Mobil versiya
YAP Göygöl rayon təşkilatı tərəfindən 28 May Müstəqillik Günü münasibətilə “Müstəqilliyimiz əbədidir” mövzusunda elmi praktik konfrans keçirildi - FOTO
Tarix: 27-05-2022 | Saat: 20:31
Bölmə:Gündəm | çapa göndər

YAP Göygöl rayon təşkilatı tərəfindən 28 May Müstəqillik Günü münasibətilə “Müstəqilliyimiz əbədidir” mövzusunda elmi praktik konfrans keçirildi

Bu gün YAP Göygöl rayon təşkilatının qərargahında 28 May Müstəqillik günü münasibətilə “Müstəqilliyimiz əbədidir” mövzusunda elmi praktik konfrans keçirilib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb. YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tədbir iştirakçılarını salamladıqdan sonra Dövlət Himni səsləndirirlib, Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş nitqi ilə çıxış edərək, müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, Azərbaycanın ilk müstəqillik əldə etdiyi tarixdən və Müasir Azərbaycan tarixinin şanlı səhifələrindən, yüksək inkişafa nali olan, möhtəşəm zəfərlərə imza atan Azərbaycanın qurucusu və yaradıcısı Ulu öndər Heydər Əliyevin və layiqli davamçısı cənab İlham Əliyevin misilsiz fəaliyyətlərindən danışmışdır.

Vüqar İsayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Müstəqilliyi qazanmaq çətindir, amma onu qoruyub saxlamaq isə ondan da çətindir” sözləri zamanın sınağından çıxdı. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən böyük sərvətimizdir. Ümummilli Liderin sözləri ilə desək, “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir”. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev müstəqillik yolu ilə irəliləyən Azərbaycanı daha böyük zirvələrə çatdırıb və ölkəmiz bütün dünyada güclü dövlət kimi tanınır.

Üçbulaq kənd ərazi partiya təşkilatının sədri Nigar Səfxanova “Müstəqilliyimiz əbədidir” mövzusunda çıxış edərək 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar Rusiyası devrildikdən sonra, çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandığını, 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət Azərbaycan Xalq Cümhuriyyəti yarandığını bildirərək qeyd etmişdir ki, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə ordusu yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın təhsili milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, Azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Bu gün xalqımız xoşbəxtdir ki, üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda dalğalanır. Bunun üçün Ulu öndər Heydər Əliyevə və Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.

Sonra rayonun İctimai-siyasi həyatında fəal iştirak edən ərazi partiya təşkilat sədrlərindən Kamil Hüseynov, Mətləb Hüseynov fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuş, YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilmiş Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan 1-ci “Rəqəmsal İdeya Müsabiqəsi”nə vəsiqə qazanaraq finalda iştirak edən Göygöl rayon gənclərindən Sərdar Novruzzadə, Günay Novruzzadə, Nərmin Abbasova və gənclərin yetişdirilməsin və inkişafında xidmətləri olan Maarif Quliyev və Raul Abbaszadə tədbir iştirakçılarına təqdim olunaraq fəxri fərmanlarla təltif olunmuşlar.

Tədbirin sonunda üzvlüyə yeni qəbul olunmuş bir qrup partiya üzvünə üzvlük vəsiqələri təqdim olunmuş, yekunda konsert proqramına baxılmışdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə