Mobil versiya
Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə Onun ölməzliyini bir daha təsdiqləmişdir
Tarix: 11-06-2022 | Saat: 12:15
Bölmə:Seçki 2024 | çapa göndər

Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə Onun ölməzliyini bir daha təsdiqləmişdir

Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə Onun ölməzliyini bir daha təsdiqləmişdir

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

1991-ci ildə Azərbaycan digər sovet respublikaları kimi öz müstəqillyini elan etsə də, bizim ölkənin azadlığa çıxması şəraiti tamamilə başqa cür idi: gənc dövlətimiz əvvəlcə Ermənistanla ədalətsiz, qanlı müharibəyə cəlb edilmiş, digər tərəfdən çox sürətlə bir - birini əvəz edən səriştəsiz, dövlətçilik anlayışından uzaq olan iqtidarlar ölkəni inkişaf əvəzinə fəlakətə aparırdılar. Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır.

Təzəcə müstəqilliyini elan etmiş Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi qarşısında olduğu belə bir bir çətin məqamda hər cür məhrumiyyətlərdən, əzablardan bezmiş xalq özünün yeganə ümidi olan ümummilli liderimiz Heydər Əliyevə üz tutdu.

Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü

Taleyin qismətidir ki, Heydər Əliyevin həyatı Azərbaycan xalqı ilə bağlı olub. Tarix sübut edir ki, Azərbaycan xalqının ən çətin anlarında Ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək xalqı bütün çətinliklərdən xilas edib.

1993-cü ilin o ağır günlərində də xalqımızın yeganə ümid yeri Heydər Əliyev oldu. 15 iyun 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev böyük risklərə baxmayaraq, yenidən hakimiyyətə qayıdaraq xalq naminə, vətən naminə, canından da artıq sevdiyi Azərbaycan naminə böyük xilaskarlıq fəaliyyətinə başladı. Hakimiyyətə qayıtmaqla Ümummilli liderimiz Heydər Əliyev xalqımızı düçar olduğu bəlalardan, başqa dövlətlərin vassalı olmaqdan, Azərbaycanı parçalanmaqdan xilas etdi.

Ulu Öndər Heydər Əliyev ölkənin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dayanıqlı inkişafın təməlini qoydu

Xalqın inadlı tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin Sədri seçilir. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngidi və ölkə vətəndaş müharibə və parçalanma təhlükəsindən xilas oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. O milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Heydər Əliyevin yürütdüyü siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada ölkəmizlə bağlı formalaşan fikri müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına evrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial- iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.

Ulu Öndər Heydər Əliyevin nailiyyətləri - Qurtuluşun rəmzləri

Ulu öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi.

Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin\ rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.

Dövlətimizin qorunub saxlanması qurtuluş deməkdir

Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha geniş miqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı. Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.

Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi

Qarabağın işğaldan azad olunması Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından idi. O, Azərbaycan Prezidenti vəzifəsində çalışarkən problemin həlli üçün böyük çabalar göstərib. Heydər Əliyev Azərbaycanın qələbəyə doğru atılan addımlarının əsaslarının qoyulması istiqamətində əhəmiyyətli xidmətlər göstərib. Heydər Əliyev bütün dünyaya Qarabağ həqiqətlərini çatdırıb. Diplomatik fəaliyyətlə yanaşı, güclü ordu quruculuğuna xüsusi diqqət yetirib.

Ermənistanın bir çox dairələri Qarabağdakı işğal rejiminin danışıqlar prosesindən çıxarılmasını və Qarabağ danışıqlarının Azərbaycan - Ermənistan formatında aparılmasını Qarabağ klanının ən böyük məğlubiyyəti sayırlar. Onların fikrincə, bir neçə dəfə Robert Koçaryanla görüşmüş Heydər Əliyev ustalıqla Qarabağ işğal rejimini danışıqlardan maksimum uzaq tutmağı bacarıb. Erməniləri bunu Heydər Əliyevin Qarabağ məsələsində ən böyük qələbəsi sayırlar.

Bu məsələdə müəyyən qədər haqlıdırlar, çünki Heydər Əliyevə qədər qərb dövlətləri - ABŞ, Britaniya və s. hətta Azərbaycan torpaqlarının Rusiya silahlıları tərəfindən alınıb Ermənistana verildiyini bilsələr də, Dağlıq Qarabağı ayrıca subyekt kimi görməyə meylli idilər və ABŞ Konqressində Azərbaycana qarşı 907-ci düzəliş də bu məntiqlə qəbul edilmişdi. Hətta BMT-də qəbul edilmiş 4 qətnamədə belə Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən deyil, erməni silahlı qüvvələri tərəfindən işğal edildiyi bildirilir. İşğalçı kimi Dağlıq Qarabağa məxsus erməni qüvvələri göstərilir, işğal ərazisi kimi də Dağlıq Qarabağ ətrafındakı 7 rayondan bəhs edilirdi. Rus politoloqlar bu fikirdədir ki, Qərb SSRİ-ni dağıtmaqda əsas rol oynamış Ermənistanı Qarabağla mükafatlandırmaq istəyirdi.

Lakin Heydər Əliyev bunun qarşısını ala bildi və işğalın məhz Ermənistan tərəfindən edildiyini Qərb dövlətlərinə qəbul etdirə bildi. Təsadüfi deyil ki, 2001-ci ildə ABŞ prezidenti seçilmiş Corc Buş Konqresə məktub yazaraq Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında tutulduğunu, Ermənistanın işğalçı dövlət olduğunu nəzərə almağı xahiş etmişdi. Corc Buşun məktubu Qərbdə Ermənistanı işğalçı dövlət kimi tanıdan ilk rəsmi sənəd sayılır.

Lakin Heydər Əliyev müharibənin gedişində də dönüş yaratmışdı. Onun ən böyük hərbi qələbəsi 1993-cü ilin dekabrında başlamış və 1994-cü ilin yanvarında başa çatmış Horadiz əməliyyatı idi. Həmin əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 20 kənd Azərbaycanın nəzarətinə qayıtdı. Ermənistan Silahlı Qüvvələri həddindən böyük itki verdi, indiyə kimi 15 min erməninin Horadizdə itkin düşdüyü deyilir, böyük ehtimalla ölən erməni əsgərlərin meyitləri Xankəndiyə aparılaraq orada yox edilib.

Horadiz qələbəsi Ermənistanı atəşkəsə məcbur etdi, halbuki ermənilər Rusiyanın havadarlığından cuşa gələrək Xəzərə qədər çıxmaq, Kürlə Arazın arasını tamamilə nəzarətə götürmək planlarından danışırdılar. Tarix göstərdi ki, həmin atəşkəs Azərbaycanın inkişafına, hərbi qüdrətinin güclənməsinə səbəb oldu.

Bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır - xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir.

Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Fəxrəddin Vəliyev,
YAP Şəmkir Rayon Təşkilatının Sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024