üçün ölkəmizin, dövlətimizin kifayət qədər gücü olduğunu hər kəsdən yaxşı məhz elə ermənilər bilirlər.

Ceyhun Cahangirov
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam orta
məktəbin direktoru, YAP Goranboy rayon təşkilatının fəalı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024