Mobil versiya
Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü.
Tarix: 11-06-2022 | Saat: 11:19
Bölmə:Seçki 2024 | çapa göndər

Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü.

Qürurla vurğulamalıyıq ki, Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan Ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil. Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir. Ulu öndər Heydər Əliyevin möhtəşəm qayıdışı olmasaydı və milli qurtuluşumuz baş tutmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq. O Azərbaycan indi bizim üçün dəyərli olan, bizim hər birimizin qürur duyduğumuz Azərbaycandan fərqlənmiş olacaqdı.

Qeyd edək ki, xalqımız tərəfindən 15 İyun - Milli Qurtuluş Günü müasir tariximizin ən önəmli hadisəsi kimi qeyd edilir və dəyərləndirilir. Bu, onunla əlaqədardır ki, insanlar bugünkü həyatlarını, ölkəmizin bugünkü firavanlığını və gələcəklə bağlı aydın görünən perspektivlərini Milli Qurtuluş Günü ilə, Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirirlər. Çünki Azərbaycanın müasir tarixində, hər bir vətəndaşın həyatında baş verən müsbət dəyişikliklər, ilk növbədə, Heydər Əliyevin möhtəşəm qayıdışı və bu qayıdışın yaratdığı Qurtuluş məfkurəsi ilə birbaşa bağlıdır. Ölkəmizin tarixinin ən həssas dövründə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın mövcudluğunun, müstəqilliyinin və gələcək inkişafının yeganə və həlledici səbəbi kimi qavranılır. Bu gün o dövrə qayıdarkən və Azərbaycanın indiki reallıqlarını göz önünə gətirib müqayisə apararkən Heydər Əliyevin möhtəşəm qayıdışının Azərbaycanın müasir tarixində və hər bir vətəndaşın həyatında nə qədər önəmli bir hadisə olduğunu dəyərləndirmək çətin olmaz. Heydər Əliyevin tarixi qayıdışı Azərbaycanın müstəqilliyinin xilası idi.

Ümummili lider Heydər Əliyev 1993-cü il iyunun 15-də yenidən siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan xalqını çox ağır bəlalardan hifz etdi, ölkənin müstəqilliyinin əldən getməsinin qarşısını aldı. Torpaqlarımızın daha geniş şəkildə zəbt olunmasına imkan vermədi, ölkəmizi dəhşətli vətəndaş müharibəsindən xilas etdi. O döpvürdə hakimiyyətdə olan AXCP–Musavat cütlüyü ölkəni idarə edə bilmirdi. Torpaqlar kənd-kənd, şəhər-şəhər ermənilər tərəfindən zəbt olunmaqda idi. Heç bir təşəbbüs, heç bir təşkilatçılıq görünmürdü və demək olar ki, insanlar ümidsiz halda yaşayırdılar. Gələcəyə inam itmişdi, ordu quruculuğu yox idi, ölkədə aclıq başlamışdı, artıq qardaş-qardaşa silah qaldırırdı, rayonlar bir-bir boşaldılır və bu vəziyyətdən istifadə edən istər xaricdəki, istərsə də daxildəki qüvvələr ölkəni talan edir, viran qoyurdular. Belə bir çətin dövrdə Heydər Əliyev xalqın arzusu ilə hakimiyyətə gətirildi və müdrik xalq öz qənaətində yanılmadığını bir daha sübut etdi. Ona görə də Azərbaycan xalqı keçmişə nəzər salarkən, həmin günlərin acılarını heç zaman unutmamalıdır. Çünki, həqiqətən də, 15 İyun bizim qurtuluş tariximizdir və həmin günün bəhrələri özünü həyata keçirilən tədbirlərdə, ölkə Prezidentinin fəaliyyətində, onun uzaqgörən siyasətində açıq-aydın göstərir. 1993-cü il 15 İyun – Qurtuluş Günü olmasaydı, biz sonrakı qələbələrdən, nailiyyətlərdən, yüksək göstəricilərdən, beynəlxalq aləmdə qazandığımız uğurlardan danışa bilmərik. Bəli, həmin günün təntənəsi bu qələbələr üçün zəmin hazırlayıb, bu zəfərlər üçün bünövrə olmuşdur. 15 İyundan başlanan uğurlar, ulu öndər Heydər Əliyevin qəbul etdiyi qərarlar, sərəncamlar, fərmanlar, bağlanılan müqavilələr, həyata keçirilən layihə və proqramlar bugünkü inkişafımıza yol açmışdır.

Yeri gəlmişkən, ölkədə baş alıb gedən siyasi böhran və anarxiya 1993-cü ilin ortalarına doğru daha xaotik vəziyyət yaratmışdı. Faktiki olaraq respublikamızda hakimiyyətsizlik idi. Həmin il iyunun 4-də Gəncədə baş verən hadisələr isə hərbi-siyasi böhranı daha da dərinləşdirdi. Belə bir vəziyyətdə dövlətimizin və xalqımızın həqiqi liderə, güclü rəhbərə ehtiyacı vardı, ona görə cəmiyyətin bütün təbəqələrinin nəzərləri Naxçıvana yönəlmişdi. Xalqımızın böyük oğlu Heydər Əliyevin proseslərə müdaxilə etməsinin labüdlüyü həmin günlərdə bütün Azərbaycan ictimaiyyətinin siyasi istəyi idi. Hər kəs yaxşı anlayırdı ki, ölkədəki hərc-mərcliyin, itaətsizliyin, anarxiyanın, siyasi çəkişmələrin, Gəncədə başlanmış qardaş qırğınının, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünün qarşısını yalnız bu böyük insan aradan qaldıra bilərdi. Hətta hakimiyyətdə olanlar da Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsində israrlı idilər. Beləliklə, Heydər Əliyevin sayəsində həmin vaxt Azərbaycanda qardaş qırğınının qarşısı alındı. Məhz Heydər Əliyevin qətiyyəti sayəsində respublikamızla bağlı xarici siyasi dairələrin işə saldığı məkrli planların hamısı iflasa uğradı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə parlamentdə təmsil olunan bütün siyasi qrupların məhz Ulu Öndərin xilaskarlıq missiyasına olan ümid və inamlarının göstəricisi idi. 

Ən əsası, böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. Banisi və qurucusu olduğu müasir Azərbaycan dövləti bu gün Heydər Əliyevin ideyaları ilə yüksəlir, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər də Heydər Əliyevin ideyalarının möhtəşəm təntənəsidir.

Mahir Hacıyev,
YAP Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq
Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024