Mobil versiya
Heydər Əliyev siyasi kursu Azərbaycan əhalisinin təhsil səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır
Tarix: 07-06-2022 | Saat: 09:00
Bölmə:Ölkə | çapa göndər

Heydər Əliyev siyasi kursu Azərbaycan əhalisinin təhsil səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır

Ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanda elm, təhsil, mədəniyyət və iqtisadiyyatın təşəkkülü və inkişafı bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Onun genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.

Müasir Azərbaycanın inkişafında keyfiyyətcə yeni dövrə keçidi şərtləndirən 1969-cu ilin 14 iyul günü milli tariximizə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir epoxanın başlanğıcı kimi daxil olmuşdur. Həmin gündən başlanan tarixi mərhələ Azərbaycan təhsilinin, elminin və mədəniyyətinin intibah dövrü kimi dəyərləndirilir. Bu bir həqiqətdir ki, bütün sahələrdə olduğu kimi, Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına cavab verən hazırkı səviyyəyə çatması və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı öz mənbəyini məhz ötən əsrin 70-ci illərindən Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu gələcək inkişafın güclü təməlini yaratmışdır. Həmin dövrdə Azərbaycanda bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə yüksəlmiş, bu istiqamətdə aparılan ardıcıl dövlət siyasəti Azərbaycan əhalisinin təhsil səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır.

Məlumdur ki, ötən əsrin əvvəllərində, Azərbaycanın ikinci dəfə öz müstəqilliyini əldə etdiyi ilk illərdə ölkəni bürümüş ümumi tənəzzül tendensiyası təhsil sahəsinə də sirayət etmişdi. Təbii ki, ölkənin vətəndaş müharibəsi ərəfəsində durduğu, torpaqlarımızın ardıcıl işğal edildiyi dönəmdə təhsil problemləri heç də birinci dərəcəli məsələ kimi nəzərdən keçirilə bilməzdi. 1991-1993-cü illərdə Azərbaycan fəlakət astanasında idi...

Dövlət müstəqilliyinin ilk aylarından başlayıb şiddətlənən mürəkkəb hadisələr, idarəçilikdə yol verilən nöqsanlar 1993-cü ilin ikinci yarısına doğru siyasi böhran həddinə gəlib çatmışdı. Ölkədə getdikcə geniş miqyas alan anarxiyadan sui-istifadə edən təcavüzkar Ermənistanın silahlı birləşmələri isə cəbhə xəttində həmlələrini gücləndirmişdi. Torpaqlarımızın etibarlı müdafiəsi təmin olunmamışdı. Orduda vahid komandanlıq yox idi. Belə bir taleyüklü məqamda növbəti yanlış və daha bir məsuliyyətsiz qərar dövlətçiliyimizin məhvi ilə nəticələnə bilərdi. Soydaşlarımızın minbir mərhumiyyətdən keçib gəlmiş azadlıq arzusu, müstəqillik amalı ilk addımlarındaca puç ola bilərdi. Çeşidli daxili və xarici düşmən qüvvələrin dağıdıcı həmlələri Azərbaycanı bir dövlət kimi məhv etmək üzrə idi. Xüsusən, kənar qüvvələr Cənubi Qafqaz regionundakı maraqlarını daha böyük perspektivi olan Azərbaycanı parçalamaqla həyata keçirmək niyyətində idilər. Bunun üçün müəyyən ictimai-siyasi zəmin də hazırlanmışdı.


O zamankı hadisələr ölkədə hakimiyyətlə xalq arasında birliyin olmamasının, dövlət idarəçiliyində boşluğun hökm sürməsinin acınacaqlı nəticəsi idi. Cəmiyyətin mütləq çoxluğu öz düşüncəsi, ağlı ilə xilasolma istiqamətini – qarşıdurmadan milli birliyə, xaosdan sabitliyə, dağıntılardan quruculuğa aparan yolu seçdi. Xalq bu yola keçidin yeganə bələdçisi və təminatçısının ümummilli lider Heydər Əliyev olduğuna birmənalı qərar verdi. Beləliklə, Azərbaycana rəhbərliyi dövründə onu öz əlləri ilə qurub-yaratmış, iqtisadiyyatını və mədəniyyətini əsaslı surətdə inkişaf etdirmiş qurucu lider, bununla yanaşı, sovet dövlətinin ali rəhbərliyindəki seçilən fəaliyyəti ilə dünya şöhrətli siyasətçi kimi tanınmış, xarizmatik şəxsiyyəti və misilsiz xidmətləri ilə dövlətçilik tariximizdə ilk dəfə ümummilli lider məqamına yüksəlmiş Heydər Əliyev xilaskarlıq missiyası ilə yenidən respublikanın ali idarəçiliyi sükanı arxasına qayıtdı. Bütün bunlara görə də Heydər Əliyev üçün yeni dövr nə qədər yeni olsa da, o, əvvəllər gördüyü işləri yeni tarixi şəraitdə davam etdirdi. Onun gördüyü böyük işlər, planlar, istiqamətlər var idi və bu proqramlar, tamamilə inkar olunardısa, istər-istəməz xalqı bir yerə toplamaq, yeni dövlət quruculuğu proqramı həyata keçirmək, iqtisadiyyatı dirçəltmək, cəmiyyəti, onun milli-mənəvi gücünü toplamaq mümkün olmazdı. Ənənə davam etməli idi.

1993-cü ilib tarixi 15 iyunundan sonrakı mərhələdə Heydər Əliyev ilkin olaraq xalqı vətəndaş müharibəsi təhlükəsindən, dövləti ağır siyasi, iqtisadi böhrandan qurtarmaqla böyük vətənpərvərlik, iradə və zəka nümayiş etdirdi. Çox keçmədən xalqın mütləq əksəriyyətinin iradəsi ilə müstəqil Azərbaycanın həqiqi lideri etimadı qazanan Prezident Heydər Əliyevin legitim rəhbərliyi, gərgin, çoxyönlü fəaliyyəti ilə respublikanın ictimai-siyasi həyatında sürətli sabitləşmə, hərtərəfli dirçəliş, böyük quruculuğun əsaslarının müəyyənləşdirilməsi proseslərinə start verildi. Məhz bu taleyüklü məsələlərin reallaşmasından sonra bütün diqqət cəbhə xəttində müdafiəyə və bununla yanaşı, iflic olmuş iqtisadiyyatın bərpasına və inkişafına yönəldildi. Böyük qurtuluşdan dərhal sonra xalqın həqiqi lideri olduğunu hər işdə sübuta yetirən Heydər Əliyev yeni quruculuğun, daxili vəziyyətin stabilləşməsinin zəruri tədbirlərini gerçəkləşdirməyə başladı.

Artıq 19 ildir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın iqtisadi inkişafı, ölkədə bərqərar olmuş siyasi sabitlik bütün digər sahələr kimi təhsil sisteminin təşəkkülünə və islahatların aparılmasına da zəmin yaratmış, bu sahədə əsaslı nailiyyətlərin əldə edilməsinə səbəb olmuşdur. Azərbaycanda təhsilin inkişaf tarixinin təhlili göstərir ki, Heydər Əliyevin bütün islahat təşəbbüsləri möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yeni müstəvidə və beynəlxalq təcrübə əsasında davam və inkişaf etdirilmiş, ölkəmizin tərəqqisinə böyük töhfələr vermişdir.

Xüsusi olaraq bir məqamı da qeyd etmək istərdim ki, ulu öndər Heydər Əliyevin müəllim peşəsinə sonsuz diqqət və qayğısı bu gün möhtərəm dövlət başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidenti İlham Əliyev demişdir: “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. Azərbaycan müəlliminin tarixən xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri vardır”.

Birmənalı olaraq demək lazımdır ki, bu gün, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra artıq bütün sahələrdə olduğu kimi, ölkənin təhsil sahəsini də yeni, daha dinamik inkişaf dövrü gözləyir.

Niyazi Nəcəfov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Şirvan Şəhər Komitəsinin sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024