Mobil versiya
Adil Əliyev: Şuşa dünya azərbaycanlıları üçün mənəvi paytaxtdır
Tarix: 25-04-2022 | Saat: 14:37
Bölmə:Siyasət | çapa göndər

Adil Əliyev: Şuşa dünya azərbaycanlıları üçün mənəvi paytaxtdır

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi bu şəhərin ümummilli birləşdirici məkan və simvol kimi yerini möhkəmləndirdi. Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 2001-ci ildə siyasi paytaxtımız Bakıda keçirilmişdi. Zəfər Qurultayı kimi tarixə düşən Dünya Azərbaycanlılarının V Qurultayının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Şuşada keçirilməsi və onun həmin tədbirdəki çıxışı göstərdi ki, Şuşa dünya azərbaycanlıları üçün mənəvi paytaxtdır.

Şuşa Azərbaycanın tarixində, azərbaycanlıların qəlbində və düşüncəsində həmişə xüsusi yer tutub. Ulu Öndər deyirdi ki, “Şuşa Azərbaycanın gözüdür”, “Biz o torpaqlara mütləq qayıdacağıq”. Şuşanın düşmən işğalından azad edildiyi gün Prezident İlham Əliyev tərəfindən “Zəfər Günü” elan olundu və həyatımıza Zəfər bayramı kimi daxil oldu. Şuşa azad olunduqdan sonra bu şəhər “Azərbaycanın mədəniyyət paytaxtı” elan edildi. Prezident İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan etdi. TÜRKSOY təşkilatı isə Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edib.

Bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev ifadə edib.

Adil Əliyev qeyd edib ki, mədəniyyət mənəviyyatla bağlıdır. Şuşa Azərbaycanın mədəni və mənəvi irsi və rəmzləri ilə zəngin şəhərdir. Bütün bunlar onu deməyə əsas verir ki, Şuşa dünya azərbaycanlıları üçün mənəvi paytaxtdır. Zəfər Qurultayının Şuşada keçirilməsi, bütün dünyada yaşayan azərbaycanlıların Şuşaya toplaşması bunu açıq şəkildə göstərir.

“Bu mənada Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Qurultayındakı nitqi xüsusi vurğulanmalıdır. İlk növbədə, qeyd etməliyəm ki, nitqində söylədiyi fikirlər Prezident İlham Əliyevin Şuşanın və Azərbaycanın son 250 illik tarixinin ən mühüm məqamlarına, eləcə də işğala aparan proseslərə, işğal dövründə baş verən hadisələrə, 44 günlük Vətən müharibəsinə, müharibədən sonrakı planlara və sülh quruculuğu perspektivlərinə dair həm icmal xarakterli, həm də dəqiq qiymətləndirməyə əsaslanan baxışını əks etdirir. Şuşa azərbaycanlılar üçün böyük mənəvi dəyərə malikdir. Prezident İlham Əliyev çıxışında bu məqama toxunaraq qeyd etdi ki, tarixin müxtəlif dövrlərində Şuşanın erməniləşdirilməsinə yönəldilmiş böyük səylərə, xüsusən də onun keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə qatılmasına, 28 il işğal altında saxlanmasına baxmayaraq, Şuşa milli ruhunu qoruyub saxladı. Məhz milli ruhumuzun daşıyıcısı olduğu üçün mədəniyyət beşiyimiz adlandırılan Şuşa Azərbaycan mənəviyyatında özünəməxsus yer tutan mədəniyyət və mənəviyyat şəhərimizdir. Şuşa həm də Qarabağın rəmzidir və Prezidentin istinad etdiyi kimi, Kürəkçay müqaviləsində Qarabağ xanı “Şuşalı İbrahimxəlil xan” kimi qeyd olunur. Təsadüfi deyil ki, Şuşa azad olunduqda cəmi bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Çünki tarix sübut edib ki, Şuşa kimindirsə, Qarabağ da onundur.

Azərbaycan Prezidenti qeyd etdi ki, işğal dövründə Şuşada cəmi 1800 nəfər erməni yaşayıb və onlar da hərbçilərdən və onların ailələrindən ibarət olub. Bu, Şuşanın azərbaycanlılar üçün mənəvi gücünü göstərir. Çünki Şuşanın hər daşı, hər qayası, hər küçəsi, hər bulağı Azərbaycandan xəbər verir, Azərbaycana məxsusluğunu göstərir. Bu baxımdan təsadüfi deyil ki, Şuşadakı bulaqlar işğal dövründə qurudulmuşdu və Şuşa azad olduqdan sonra həmin bulaqlar yenidən bərpa olunur. Çünki azərbaycanlılar Şuşaya – doğma Vətənə qayıdır. Məhz doğma Vətən uğrunda döyüşdükləri üçün Vətən müharibəsində Azərbaycan Ordusunda bir nəfər fərarilik etmədi. Halbuki, Ermənistanın rəsmi məlumatına görə, onlarda fərarilərin sayı on min nəfərdən çox olub”, - deyə Milli Məclis sədrinin müavini əlavə edib.

A.Əliyevin qeyd edib ki, ölkəmizdə və dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların xəyallarında, arzularında Şuşanı ziyarət etmək istəyi birinci yerdə durur, hər bir azərbaycanlı Şuşanı görməyə, Şuşanı ziyarət etməyə can atır. Bu, tarixən də belə olub. Şuşanın türk dünyasına bəxş etdiyi ən böyük şəxsiyyətlərdən bir olan Əhməd bəy Ağaoğlu XIX əsrin sonlarında Parisdə təhsil aldıqdan sonra orada qalıb fəaliyyət göstərmək təklifi alsa da, Şuşaya qayıtmağı, orada məktəbdə dərs deməyi, Şuşada ilk kitabxana-qiraətxana açmağı üstün tutub. O, Parisdə Qarabağı xatırlayır, Şuşanın “dar, palçıqlı və qaranlıq küçələrini” anırdı. Amma onu Parisdən Şuşanın qaranlıq, palçıqlı küçələrinə gətirən Şuşanın mənəvi gücü idi. Bu gün isə Şuşanın mənəvi gücünə Azərbaycan əsgərinin qəhrəmanlığı yeni nəfəs, yeni güc qatıb. Ağaoğlu o zaman Şuşaya qayıdan ilk dünya azərbaycanlısı idisə, bu gün dünya azərbaycanlıları Şuşada Zəfər Qurultayına toplaşır. Şuşa dünya azərbaycanlıları üçün mənəvi paytaxta çevrilib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024