Mobil versiya
V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının “Azad Şuşa”da keçirilməsi Şanlı Qələbəmizin təntənəsidir
Tarix: 16-05-2022 | Saat: 10:38
Bölmə:Media | çapa göndər

V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının “Azad Şuşa”da keçirilməsi Şanlı Qələbəmizin təntənəsidir

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı çox qürurverici olmaqla, xalqımıza qələbə hissini bir daha yaşatdı. Qeyd edək ki, Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa ili”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Mayın 14-də başa çatan sayca beşinci festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatıldılar. Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak etdilər. Dünyanın bir çox ölkələrindən olan musiqiçilərin qatıldığı festivala Azərbaycanın rəhbərliyinin bu cür yüksək diqqət və qayğısı bu beynəlxalq tədbirin əhəmiyyətini daha da artırıb.
Yeri gəlmişkən, Qarabağda keçirilən mədəni tədbirlərlə yanaşı, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma, bərpa-quruculuq işləri də beynəlxalq aləmin diqqət mərkəzindədir. Dünyanın bir sıra ölkələrindən olan şirkətlərin Qarabağda aparılan tikinti-bərpa işlərinə qoşulması da bundan xəbər verir. Həyata keçirilən tədbirlər bir daha təsdiqləyir ki, Qarabağ əvvəlkindən də gözəl və cəlbedici olacaq. Ən azından ona görə ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri bu yerlərə yenidən həyat verir, şəhərlər, kəndlər yenidən qurulur. Bir sözlə, işğaldan azad edilmiş bütün ərazilərdə quruculuq-abadlıq işləri sürətlə aparılır.


Bu cəhətdən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri mühüm əhəmiyyət daşıyır. Onların bir neçə gün əvvəl Füzuli və Şuşa şəhərlərinə səfərləri zamanı da bunun şahidi olduq. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın festival ərəfəsində Füzuli rayonuna səfərləri, orada 180 çarpayılıq xəstəxananın, peşə liseyinin, həmçinin yeni parkın təməlinin qoyulması ilə yadda qalıb. Səfərin davamı olaraq, Şuşa şəhərində aparılan abadlıq və bərpa işləri ilə tanışlıq da yaxın illərdə Qarabağın cənnətə dönəcəyindən xəbər verir. Çünki hazırda Şuşada bərpa-quruculuq işləri geniş vüsət alıb. Qeyd edək ki, dövlət başçısı və birinci xanım səfər zamanı Şuşadakı inzibati binada, Şirin su hamamında, tarzən Sadıqcanın evində, Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar. Xatırladaq ki, burada məscid və mədəni abidələrin bərpası və yenidən qurulması Heydər Əliyev Fondunun rəhbərliyi ilə həyata keçirilir.

Onu da vurğulamaq yerinə düşər ki, Şuşa artıq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Eyni zamanda, birmənalı şəkildə demək olar ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 30 illik fasilədən sonra Azərbaycanın mədəniyyət paytaxtında 2021-ci il mayın 12–13-də IV “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı yenidən təşkil edilməsi və cari ilin 12 may tarixində Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi Şanlı Qələbəmizin təntənəsidir. Belə ki, bu tədbirlərlə bütün dünya bir daha şahid olur ki, Qarabağ Azərbaycandır! Dövlət başçımız Şuşadan xalqa müraciətində də bunu bir daha bəyan etdi: “ Biz – bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik”.
Bəli, “Şanlı Qələbə”nin təntənəsi bundan sonra hər an “Azad Şuşa”da, “Azad Qarabağ”da qürur hissi ilə yaşanacaqdır.

Gülnarə Həsənova,
YAP Göygöl rayon təşkilatı üzrə Üçtəpə kənd
ərazi partiya təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2025