Mobil versiya
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqliyinin monolitliyini təmin etdi
Tarix: 03-06-2022 | Saat: 14:57
Bölmə:Seçki 2024 | çapa göndər

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqliyinin monolitliyini təmin etdi

Azərbaycan və Türkiyə dövlətləri qarşıda duran istənilən vəzifəni həyata keçirməyə qadirdir və xalqlarımız öz milli qürurunu müdafiə etmək üçün hər zaman hər bir addıma fədakarcasına hazırdır. 2022-ci ilin 26–29 may tarixlərində Bakıda keçirilən “Texnofest” zamanı hər iki qardaş ölkə rəhbərlərinin bir daha milli birlik nümunəsi nümayiş etdirmələri buna əyani sübutdur.

Möhtəşəm Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qardaş Türkiyə dövlətinin Azərbaycana açıq siyasi və mənəvi dəstəyi, müharibədən sonra müttəfiqliyimizi rəsmiləşdirən Şuşa Bəyannaməsinin imzalanması, hər iki dövlətin hərbi qüvvələrinin ardıcıl olaraq birgə təlimlərdə iştirakı, müxtəlif xarakterli forumlar təşkil etməsi, dünyada gedən proseslərə hər iki ölkənin eyni münasibət sərgiləməsi tarixin heç bir dönəmində indiki qədər görünməyib. Artıq Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri tam mənası ilə özünü sübut etmişdir. Üstəlik, bu prosesə digər türk dövlətləri də sürətlə qoşulmaqda, siyasi, iqtisadi, mədəni əlaqələrimizdə birliyə, bərabərliyə doğru bir axın müşahidə olunmaqdadır. Bəli, belə də olmalıdır. Çünki Azərbaycan hələ 1991-ci ildə müstəqilliyini bərpa edərkən onu ilk tanıyan dövlət məhz Türkiyə oldu. Bu gün iki qardaş ölkə arasındakı münasibətlər möhkəm təməllərə əsaslanır. Hazırda münasibətlərimiz böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə uyğun olaraq inkişaf edir. Bu birlik modeli və fəlsəfəsi 44 günlük Vətən müharibəsində iki qardaş ölkə arasında münasibətlərin nə qədər möhkəm təməllər üzərində qurulduğunu bir daha göstərdi.

Xüsusilə qeyd etməliyik ki, Vətən müharibəsi və Azərbaycanın tarixi Zəfəri Türkiyə və Azərbaycan arasında münasibətləri tamamilə yeni müstəviyə çıxardı. Birliyimiz yeni mərhələyə qədəm qoydu. Şuşa Bəyannaməsinin təfərrüatlarına baxdıqda bunun nə qədər əhəmiyyətli bir müqavilə olduğu üzə çıxır. Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq, Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirdi. Bu bəyannamə iki xalqın tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqləməklə yanaşı, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterindən xəbər verir.

Prezident İlham Əliyevin təbirincə desək, dünyanın heç bir yerində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin alternativi yoxdur. Bu həqiqətən də belədir. Bu gün hər iki ölkə xoş gündə də, dar gündə də bir-birinin yanındadır. Ən yeni dövrdə buna misal olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfərlərini, Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışına gəlməsini, iki ölkə arasında tarixi müttəfiqlik haqqında Şuşa Bəyannaməsinə imza atmasını, eyni zamanda, mayın 14-də dənizin üzərində inşa edilən nəhəng layihə Rizə-Artvin Hava Limanının iki qardaş ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakını mütləq qeyd etməliyik. Bu birlik həm də düşmənlərə göz dağıdır. Hesab edirəm ki, bu, bir tərəfdən Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini, digər yandan isə iki qardaş ölkənin xoş gündə də, dar gündə də bir-birinin yanında olduğunu növbəti dəfə bütün dünyaya, dosta-düşmənə göstərir.
Yeri gəlmişkən, bu gün qardaş Türkiyə dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub. Türkiyə ilə böyük dövlətlər hesablaşırlar, məsləhətləşirlər. Bu, təsadüfi deyildir ona görə ki, Türkiyə bu yüksək mövqeyə, bu zirvəyə illərdir sərmayə qoyduğu iqtisadi, hərbi, intellektual resursları ilə çata bilmişdir. Xüsusilə son 20 ildə qardaş dövlətin regional gücə çevrilməsi, paralel olaraq Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi kimi durmadan inkişaf etməsi, bütün bunların fonunda həm də birlik, bərabərlik, müttəfiqlik addımları Yaxın və Orta Şərqdə Türkiyə – Azərbaycan ünvanlı yeni güc mərkəzininin faktiki reallığını yaratmış və digər dövlətlərin bununla hesablaşmalı olduğu həqiqətini ortaya qoymuşdur. Bu gün nə Türkiyə, nə də Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil. Hər iki dövlət öz yolu, müstəqil siyasəti, ağıl və dəmir məntiqə əsaslanan birgə münasibətləri, müasir dünyada birlik və bərabərlikdən savayı yollarının olmadığını dərindən anlayan, maraq və mənafelərini birgə müdafiə etməyi və istənilən təzyiqə müştərək müqavimət göstərməyi bacaran ölkələrdir. Azərbaycan dövləti bütün məsələlərdə Türkiyənin yanında olmasını atdığı hər addımında, irəli sürdüyü təşəbbüslərində, verdiyi qərarlarında təsdiqləyir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilən ilk gündən dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etmişdir ki, dost, qardaş ölkələr bu prosesdə də fəal iştirak edə bilərlər və onları yanımızda görmək istəyirik. Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayırlar. O da məlumdur ki, ötən ilin oktyabrında istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanının inşası iki qardaş ölkənin mütəxəssislərinin birgə səyləri nəticəsində ərsəyə gəlmişdir. Bundan əlavə, iki dost ölkənin müştərək investisiya layihəsi olan “Dost Aqropark”ın Zəngilanda təməlinin qoyulması da bura daxildir.

Ən əsası, bu gün Azərbaycanla Türkiyə arasında əlaqələrin bu səviyyədə inkişafı təkcə bu dövlətlərin deyil, həm də bütöv bir regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Birgə reallaşdırılan enerji və nəqliyyat layihələri dövlətləri, xalqları birləşdirir, əlaqələrin inkişafı fonunda çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır. Bu əməkdaşlığın güclənməsi, daha da şaxələnməsi Türk birliyinin qurulmasını ürəkdən arzu edən hər kəsin ümumi istəyidir. Bu arzu, bu niyyət Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin baş prinsipidir.

İlqar İsayev,
YAP Göygöl rayon təşkilatı üzrə Aşıqlı kənd
ərazi partiya təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə