Mobil versiya
YAP Gəncə şəhər Təşkilatı-29 Siyasi bütövlük və dövlətə xidmət  unudulmur
Tarix: 19-04-2022 | Saat: 19:58
Bölmə:Media | çapa göndər

YAP Gəncə şəhər Təşkilatı-29  Siyasi bütövlük və dövlətə xidmət  unudulmur

Bu ilin iyul ayının 23-də YAP Gəncə şəhər təşkilatının 29 yaşı olacaq. Əvvəlcə onu deyim ki, Yeni Azərbaycan Partiyasının yaradılması Ulu Öndər Heydər Əliyevin adı və siyasi iradəsi ilə bağlıdır. Bu baxımdan, tarixə nəzər salsaq reallıqları, Ümummilli Liderin və Azərbaycan xalqının hansı şəraitdə dövlətçilik naminə mübarizə apardığını bir daha xatırlamış olarıq.
Azərbaycanın siyasi böhranla, iqtisadi tənəzzüllə üzləşdiyi, xaos və anarxiya girdabında boğulduğu bir vaxtda  xalqımız ciddi seçim qarşısındaydı, taleyüklü məsələlər təcili olaraq  həllini gözləyirdi. Ölkəmiz ağır vəziyyətdə olarkən Azərbaycan xalqının görkəmli nümayəndələri-ziyalılar, tanınmış insanlar böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevə müraciət etdi. Xalqımız həmin dövrdə Naxçıvan Ali Məclisinin sədri olan Ulu Öndər Heydər Əliyevi yeganə xilaskar şəxsiyyət olaraq dəyərləndirirdi və bütün ümidlərini ona bağlayırdı. Beləcə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis olundu. 

Gəncədə isə partiyanın şəhər təşkilatı 1993-cü il iyul ayının 23-də yaradıldı. Təbii ki, ondan əvvəl də şəhərdə Ulu Öndərin tərəfdarları müəyyən toplantılar keçirir, fikirlərini bildirir və Azərbaycanın bu gününə Ulu Öndər Heydər Əliyevin daha çox lazım olduğunu cəsarətlə səsləndirirdilər. İnsanlar o zaman fəaliyyətdə olan “Əlincə” Xeyriyyə Cəmiyyətinin şəhər bölməsinə toplanır, ölkənin mövcud durumunu təhlil edir, böhranlı vəziyyətin qarşısının alınması üçün yeganə qüvvə Ulu Öndər Heydər Əliyevi bilirdi. Fikir birliyi və say tərkibi gücləndikcə YAP-ın şəhər təşkilatının yaranması zərurəti də artırdı. 
O günlərin şahidi və şəhər təşkilatının yaradılmasının iştirakçısı kimi deyə bilərəm ki, işlər elə də asan getmirdi. Təzyiq və təqiblər  bu addımın reallaşmasının qarşısına sədd çəkirdi. Amma istək və inam o qədər güclü idi ki, insanlar heç nədən çəkinmirdi. Naxçıvanla tez-tez əlaqə yaradılırdı və Ulu Öndərdən alınan tapşırıqlar heç nədən çəkinmədən həyata keçirilirdi. Bu işlərə Gəncədə akademik Məmmədtağı Cəfərov başçılıq edirdi. Partiyanın şəhər təşkilatının yaradılması üçün ilk təşəbüskeşlər fəaliyyətə başladılar. 1993-cü il 23 iyul tarixində dövrün təzyiqlərinə və qadağalarına baxmayaraq, Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyev ənənələrinə sadiq bir qrup təşəbüskeşlərin iştirakı ilə Gəncə şəhər təşkilatının təsis konfransı keçirildi və partiyanın şəhər təşkilatının yaradılması gerçəkləşdirildi.


Məmmədtağı müəllim partiyanın sədri, Nağı Əbdüləzimov sədr müavini, Ramiz Quliyev, Nuru Məmmədov, Əkbər Nəsirov,  Mübariz Yusifov, Bayram Həsənov, Qalib Rəhimli, İsbəndiyar müəllim, Akif müəllim, Nəbi müəllim isə idarə heyətinin üzvü seçildilər. Partiyanın qərərgahı isə o vaxtlar siyasi maarif evi adlanan indiki YAP-ın binası idi. Gərgin işlər gedirdi. Siyasi gücün artırılması, nizamnamə və proqramın həyata keçirilməsi üçün hamı bir nəfər kimi çalışırdı. Partiyaya daxil olmaq istəyənlərin sayı isə günbəgün çoxalırdı.
Bu gün bu şərəfli keçmişi xatırlamağım təsadüfi deyil. İki aydan sonra bu siyasi qurumun Gəncə şəhər təşkilatının 29 yaşı olacaq və düşündüm ki, heç bir araşdırma aparmadan yaddaşımın gücünə arxalanım,  bəzi məqamlardan söz açım. 
Az öncə dedim ki, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nağı Əbdüləzimov idi və siyasi fəaliyyətdə kifayət qədər təcrübəli olduğu üçün işin ağırlığı da onun çiynində idi. Zaman keçdikcə şəhər təşkilatı daha da güclənirdi. İdarə heyətinin də, şura üzvlərinin sayı da artırdı. Məmmədtağı müəllim indiki Aqrar Universitetə rektor təyin olandan sonra təbii ki, növbəti konfransda seçki yolu ilə onu müavin Nağı Əbdüləzimov əvəzlədi. İş olduqca rəvan gedirdi. Hamı Azərbaycanın  gələcəyini düşünür və bütün gücünü bu istiqamətdə səfərbər edir, Ulu Öndərin ideyaları uğrunda daha sıx birləşirdi. Partiya sədri Nağı Əbdüləzimovun təcrübəsi və strukturu tam bilməsi isə sanki qazanılan uğurların açarı idi. Yeri gəlmişkən deyim ki, Nağı Əbdüləzimov 14 dekabr 1936-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. 1953-cü ildə Zod kənd orta məktəbini bitirdikdən sonra Gəncə Pedaqoji İnstitutun dil-ədəbiyyat fakültəsinə daxil olub. 


1957-1962-cü illərdə orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyib. 1962-ci ilin sentyabr ayında Basarkeçər rayon Komsomol Komitəsinin birinci katibi seçilərək, 1967-ci ilin avqust ayına kimi həmin vəzifədə çalışıb.
1967-1969-cu illərdə Bakı Ali Partiya Məktəbində oxuyub. 1969-1974 -cü illərdə Zod kəndində kolxoz sədri işləyib. 1974-1976-cı illərdə Gəncə şəhəri Yüngül Sənaye Texnikumunda müəllim kimi fəaliyyət göstərib.
1976- cı ilin fevralından 1981- ci ilin aprel ayına qədər Azərbaycan KP Gəncə şəhər komitəsində təlimatçı, 1981-ci ilin aprel ayından 1991-ci ilin noyabr ayına kimi Gəncə şəhər PK-də şöbə müdirinin müavini-Siyasi Maarif Evinin müdiri işləyib.
1991-1997 –ci illərdə Mədəniyyət İşgüzarlıq Mərkəzinin müdiri kimi fəaliyyət göstərib.
1993–cü ildən YAP–ın üzvü olub. 1997–ci ildə YAP Gəncə şəhər təşkilatının sədri seçilib. YAP-ın 1-ci Qurultayında Siyasi Şuranın üzvü seçilib.
2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
Bu avtobioqrafik məlumat əslində çox mətləblərdən xəbər verir, bu insanın iş fəaliyyətinin hansı təcrübəyə söykəndiyini söyləyir. Nağı müəllim həm də alovlu bir vətən oğlu idi. Onun üçün Göyçə bütün sevgilərin önündə dursa da yalnızca bütöv Azərbaycan görürdü və hansı bir zamandasa itirilən torpaqların qaytarılacağına inanırdı. Sədrlik etdiyi şəhər təşkilatının Ulu Öndər Heydər Əliyev siyasətinə sadiqliyini dəfələrlə iş göstəriciləri ilə sübut etmişdi. Həm də yaradıcı adam idi Nağı müəllim. Ədəbiyyatı, saz-söz dünyasını, tarixi dəyərlərimizi, adət və ənənələrimizi çox sevirdi. Hətta bu sahədə qələmini də dəfələrlə sınamışdı. Ömrünün son illərində yaşadığı həyatından bəhs edən ''Mənim ömür təqvimim'' adlı  xatirə-hekayə yazmağa başlayıb lakin tamamlaya bilməyib. 


O, 2001-ci il sentyabr ayının 8-də Gəncə şəhərində 64 yaşında vəfat edib.
Təbii ki, bu gün Nağı Əbdüləzimovu xatırlamaq həm də mənim əqidə yoldaşıma, siyasi həmfikirimə bir vəfa borcum, hakim partiyaya olan sədaqətim və hörmətimdir. 
Ataların yolunu oğullar davam etdirər deyiblər və bu deyim demək olar çox zaman özünü doğruldub. Bu, Nağı Əbdüləzimov ocağında da belə oldu. Oğlu Xəqani Əbdüləzimov uzun illərdir Gəncə şəhər İcra hakimiyyətində hüquq şöbəsinin müdiri işləyir. Əvvəllər isə Göygöl rayonunda eyni vəzifəni icra edib. Xəqani müəllim də işinə tələbkar, dövlətinə sədaqətli, əqidəsinə bütöv, böyük Azərbaycan sevdalı bir vəzifə adamıdır. Fəaliyyəti dönəmində çalışıb ki, öhdəsinə düşən işləri vaxtında, ləyaqət və vicdanla yerinə yetirsin. Demək mümkündür ki, bu hədəfinə də çatıb. Elə bu səbəbdən də Azərbaycan prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 
Çox təəssüf Nağı Əbdüləzimov oğlunun bu uğurlarına şahid ola bilmədi.  Amma təbii ki, ruhu şaddır və oğlunun dövlətçilik yolunda uğurları ona əyandır. 
Əlbəttə bu bir ailənin ömür yolunun uğurlu səhifələridir və illər ötsə də bu səhifələr həmişə vərəqlənəcək, xoş xatirələrlə yad ediləcək.
                                 
Qalib Rəhimli



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024