Mobil versiya
Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanğıcı oldu
Tarix: 27-04-2022 | Saat: 12:52
Bölmə:Seçki 2024 | çapa göndər

Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanğıcı oldu

Məlum olduğu kimi, bu günlərdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı baş tutub. Dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı bir araya gətirən Dünya Azərbaycanlılarının Zəfər Qurultayında iştirak edən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm Vətən müharibəsindəki Böyük Qələbəni, həm postmüharibə dövrünün yeni reallıqlarını qiymətləndirib, həm də dünya birliyinə açıq mesajlar ünvanlayıb. Postmünaqişə dövrünün reallıqlarını dəyərləndirən Prezident məğlub Ermənistan və onun havadarlarına bir daha çatdırıb ki, Qarabağ münaqişəsi bitib, status-kvonu Azərbaycan öz gücünə dəyişib, bundan sonra hansısa siyasi oyun oynamaq mənasızdır və hər kəs bu reallıqları qəbul etməlidir.

Yeri gəlmişkən, qeyd edək ki, Dünya Azərbaycanlılarının I Qurultayı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib. Dünya Azərbaycanlılarının V qurultayının məhz “Şuşa ili”ndə mədəniyyət paytaxtımızda qeyd edilməsinin çox böyük tarixi və rəmzi mənası var. Belə ki, bu qurultay şanlı qələbədən sonra dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirib. Prezident İlham Əliyev qurultayın açılışında çıxışı zamanı məhz buna görə də budəfəki toplantını “Zəfər Qurultayı” adlandırdı.

Dövlət başçısının çıxışından sonra Zəfər Qurultayının iştirakçılarının hamılıqla səsləndirdiyi “Qarabağ Azərbaycandır!” şüarının sədası bütün Qarabağa, Şərqi Zəngəzura yayılıb. Rusiya sülhməramlılarının nəzarəti altındakı Azərbaycan torpaqlarında, o cümlədən Xankəndidə yaşayan Qarabağın erməni əhalisinə bir daha bəlli oldu ki, bundan sonra tarix boyu Azərbaycan bayrağının kölgəsi altında yaşayacaqlar.
Beləliklə, Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəallıq göstərən insanlar onillərdən bəri xalqımızın haqq mübarizəsinin ən parlaq nəticəsi - mərd oğulların dastan yazdığı doğma Şuşa şəhərində bir araya gəldilər. Bu baxımdan, Zəfər Qurultayı yeni reallıqlar şəraitində Azərbaycan diasporunun fəaliyyəti üçün həm də yol xəritəsi olub. Şuşa Qurultayında əsas mövzular arasında postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili dayanıb.

Müharibə zamanı xaricdə yaşayan soydaşlarımızın apardığı informasiya müharibəsinin bu gün də davam etdirilməsini vacib məsələ hesab edən Prezident İlham Əliyev bildirib ki, müharibə bitsə də, ölkəmizə qarşı olan ərazi iddiaları hələ başa çatmayıb: “Əminəm ki, biz postmüharibə dövründə göstərdiyimiz səylər nəticəsində və bundan sonra göstərəcəyimiz səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik”.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan postmüharibə dövrünə tam hazırdır və öz sülh gündəliyini təqdim edir. Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə Azərbaycan bir daha xoş niyyətini göstərir. Avropa İttifaqının təşəbbüsü ilə keçirilən sülh danışıqları zamanı müəyyən razılaşmalar da olub.

Müzəffər Ali Baş Komandan eyni zamanda Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələrə də səsləndi: "Həmin qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq".

Prezident dedi ki, xaricdə yaşayan gənc azərbaycanlılar həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməli, həm də bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar. Yəni, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, milli maraqların müdafiə edilməsi, dövləti daha da gücləndirir.

Beləliklə, Zəfər qurultayı Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyevin yeni dövrün inkişaf strategiyası ilə bağlı bütövlükdə dünya azərbaycanlıları üçün əsas hədəfləri müəyyənləşdirdi, tövsiyə və tapşırıqlarını verdi, eyni zamanda iqtisadi cəhətdən tənəzzülə uğrayan məğlub Ermənistana son şans verdi.

Zamir Hüseynov,
YAP Göygöl rayon təşkilatının məsul işçisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024