Mobil versiya
Oktay Abdullayev: “Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əməkdaşlığının genişlənməsini keyfiyyətcə yeni, daha yüksək mərhələyə çıxardı”
Tarix: 15-06-2022 | Saat: 17:11
Bölmə:Seçki 2024 | çapa göndər

Oktay Abdullayev: “Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əməkdaşlığının genişlənməsini keyfiyyətcə yeni, daha yüksək mərhələyə çıxardı”

Bu gün Azərbaycanın ən etibarlı strateji tərəfdaşı olan qardaş Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsi və əlaqələrin daha da genişləndirilməsi dövlətimizin xarici siyasətində ən vacib prioritet istiqamətlərdən biridir. Müstəqilliyimizin ilk illərindən Türkiyə iki qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda Azərbaycanın səylərini daim dəstəkləmiş, bütün sahələrdə əlaqələrin inkişafına geniş yardım göstərmişdir. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış müttəfiqlik münasibətləri haqqında Bəyannamə isə ölkələrimiz və xalqlarımız arasında indiyədək mövcud olmuş dostluq və qardaşlıq münasibətlərini yeni strateji mərhələyə yüksəltdi.

Qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev qardaş Türkiyə ilə dostluq və qardaşlıq əlaqələrinin genişlənməsini hər zaman xüsusi diqqət mərkəzində saxlayıb. Ümummilli lider özünün məşhur “Azərbaycan-Türkiyə, bir millət, iki dövlət” kəlamını qardaş ölkə ilə əlaqələrin genişləndirilməsi siyasətinin əsası kimi müəyyən etmişdi. Bu səbəbdən də ulu öndər ölkəmizin dünya birliyinə inteqrasiyası, regional təhlükəsizliyin qorunması, Azərbaycanın siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşması kimi vacib istiqamətlərdə Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsini keyfiyyətcə yeni, daha yüksək mərhələyə çıxardı və münasibətlərin yüksələn xətt üzrə inkişafını təmin etdi. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursunun əsas istiqamətlərindən biri olan Azərbaycan və Türkiyə arasında ikitərəfli əlaqələrin inkişaf xətti bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq məqsədyönlü şəkildə inkişaf etdirilir. Birmənalı olaraq demək lazımdır ki, Şuşa Bəyannaməsi bu gün artıq Azərbaycan və Türkiyənin strateji müttəfiqlər olduqlarını bütün dünyaya nümayiş etdirir. Həmçinin Şuşa Bəyannaməsinin imzalanması ilə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri beynəlxalq hüquqa uyğun qaydada tam rəsmiləşdi. Bundan sonra Azərbaycan və Türkiyə bir-birinin təhlükəsizliyini təmin edəcək, ordu quruculuğu işində və müdafiə sənayesi sahəsində daha sıx əməkdaşlıq edəcəklər. Bununla da həm Azərbaycanın, həm də Türkiyənin hərbi qüdrəti getdikcə daha da artacaq. Həmçinin ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil və bütün digər sahələri də əhatə edir.

Bu məqamda 44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi-siyasi dəstəyin böyük önəmini də xüsusi qeyd etmək lazımdır. Azərbaycan-Türkiyə qardaşlığı öz yenilməzliyini Vətən müharibəsinin gedişində bir daha bütün dünyaya nümayiş etdirdi. Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycanın tarixi Qələbə qazanmasında çox böyük rol oynamışdır. Türkiyə Prezidentinin hərbi əməliyyatların başlandığı ilk saatlardan dediyi – “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır”, sözləri bir çox xarici qüvvələrin bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Çünki biz həqiqətən də bir millət, iki dövlətik. Türkiyədən ölkəmizə olan dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən hər zaman yüksək qiymətləndirilir. Türkiyə dövlətinin və onun başçısının Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi.

Həmçinin qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsi hər iki ölkənin qüdrətini daha da artırır. Bu gün Türkiyə və Azərbaycan özlərinin iqtisadi və enerji imkanlarından eləcə də, geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra yaranmış yeni regional reallıqların fonunda ölkələrimiz arasında əməkdaşlıq potensialı daha da artıb. Azərbaycan və Türkiyənin də tərəfdaş olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP kimi nəhəng transmilli layihələr regionda iqtisadi inteqrasiyanın güclənməsi, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Həmçinin bu gün Azərbaycan-Türkiyə arasındakı investisiya qoyuluşlarının həcmini artırmaq üçün geniş potensial mövcuddur. Bu amillərdən biri Naxçıvanla quru yollarının açılmasıdır. Belə ki, Şuşa Bəyannaməsində də müvafiq müddəa ilə təsdiq olunmuş Zəngəzur dəhlizinin açılması ilə artıq vahid nəqliyyat-logistika şəbəkəsi qurulacaq. Bu nəhəng layihə ilə Azərbaycan və Türkiyə Avropa və Asiya arasında fasiləsiz daşınmaların həyata keçirilməsinin əsas tərəfdaşları olacaqlar ki, bu da hər iki ölkəyə investisiya qoyuluşlarını artıracaq. Beləliklə də Şuşa Bəyannaməsi bölgəyə və xüsusən də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır və regionun getdikcə artan investisiya potensialı bu ərazilərdə yeni, daha mütərəqqi və səmərəli iqtisadi münasibətlərin formalaşmasına yol açır.
 
Oktay Abdullayev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
YAP Xızı rayon təşkilatının üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024