Mobil versiya
Novruzəli Aslanov: ”Azərbaycan həm bölgədə, həm də qitədə çox etibarlı enerji təchizatçısına çevrilmişdir”
Tarix: 03-06-2022 | Saat: 09:27
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: ”Azərbaycan həm bölgədə, həm də qitədə çox etibarlı enerji təchizatçısına çevrilmişdir”

“Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır. Xüsusilə son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji amilinin siyasi hadisələrə təsiri Avropa dövlətlərini yeni enerji mənbələrini təmin etməyə sövq etdi. Bu baxımdan regionun əsas neft və qaz ölkələrindən biri kimi Azərbaycana diqqətin atması təbii idi. Avropa gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini qiymətləndirməyə bilməzdi.

Azərbaycan bölgənin enerji təhlükəsizliyinin əsas təminatçısı rolunu oynamaqdadır. Güney Qafqazda enerji məsələsi getdikcə daha aktual problem kimi qarşıya çıxır. Azərbaycan qazı və neftinin dünyaya çıxarılması məsələsi özlüyündə bir neçə dövlətin bu işdə iştirakını nəzərdə tutur. O dövlətlərin hər birinin enerji təhlükəsizliyi bu aspektdə Azərbaycanın enerji strategiyasından asılı vəziyyətə gəlib. Maraqlıdır ki, bu asılılıq getdikcə artır. Dünyanın hətta aparıcı dövlətləri Azərbaycanın enerji ehtiyatlarından müəyyən bəhrə götürməyə çalışırlar. Bunun bir səbəbi vardır – Azərbaycan etibarlı tərəfdaşdır və onun daxili durumu stabildir. Dünya səviyyəsində böhran yarandığı halda belə, Azərbaycanda vəziyyət sabit olaraq qalır. Bu məsələ artıq ölkəmizin etibarını sübut etmişdir. Xarici ekspertlər Azərbaycanın enerji daşıyıcılarını ixrac etməkdə kəsintisiz davam edəcəyini və ölkəmizin iqtisadi sisteminin dayanıqlı olduğunu deyirlər. Bu dayanıqlılıq Azərbaycanın enerji təhlükəsizliyi məsələsində rolunu artırır”.

Bu fikirləri mətbuata açıqlamasında millət vəkili Novruzəli Aslanov söyləmişdir.

Millət vəkili qeyd etmişdir ki, “Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Bu sahədə Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu imkan vermişdir ki, bu sahəyə diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etmiş, həyat keçirilən bir çox layihələr həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr vermişdir.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin cari ilin 1 iyun tarixində rəsmi açılış mərasimində çıxışında qeyd etdiyi kimi “Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Layihə “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq”.
Birləşmiş Ştatlar və Birləşmiş Krallıq Azərbaycanın enerji siyasətini hər zaman dəstəkləyib. Böyük dəstək nəticəsində effektiv nailiyyətlər əldə olunub. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiyanın İnfrastruktur və İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşməsində iştirak edirlər.

Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur. Komissiya “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında vacib rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasında da mühüm rol oynayacaq. Bununla yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliyi məsələləri də gündəmdədir.

Belə bir beynəlxalq şəraitdə daxili iqtisadi sistemi inkişaf etdirmək strateji əhəmiyyət kəsb edir. Azərbaycanda xarici işçi qüvvəsinin optimal yerləşdirilməsi aktual məsələyə çevrilir. Bu da enerji təhlükəsizliyi ilə müəyyən bağlantısı olan problemdir. O baxımdan Azərbaycanın enerji təhlükəsizliyinin təminatçısı kimi əhəmiyyətinin daha da artacağını təxmin etmək olar.

Məsələnin bu tərəfi bölgəmizin gələcəyi baxımından diqqətləri çox çəkir. Tam əminliklə demək olar ki, Azərbaycan bölgə səviyyəsində enerji təhlükəsizliyinin əsas təminatçısına çevriləcək. Onun rolu artdıqca geosiyasi çəkisi də artacaq. Ona görə də Azərbaycanın enerji strategiyası əhəmiyyəti böyük olan bir məsələdir. Bu işin Azərbaycan rəhbərliyi tərəfindən uğurla aparıldığını da müşahidə edirik. Həmin siyasətin nəticəsində dövlətimizin nüfuzu dünyada artır. Enerji təhlükəsizliyi daha aktual məsələ olmaqda davam edəcəyi halda bu tendensiya bölgədə aparıcı olacaq. Deməli, enerji təhlükəsizliyi faktiki olaraq bölgə səviyyəsində Azərbaycanın dövlət kimi inkişafına birbaşa təsir edən faktora çevrilir.
Bunlar Azərbaycanın enerji strategiyasından maksimum fayda götürməkdə olduğunu göstərir. Belə olan halda həmin siyasətin davam etdirilməsi həyati əhəmiyyət daşıyır.

Millət vəkili bildirmişdir ki, “Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Digər tərəfdən, Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir. Son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük layihələr imzalanmışdır. Burada “Şahdəniz-2”, TANAP və TAP layihələrini xüsusi ilə vurğulamaq olar.

Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev çox gözəl şəkildə bildirmişdi: “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir.” Eyni zamanda, dövlətimizin başçısı “Şahdəniz” layihəsinin Avropanın enerji xəritəsini dəyişəcəyinə əmin olduğunu bəyan etmişdir.
Qlobal əməkdaşlıq mühitində reallaşan Cənub qaz dəhlizi geniş coğrafiyada enerji təhlükəsizliyinə birləşdirici kəmərlərlə Balkanların enerji təchizatına töhfə verəcəkdir”.

Millət vəkili əlavə edərək bildirmişdir ki, “Azərbaycan dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır.
Azərbaycanın şaxələndirilmiş ixrac marşrutları var. Müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırılır.
Azərbaycan zəruri infrastruktura malikdir. Dəniz limanı, bütün istiqamətlərlə bizi birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları mövcuddur. Azad olunmuş ərazilərdə üç yeni hava limanı olacaq. Onlardan biri artıq istifadə verilib. Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq.

Azərbaycanın xarici siyasətində enerji amili öz əhəmiyyətli mövqeyini qorumaqda davam edir. Müxtəlif liderlərin hakimiyyətləri dövründə Azərbaycanın ümumi xarici siyasət strategiyasında ciddi dəyişikliklər nəzərə çarpsa da, Azərbaycanın enerji siyasəti 25 il boyunca əsasən bənzər hədəflərə yönəlmişdir. Azərbaycan bu siyasətlər nəticəsində hazırda öz enerji təhlükəsizliyini təmin edə bilir, eləcə də bəzi digər dövlətlərin enerji təhlükəsizliyində də əsas rollardan birini oynayır.

Eyni zamanda Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Enerji təhlükəsizliyi məsələsinə yanaşmamız ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji resursları rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya aparmalıdır. Bu, ölkəmizin enerji fəlsəfəsidir”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024