Mobil versiya
Heydər Əliyev öz müdrik rəhbərliyi Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir
Tarix: 09-05-2022 | Saat: 15:09
Bölmə:Seçki 2024 | çapa göndər

Heydər Əliyev öz müdrik rəhbərliyi Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir

Ötən əsrin əvvəlləri kimi, sonları da Azərbaycan üçün mürəkkəb və ziddiyyətli, dinamik və taleyüklü proseslərlə səciyyələnən zəngin dövlət quruculuğu dövrü kimi tarixə qovuşmuşdur. Təbiidir ki, tarixə qovuşma prosesi müəyyən zaman daxilində baş verir və bu zamandan maksimum səmərəli yararlanma, onu xalqın, millətin inkişafına, gələcəyinə, dövlətin möhkəmləndirilməsinə yönəltmək missiyası şəxsiyyətlərin fəaliyyəti, adı ilə bağlı olur. Heydər Əliyev şəxsiyyət kimi tarixi hadisədir. Tarix şəxsiyyəti, bu cür şəxsiyyətlər isə tarixi yaradır. Müdriklər demişlər ki, şəxsiyyəti mühit və hadisələr yetirir, ancaq hadisələri də şəxsiyyətlər idarə edir və hadisələr özü də onların izini daşıyır.
Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Heydər Əliyevin adı ilə sıx bağlıdır.Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Azərbaycanın 1969-cu ildən bəri yaşanan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.Tarixi bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Xalqın tarixi yaddaşının özünə qaytarılması onun qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratdı.
Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. İnamla deyə bilərik ki, bu siyasət 2003-cü ilin oktyabrından Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Cənab İlham Əliyev respublikamızı uğurlu innovativ inkişaf yoluna çıxarmaqla, Cənubi Qafqaz bölgəsində həyata keçirilən qlobal enerji-kommunikasiya layihələrinin başlıca təminatçısına çevrilmişdir. Xalqa layiqli xidmət andını əməli işi ilə doğrultmuş dövlət başçısı Azərbaycanın iqtisadi inkişaf prioritetlərini dəqiq müəyyənləşdirmiş, hər bir vətəndaşın maraq və mənafeyinin yüksək səviyyədə təminatına yönəlmiş demokratiya kursunu inamla davam etdirmişdir. Respublikamız hazırda inkişafının elə mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının ən müxtəlif sahələrində tərəqqi və intibaha, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna xidmət edən, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan islahatları əzmlə gerçəkləşdirmək imkanı yaradır. Prezident İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyərək Avratlantik məkana inteqrasiya kursunu davam etdirən, qlobal enerji və kommunikasiya layihələrinin mərkəzinə çevrilən, Ümumi Daxili Məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasında yer tutan respublikamızda xalqın inamlı sabahı baxımından strateji əhəmiyyət daşıyan demokratikləşmə prosesinin sürətləndirilməsi xüsusi diqqət mərkəzindədir. Cənab İlham Əliyev prezident seçkisindən sonra bəyan etmişdi ki, “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm”. Prezident İlham Əliyevin bu bəyanatı ulu öndər Heydər Əliyev ideallarına sadiqlikdən irəli gəlmişdir. Bu siyasi irs Azərbaycanda milli dövlətçiliyin dini, siyasi və etnik tolerantlığı imperativ kimi qəbul edən müasir modelini, dünyanın mövcud reallıqları kontekstində inkişaf tapmış demokratik idarəetmə fəlsəfəsini, mənəvi dəyərlərimizin qorunmasını, cəmiyyətin bütün potensialının milli maraqlar kontekstində səfərbər edilməsini, ictimai-siyasi sabitlik faktoruna istinad edən yeni iqtisadi inkişaf strategiyasını, habelə hakimiyyətlə cəmiyyət arasında daimi həmrəyliyin yaradılmasının elmi əsaslarını kifayət qədər təkmil formada özündə əks etdirir. Dövlət başçısı İlham Əliyev ölkədə milli birliyin möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı faktoruna çevrilməsi istiqamətində mühüm işlər görmüşdür. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyilə hakimiyyətə qayıdışı ilə Azərbaycanda əldə edilmiş milli birlik ölkəmizin ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir və cənab İlham Əliyev ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır. İnsan hüquqlarının maksimal müdafiəsini nəzərdə tutan bu addımlar özündə həm də humanist dəyərləri, mütərəqqi prinsipləri ehtiva edir.
Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış ümummilli lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Bu gün xalqımız ümummilli liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.

Namiq Rüstəmov
YAP Gədəbəy rayon təşkilatı Statistika İdarəsi ərazi partiya təşkilatının sədrİ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024