Mobil versiya
Novruzəli Aslanov: “Şuşa Bəyannaməsi erməni əsilli Azərbaycan vətəndaşlarının da cəmiyyətə inteqrasiyası üçün əlavə imkanlar açır”
Tarix: 14-06-2022 | Saat: 09:14
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Şuşa Bəyannaməsi erməni əsilli Azərbaycan vətəndaşlarının da cəmiyyətə inteqrasiyası üçün əlavə imkanlar açır”

“Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən 2021-ci il iyunun 15-də imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” tarixi əsaslara dayanaraq, hər iki qardaş ölkənin milli mənafeylərinə uyğundur və böyük tarixi və strateji əhəmiyyət kəsb edir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin səsləndirdiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ifadələrinin Şuşa Bəyannaməsində xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirilməsi iki qardaş ölkə arasındakı bütün strateji əlaqələrin ən yüksək səviyyədə durduğunu və artıq bu əlaqələrin yeni tarixi mərhələyə keçid etdiyini göstərir. Qədim Azərbaycan şəhəri olan Şuşada yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin xalqlarımızn birliyinin ən bariz nümayişidir.”

Bunu mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili qeyd edib ki, Şuşa Bəyannaməsi ölkələrimiz arasında olan müttəfiqliyin geostrateji əhəmiyyətini artırır və mövcud münasibətlərin bütün müstəvilərdə çoxşaxəli və davamlı inkişafını təmin edir: “İlk növbədə Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən iki dost və qardaş ölkə, Azərbaycan və Türkiyə arasnda müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirir. Bəyannamədə xüsusilə diqqət çəkən məqamlardan biri milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviqinin xüsusi yer almasıdır. Bu, o deməkdir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, ölkələrimizin yaranmış vəziyyətdə birgə məsləhətləşmələr aparılması, beynəlxalq hüquq kontekstində bu təhdid və ya təcavüzün aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərilməsi nəzərdə tutulur. Təbii ki, bu müddəa təkcə iki ölkənin deyil, ümumilikdə bütün Cənubi Qafqaz regioanunun maraqlarına cavab verir. Belə ki, faktiki olaraq Azərbaycanın təhlükəsizliyinin təminatı birbaşa regionda sülhün və sabitliyin təmin olunması deməkdir. Çünki hazırda məhz Azərbaycan Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir. Təbii ki, bu yanaşma Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının da cəmiyyətə inteqrasiyası üçün əlavə imkanlar yaradır. Sadəcə, həmin vətəndaşların dövlətimiz tərəfindən yaradılmış bu imkanlardan maksimum yararlana bilmələri üçün onların davamlı olaraq erməni şovinizminin və faşizminin təmsilçiləri tərəfindən aparılan təbliğatın təsiri altına düşməmələri lazımdır”, - deyə N.Aslanov qeyd edib.

Həmçinin Milli Məclisin deputatı qeyd edib ki, Şuşa Bəyannaməsində tərəflərin siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərinin təşviq edilməsi hər iki ölkənin istənilən xarici aqressiya cəhdlərinə qarşı müdafiə imkanlarının daha da artması deməkdir: “Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə öz ərazi bütövlüyünü təmin edib. Möhtərəm Prezidentimizin də dediyi kimi, İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Bu o deməkdir ki, ölkələrimiz faktiki olaraq hər zaman biri digərinin müdafiəsində durmağa hazır olub. Artıq imzalanmış Şuşa Bəyannaməsində əks olunan müddəalar isə bundan sonra həm Türkiyənin, həm də Azərbaycanın istənilən xarici aqressiya cəhdlərinə qarşı birgə hərəkət etmək hüquqlarını tam rəsmiləşdirir. Belə ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Möhtərəm dövlət başçımızın da dediyi kimi, bu, tarixi nailiyyətdir. Artıq bütün dünya bilməlidir ki, Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq, bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək.”

Daha sonra N.Aslanov Şuşa Bəyannaməsinin imzalanmasından sonra ölkələrimiz arasında iqtisadi münasibətlərin də yeni, daha yüksək mərhələyə daşındığını vurğulayaraq bunları deyib: “Artıq qeyd olunduğu kimi, Şuşa Bəyannaməsi regional təhlükəsizliyin qarantı kimi çıxış edir. Bu isə o deməkdir ki, bölgəyə investorların marağı getdikcə artacaq və sərmayə qoyuluşu prosesi əlavə stimul alacaq. Nəzərə almaq lazımdır ki, yeni əməkdaşlıq formatı həm də yeni iqtisadi perspektivlər ortaya çıxarır. Son dərəcə önəmli bir məqamdır ki, Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu, heç şübhəsiz İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi reallıqların təxahürlərindən biridir və Azərbaycan artıq bu reallıqların təhrif olunmasına qətiyyən tol verməyəcək. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün artıq Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istiqamətində konkret əməli işlər görülür. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması isə aparılan işlərin hər hansı bir qüvvələr tərəfindən əngəllənməsini artıq tamamilə qeyr-mümkün edir. Heç şübhəsiz Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə, eləcə də Azərbaycanı Türkiyə ilə birləşdirəcək bu nəqliyyat dəhlizinin açılması və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisi iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə və bu əsasla da bölgənin ümumi iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcək”, - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024