Mobil versiya
Azərbaycanın öz enerji təhlükəsizliyini 100 faiz təmin etməsi ölkənin bütün sahələrdə dayanıqlı inkişafını təcəssüm etdirir.
Tarix: 21-05-2022 | Saat: 13:10
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycanın öz enerji təhlükəsizliyini 100 faiz təmin etməsi ölkənin bütün sahələrdə dayanıqlı inkişafını təcəssüm etdirir.

Bu gün Azərbaycanın hərtərəfli dinamik inkişafı enerji təhlükəsizliyinin təmin olunması nümunəsində açıq aydın görünür. Ölkəmizin müstəqil enerji siyasəti regionda çoxşaxəli əməkdaşlığın dərinləşməsində strateji faktor kimi çıxış edir, ölkəmizin beynəlxalq arenadakı mövqeyi, həmçinin regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyi daha da güclənir.

Azərbaycanın enerji resurslarından səmərəli istifadə etməsi beynəlxalq əlaqələrinin müxtəlif sahələrdə inkişafı üçün yeni perspektivlər vəd edir. May ayının 18-də Litvanın dövlət başçısı ilə Prezident İlham Əliyev arasında keçirilən birgə və geniş tərkibdə görüşlər, mətbuata bəyanatlar, biznes forumda səsləndirilən fikirlər də bunun bariz ifadəsidir. Dövlətimizin başçısı mətbuata bəyanatında Litvanın Azərbaycan ilə uzun illər ərzində strateji tərəfdaş olduğunu, uğurlu əməkdaşlıq həyata keçirdiyini, iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq üzrə Bəyannamənin, səmərəli əlaqələrin mahiyyətini əks etdirdiyini, indiki səfərdən sonra isə münasibətlərin yeni səviyyəyə yüksələcəyini bildirib.

Azərbaycan-Litva biznes forumunda çıxış edərək, respublikamızda investorlar üçün əlverişli biznes mühitinin mövcudluğunu bildirən dövlətimizin başçısı bu sahədə yüksək göstəricilər əldə edildiyini, xarici sərmayə yatırımının 10 milyard dollarla dəyərləndirildiyini diqqətə çatdırıb. Ölkə rəhbəri bununla belə xarici şirkətlərin investisiya portfelinin şaxələndirilməsinin də çox vacib amil olduğunu bildirib: “İnvestisiya proqramlarımızın ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi biz bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir”.

İnvestisiyadan söz düşmüşkən, qeyd edək ki, iqtisadiyyata sərmayə qoyuluşuna marağın getdikcə artması, ilk növbədə, ölkəmizin siyasi cəhətdən sabit olması ilə bağlıdır. Bununla bərabər, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində respublikada güclü iqtisadi potensial mövcuddur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bir sözlə, hökumət ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.

Azərbaycan bu gün dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib. Dövlətimizin başçısının nitqində vurğulandığı kimi, ənənəvi olaraq enerji sektoru Azərbaycan iqtisadiyyatda aparıcı sahə olub və bundan sonra da davam edəcək. Bu baxımdan gələcəkdə də neft-qaz sənayesinin inkişafı, energetika infrastrukturunun genişləndirilməsi diqqət mərkəzində saxlanılacaq. Respublikamızda ötən illər ərzində neft-qaz sənayesində yüksək göstəricilərin əldə olunmasını məhz bu amil şərtləndirib. Konkret desək, şaxələndirilən neft-qaz boru kəmərləri yaxın-uzaq ölkələrin enerji təhlükəsizliyini təmin edib. Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumundakı çıxışında bu barədə deyib: “Xüsusilə biz indi Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisini, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemini yekunlaşdırmışıq. Əlbəttə ki, bizim iqtisadiyyatın ənənəvi sahəsi olan neft sektorunun inkişaf etdirilməsi yerli məqsədlər və bir çox ölkələrin enerji təhlükəsizliyi üçün vacib rol oynamaqda davam edir. Bununla belə, şaxələndirmə bizim əsas hədəfdir. Çünki biz başa düşürük ki, şaxələndirmə olmadan davamlı iqtisadiyyat yaratmaq üçün bizim planlar yerinə yetirilməyəcəkdir. Biz bu xüsusda yaxşı nəticələr görürük”. Dövlətimizin başçısı çıxışında bütün bu fikirlərini cari ilin 4 ayının nəticələrinə əsaslanan konkret rəqəmlərlə əsaslandırıb, ölkə iqtisadiyyatının 7,2 faiz artdığını, qeyri-neft sektorunda 11,4 faiz artım əldə olunduğunu, xarici borcun ümumi daxili məhsulun yalnız 12,5 faizi həcmində qeydə alındığını, xarici borcun ümumi daxili məhsulun 10 faizi həcminə qədər azaldılmasının qarşıya mühüm vəzifə kimi qoyulduğunu diqqətə çatdırıb.

Biznes forumda Azərbaycanın ümumi iqtisadi artımından danışılarkən, enerji təhlükəsizliyi məsələsinə də toxunulub və hazırda Azərbaycanın öz enerji təhlükəsizliyini 100 faiz təmin etdiyi və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqı üzvlərinin də enerji təhlükəsizliyini gerçəkləşdirdiyi diqqətə çatdırılıb. Bununla bağlı dövlətimizin başçısı deyib: “Biz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edirik. Bizim planlarımıza qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Neft ixracına gəldikdə, ixracın bugünkü profili bizi və istehlakçıları qane edir. Eyni zamanda, bugünkü geosiyasi vəziyyəti nəzərə alsaq, aydın olur ki, Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyük olacaq. Bu il biz artıq Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoquna başlamışıq. O, bir çox sahələri - neft, qaz, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji mənbələrini əhatə edir”.

Azərbaycan Prezidenti enerji təhlükəsizliyindən danışarkən, həmçinin bildirib ki, ölkəmiz hər zaman etibarlı, ədalətli nizamlama və qanunvericilyə əsaslanan bazarlara ehtiyac duyub. Bu baxımdan Avropa bazarı hər zaman diqqət çəkib. Təbii ki, Azərbaycan da Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilib.

Respublikamızda bərpaolunan enerjinin 2030-cu ilə qədər ümumi balansda ən azı 30 faiz olması isə enerji ixracı ilə bağlı dəyişikliyi şərtləndirə bilər: “Fikrimcə, biz hətta enerji balansımızda 30 və ya 40 faiz bərpaolunan enerjini nəzərdə tuta bilərik. Onda, əlbəttə ki, Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər. Biz bunun üzərində işləyirik. Bu baxımdan, biz düzgün yoldayıq”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024