Mobil versiya
Ulu Öndər Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışı Azərbaycanda xaos və anarxiyaya son qoydu
Tarix: 08-06-2022 | Saat: 13:00
Bölmə:Ölkə | çapa göndər

Ulu Öndər Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışı Azərbaycanda xaos və anarxiyaya son qoydu

Sovetlər birliyi süqut etdikdən sonra xalqımız, digər MDB ölkələrinin xalqları kimi, öz milli müqəddəratlarını sərbəst təyin etmək, milli dövlət quruculuğunu yaradıb inkişaf etdirmək imkanı əldə etdi. Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra naşı adamların yüksək vəzifələrə təyin olunmaları, 1969-1982-ci illərdə Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbər etdiyi dövrdə ictimai-siyasi həyatımızın bütün sahələrində əldə edilmiş nailiyyətlərin qorunub saxlanması əvəzinə dağıdılması, düzgün olmayan qərarların qəbul edilməsi, dövlətin idarə olunmasında səriştəsizliyə yol verilməsi, qanunsuz silahlı dəstə və birləşmələrin özbaşınalıqları ölkəni idarəolunmaz bir vəziyyətə, xalqı isə vətəndaş müharibəsi həddinə çatdırdı. Müqəddəs torpaqlarımızın bütövlüyünü qorumaq üçün mübarizə Bakıda hakimiyyət uğrunda mübarizə ilə əvəz edildi. Qoşun hissələri döyüş bölgələrindən çıxarılıb Bakıya istiqamət aldı. Nəticədə torpaqlarımız düşmən tapdağı altında qaldı, bir milyondan artıq soydaşımız öz doğma el-obasından didərgin düşərək məcburi köçkün və qaçqına çevrildi. 1993-cü ilin iyun ayında isə ölkə vətəndaş müharibəsi həddinə çatdı, respublikanın parçalanmaq, müstəqilliyini birdəfəlik itirmək təhlükəsi yarandı. Daxili didişmələr, anarxiya, ümummilli mənafeyin şəxsi ambisiyalara tabe edilməsi dövlət quruculuğuna böyük zərbə vurdu. Ölkədəki bu vəziyyəti kənardan yaxşı izləyən və bundan bacarıqla istifadə edən düşmənlərimiz və onların havadarları, bəzi xarici dövlətlər ayrı-ayrı hərbi və təxribatçı dəstələrin köməyi ilə böhranı daha da dərinləşdirir, müstəqilliyimizi ciddi təhlükə altında qoyurdular. İctimai fəlakətlə üz-üzə dayanmış xalqımız, respublika ictimaiyyəti yaxşı dərk edirdi ki, Vətəni bu təhlükədən yalnız Heydər Əliyev dühası, onun dövlətin idarə olunmasındakı zəngin təcrübəsi, dərin ağlı və zəkası, möhkəm iradəsi, mübarizliyi, millətin mənafeyinə sədaqəti, xalq işinə dərin məhəbbəti, Vətənə, xalqa bağlılığı qurtara bilər. Belə bir ağır vəziyyətdə xalq son ümid yeri kimi öz böyük oğluna – Heydər Əliyevə müraciət etdi. Xalqın çağırışlarını, o zamankı iqtidarın dəfələrlə etdiyi xahişlərini nəzərə alaraq ümummilli lider Heydər Əliyev ölkədə hakimiyyətə qayldaraq, 1993-cü ilin iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkə daxilində sabitliyin əsası qoyuldu, on dörd ildən artıq davam edən atəşkəsə nail olundu, “Əsrin müqaviləsi” imzalandı, Bakı-Tbilisi-Ceyhan neft ixracı boru kəmərinin faktiki tikintisinə başlandı və hazırda bu neft kəməri artıq istifadəyə verilmişdir. Məhz xalqın böyük oğlu Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda illərlə davam edən anarxiyaya, başıpozuqluğa, siyasi hakimiyyətsizliyə, etnik separatçılığa, iddialı siyasətbazların naşı eksperimentlərinə, hərbiləşmiş cinayətkar dəstələrin qətl və qarətlərinə, özbaşınalıqlarına son qoyuldu. Böyük şəxsiyyətin siyasi müdrikliyi, uzaqgörən siyasəti sayəsində artıq əldən getməkdə olan müstəqilliyimiz, milli azadlığımız qorunub saxlanıldı və daha da möhkəmləndirildi. Xalqın birliyinə, dəstəyinə arxalanan ümummilli lider Heydər Əliyev Konstitusiya səlahiyyətlərindən istifadə etməklə, nəinki dövlət çevrilişinə cəhd cinayətlərinin qarşısını aldı, həm də silahlı yolla hakimiyyəti ələ keçirmək cəhdlərinə birdəfəlik son qoydu.


Ümummilli lider Heydər Əliyevin dediyi kimi, hüquqi dövlətdə xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. Ulu öndər müasir Azərbaycan Respublikasında aparılan bütün islahatların təşəbbüskarı və müəllifidir. Həmin islahatlar bu gün də böyük uğurla davam etdirilir. Ulu öndərin əsasını qoyduğu Milli qurtuluş fəlsəfəsi, sözün geniş mənasında, Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini beləcə təmin etdi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkədə siyasi hakimiyyətə gəldiyi ilk gündən böyük çətinliklərə baxmayaraq, respublikada ictimai-siyasi sabitliyi bərqərar etdi, cəmiyyətin demokratikləşməsi, dünyəvi dövlət quruculuğu istiqamətində ardıcıl işlər həyata keçirdi. XX əsr tariximizin ən dinamik inkişaf dövrü məhz görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın siyasi tarixində, dövlət müstəqilliyinin qorunub saxlanılmasında dünyanın nüfuzlu təşkilatları və dövlətləri ilə çoxşaxəli münasibətlərin qurulmasında ulu öndərin misilsiz xidmətləri olmuşdur.

Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yoluna qədəm qoymuş respublikamızda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi, sosial həyatının bütün sahələrində köklü islahatlar aparılmış və hazırda bu islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmış, dövlətin iqtisadi qüdrətinin daha da artması üçün yeni imkanlar açmışdır. Münaqişənin həlli, işğaldan azad olunmuş ərazilərin ölkənin ümumi iqtisadiyyatına qatılması, yeni yaradılan və bərpa edilən beynəlxalq və regional nəqliyyat dəhlizlərinin imkanları regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təmin edən əsas strateji faktorlardır. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın beynəlxalq aləmdə rolunu və statusunu bundan sonra daha da möhkəmləndirəcək. Öz başlanğıcını 15 iyun – Milli Qurtuluş Günündən götürən müasir müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün Vətən torpaqlarını işğaldan azad etməklə regionun ən qüdrətli ordusuna çevrilib. Məhz bu amil də bu gün doğma Azərbaycanımızın müstəqilliyinin və ərazi bütövlüyünün əsas qarantı kimi çıxış edir.

Bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşının borcu möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşərək onun qarşıya qoyduğu mühüm vəzifələrin yerinə yetirilməsində daha fəal iştirak etməkdən ibarətdir. Yalnız bu yolla biz ölkəmizin hərtərəfli inkişafına və daha da güclənməsinə nail olacağıq.

Rauf Yahyayev,
Goranboy rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024