Mobil versiya
Hazırda işğaldan azad edilən Qarabağ və ətraf bölgələrimizdə bərpa-quruculuq işləri sürətlə aparılır
Tarix: 02-05-2022 | Saat: 10:20
Bölmə:Seçki 2024 | çapa göndər

Hazırda işğaldan azad edilən Qarabağ və ətraf bölgələrimizdə bərpa-quruculuq işləri sürətlə aparılır

Prezident İlham Əliyev tərəfindən ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın iştirakçılarının suallarının dolğun cavablandırılması Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara aydınlıq gətirilməsi baxımından mühüm əhəmiyyəti ilə diqqət çəkdi. Bu cavablarda Azərbaycan həqiqətləri ilə yanaşı, dünya ictimaiyyətinə olduqca mühüm mesajlar da yönləndirildi. Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi. Bu beynəlxalq konfrans, eyni zamanda, dövlətimizin başçısının yeni informasiya strategiyasının İkinci Qarabağ müharibəsinin qalibi olan Azərbaycanın informasiya məkanında da Ermənistanın yalan üzərində qurulan siyasətinə son qoyduğunu təsdiqlədi. Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti Azərbaycanı qalib etməklə dünyada və regiondakı mövqelərini tarixdə görünməmiş dərəcədə möhkəmləndirdi.

Qeyd edək ki, konfransda dövlətimizin başçısının qətiyyətli siyasəti ilə müharibənin Ermənistan və onun havadarlarının acı məğlubiyyəti ilə nəticələnməsi, Azərbaycan uzun illər çəkən bu ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxması, eyni zamanda, haqq savaşında döyüşçülərimizin vətənpərvərlik ruhunun yüksək olması barədə ətraflı bəhs edildi.

Yeri gəlmişkən, ADA Universitetində keçirilən beynəlxalq konfrans bir daha göstərdi ki, müharibə dövründə olduğu kimi, postkonflikt mərhələdə də Prezident İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında mühüm rol oynayır. Bu, dövlətimizin başçısının ayrı-ayrı suallara dolğun cavablarından da aydın nəzərə çarpır. Bu baxımdan, ölkə rəhbərinin ermənilər tərəfindən basdırılan çoxsaylı minaların yüz minlərlə məcburi köçkünün işğaldan azad olunan rayonlara qaytarılmasına ciddi maneə yaratması ilə bağlı fikirləri xüsusi diqqət çəkib. Dövlətimizin başçısı bildirib ki, müharibə başa çatandan sonra Ermənistanın mina xəritələrini verməməsi səbəbindən ötən müddətdə çox sayda azərbaycanlı həlak olub və ya yaralanıb. Bu bədbəxt hadisələr bir daha onu göstərir ki, mənfur düşmən işğaldan sonra nəinki bütün yaşayış sahələrini, infrastrukturu, təmas xəttinə yaxın olan əraziləri, yolları, önəmli strateji yüksəklikləri minalayıb, hətta müharibədən sonra təhlükəli zonaların xəritəsini verməkdən belə imtina edib.

Dövlətimizin başçısının konfransda vurğuladığı kimi, indiyədək türkiyəli mütəxəssislər Azərbaycana minatəmizləmə işlərində kömək etsələr də, hazırda bu məsələ ilə bağlı daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac var. Təəssüflər olsun ki, bu cür dəhşətli davranışa görə Ermənistana heç bir irad tutulmur. Hazırda tapılan minalar yeni basdırılanlardır və həmin ərazilər onları aşkar etmək üçün çox əlverişsizdir. Bu, bir daha işğalçının davranışının göstəricisidir, onlara heç bir pislik etməyən, doğma yurdlarında yaşamağa gələn məcburi köçkünlərə qarşı nifrətin səviyyəsidir.

Prezident İlham Əliyev konfransda Qarabağ və Şərqi Zəngəzurda başlanan tikinti-quruculuq layihələrinin icrasını ləngidən ən böyük çətinliklərdən birinin də məhz Azərbaycan torpaqlarının işğal dövründə minalanması ilə bağlı olduğunu deyib: “Bu, ən böyük problem və ən böyük faciələrdəndir. Çünki müharibənin bitməsindən sonra minalar səbəbindən 200-dən artıq hərbçi və mülki vətəndaşımız minaya düşərək həlak olmuş və ya ağır yaralanmışdır. Düzgün qeyd etdiniz ki, onlar minaları müharibədən sonra yerləşdiriblər və Kəlbəcərdə yeni basdırılmış minanın partlaması nəticəsində faciə baş vermiş və iki jurnalistimiz həlak olmuşdur. Hazırda bütün əraziləri minalardan təmizləmək olduqca çətindir, çünki bizim buna fiziki imkanlarımız yetmir. Bizim Minatəmizləmə Agentliyimiz illər əvvəl yaradılıb və hazırda biz heyətin sayını artırır və yeni avadanlıqlar alırıq, o cümlədən, minalanmış əraziləri müəyyən edən dronlar əldə edirik, lakin bu, çox vaxt və zəhmət tələb edir”.

Dövlətimizin başçısı konfransda Vətən müharibəsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda başlanan tikinti-quruculuq layihələrinin icrası barədə də ətraflı məlumat verib. Ölkə rəhbəri Laçında beynəlxalq hava limanının tikintisinin 2024-cü ildə başa çatdırılmasının nəzərdə tutulduğunu, Zəngilanda isə bu prosesın cari il yekunlaşacağını bildirib. Prezident İlham Əliyev, eyni zamanda, müharibədən sonra aparılan bərpa prosesi çərçivəsində elektrik stansiyalarının inşasının diqqətdə saxlanıldığını, 20 meqavatlıq yeni stansiyanın ötən il inşa edildiyini, bu il daha bir 25 meqavatlıq stansiyanın istifadəyə veriləcəyini də xatırladıb. Ölkə rəhbəri, həmçinin bütün Qarabağ və Şərqi Zəngəzurun elektrik xətləri ilə birləşdirildiyini, bəzi hallarda həmin xətlərin ilin altı ayı qarlı olan 3500 metrlik dağlar üzərindən salındığını qeyd edib.

Prezident İlham Əliyev konfransda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə enerji nəql edilmədiyini xatırladıb və Ermənistandan Xankəndiyə gedən qaz xəttinin Azərbaycanın nəzarətində olan ərazidən keçdiyini, bu yaxınlarda orada qəza baş verdiyindən bir neçə gün ərzində qazın nəqlində fasilə yarandığını da diqqətə çatdırıb: “Təəssüflər ki, bizi dərhal orada humanitar fəlakətə səbəb olmaqda ittiham etdilər. Bu, bir daha ikili standartlardır, çünki Birinci Qarabağ müharibəsi başlayanda ermənilər Azərbaycanın əsas ərazisindən Naxçıvana gedən qaz xəttini kəsdilər və 15 il ərzində o zaman 400 min əhalisi olan Naxçıvan təbii qazsız yaşamalı oldu. Orada qış sərt olur, temperatur mənfi 30 dərəcədən aşağı düşür və heç kəs Ermənistanı Naxçıvanda humanitar fəlakətə səbəb olmaqda ittiham etmədi. Yalnız 2005-ci ildə biz İranla razılığa gələrək oraya qaz kəməri inşa etdik və bu gün Naxçıvan 100 faiz qazla təmin edilir. Biz isə nə etdik? Biz Ermənistandan Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsinə gedən kəməri təmir etdik və qazın nəqli bərpa olundu…”.

Vurğulamaq yerinə düşər ki, Azərbaycanda energetika sektorunun müasir tələblər səviyyəsində inkişafı, vətəndaşların enerji resurslarına əlçatanlığının və məmnunluğunun təmin olunması Prezident İlham Əliyevin sosial-iqtisadi siyasət kursunun prioritet hədəfləri sırasındadır. Postmüharibə dövründə isə düşməndən təmizlənən ərazilərdə gedən bərpa-quruculuq işləri dövlətimizin başçısının xüsusi diqqətindədir.

Hazırda işğaldan azad edilən Qarabağ və ətraf bölgələrimizdə bərpa işləri sürətlə aparılır. Bu torpaqlarda infrastrukturun yenidən qurulması, energetika sisteminin yaradılması xüsusi diqqətdə saxlanılır. Ölkə rəhbərinin konfransda bildirdiyi kimi, Qarabağ və ətraf bölgələrimizdə bərpaolunan enerji mənbələrinin reallaşdırılmasına mühüm önəm verilir. Prezident İlham Əliyevin ötən il mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalaması da bunun bariz ifadəsidir. “Yaşıl enerji” zonası layihəsinin Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılmasını potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, adları çəkilən bölgələrin bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür. Başqa sözlə, “yaşıl enerji” zonası kimi bərpa olunan Qarabağ və Şərqi Zəngəzurun dünyanın ən müasir yaşayış məskənlərindən biri olaraq yenidən qurulmasına xüsusi əhəmiyyət verilir. Dövlətimizin başçısının konfransda bununla bağlı fikirləri də ölkə rəhbərinin bu sahəyə xüsusi əhəmiyyət verməsinin əyani nümunəsidir: “Yaşıl gündəliklə bağlı – mən artıq Qarabağı yaşıl zona elan etmişəm və bu, o deməkdir ki, bu, həyata keçiriləcək. Çünki mən heç vaxt icrasına əmin olmadığım məsələləri bəyan etmirəm. Eyni zamanda, bu yaşıl gündəlik ölkənin digər bütün ərazilərində tətbiq ediləcək”.

Prezident İlham Əliyev konfransda Zəngəzur dəhlizinin gerçəkləşməsi istiqamətində atılan addımlar barədə fikirlərini də bildirərək, Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizi layihəsinə əsasən, bu infrastrukturun bir hissəsinin Ermənistanın ərazisindən keçəcəyini vurğulayıb: “Əminəm ki, keçəcək, lakin onlar yenə də vaxt itirirlər. Çünki biz artıq Ermənistan sərhədinə avtomagistralı və dəmir yolunu tikirik və dəmir yolu bu ilin sonuna kimi hazır olacaq və avtomagistral ola bilsin sonra”.

Dövlətimizin başçısı daha sonra qeyd edib ki, Ermənistan bu prosesdə iştirak etməsə, o zaman Azərbaycan alternativ variantdan yararlanacaq, dolayı yollarla keçəcək. Ölkə rəhbəri ötən ay bu məqsədlə Ermənistandan yan keçən körpülərin tikilməsi üçün artıq İranla anlaşma memorandumunun imzalandığını da xatırladaraq, deyib: “Baxın, biz neft və qaz kəmərləri layihələri ilə bağlı onlardan yan keçdik və Gürcüstan bundan faydalanır, tariflərdən yaxşı vəsait əldə edir. Tbilisidən Qarsa yol çəkəndə də biz onlardan yan keçdik. İndi isə hərbi uğursuzluğunun faydalarının mümkün olduğunu öz xalqına göstərmək üçün əllərinə tarixi fürsət düşdükdə, – bu fayda regionun bir hissəsi olmaq və sərvətə çıxış əldə etməyi nəzərdə tutur, – yenə də onlar bir il yarım müddətində bu işi əngəlləyirlər”.

Göründüyü kimi, Prezident İlham Əliyevin informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır, milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət kimi mühüm amillər üzərində qurulub.

Ekspertlər dövlətimizin başçısının müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığını və onları peşəkar formada cavablandırmaq bacarığını, yüksək məntiqi, intellekti, diplomatik məharəti, dünyada, regionumuzda, həmçinin ölkəmizdə baş verən hadisələr, habelə cərəyan edən proseslər barədə tam məlumatlılığını, elmi-politoloji biliyini yüksək qiymətləndirir və onun dünya səviyyəli siyasətçi olduğunu bildirirlər.

Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024