Mobil versiya
Yenidoğulan körpələrdə sarılığın erkən təyin olunması və nəzarətdə saxlanılması olduqca vacibdir
Tarix: 29-03-2022 | Saat: 12:03
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Yenidoğulan körpələrdə sarılığın erkən təyin olunması və nəzarətdə saxlanılması olduqca vacibdir

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Aygün Rüstəmxanlı körpələrdə sarılıq xəstəliyinin əlamətləri, patoloji sarılıq və müalicəsi ilə əlaqədar sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Aygün xanım, ana südü sarılığı nədir ?

- Ana südü sarılığı ana südünün tərkibində bəzi maddələrin artıqlığı və ya ana südünün azlığı ilə bağlı ortaya çıxan sarılıqdır. Adətən öz-özünə keçib gedir, lakin həkim nəzarətində olmaq çox önəmlidir. Sarılıqlı körpələrin müalicəsi ilə yanaşı, onların lazım gəldikdə davamlı monitorinqi də vacib məsələdir. Müalicəyə gecikdirilməməklə yanaşı lazımsız və erkən müdaxilələr də əhəmiyyətsiz və zərərli ola bilər.

- Hansı halda yenidoğulmuş körpələrdə sarılığa rast gəlinir?

- Sarılıq yenidoğulmuşlarda tez-tez rast gəldiyimiz bir simptomdur. Bətndaxili infeksiyalar zəminində yaranmış qan parçalanması, yenidoğulmuş xolestazı, yenidoğulmuşun sidik yolu infeksiyası, mümkün ola biləcək hər hansı bir mexaniki proseslər, inkişaf qüsurları, irsi və metabolik, endokrin xəstəliklər yenidoğulmuşda yaranmış sarılığın səbəbi kimi qiymətləndirilir. Həmin əlamətin hansı səbəbdən yaranmasını həkimlər diqqətdə saxlamalı və ailələri məlumatlandırmalıdılar.

Fizioloji və keçici dövr müxtəlif infeksiyalara bağlı xəstəliklərdə, dərman müalicəsi qəbul edənlərdə, düzgün və yetərli qidalandırılmayan körpələrdə, vaxtından erkən doğulmuşlarda daha çox və dəyişkən ola bilər. Vaxtında doğulmuşların təqribən yarısında, vaxtından qabaq doğulmuşların isə 70-80 faizində sarılıq müşahidə edilə bilər.

- Hansı sarılıqlara patoloji sarılıq deyilir?

- Patoloji sarılıq uşaq doğulandan dərhal sonra inkişaf edir. Bəzi laborator və kliniki əlamətlər olduqda patoloji sarılığın olması ehtimalı ilə müayinələr aparılmalıdır. Qan müayinəsində bilirubin səviyyəsi 5 mg/dl olarsa, bu zaman dəridə gözlə görülə biləcək sarılıq müşahidə olunacaq. Bu rəqəm ilk gündən təyin olunsa, yenidoğulmuş körpənin sarılığının dəyərləndirilməsi üçün hansı risk qrupu daşıdığı müəyyənləşməlidir. Yüksək, orta və aşağı risk qruplu yenidoğulmuşlar bilirubin izlənməsi üçün tərtib olunmuş xüsusi cədvəllərə əsasən nəzarətə götürülməlidir.

- Bu zaman ailələr nəyə diqqət yetirməlidirlər?

- Qeyd edim ki, sarılığın müalicəsinə bəzən ilk gün, ilk saatlardan, bəzən isə evə yazıldıqdan da sonra müayinə zamanı qan təhlillərinə əsasən başlanıla bilər. Ailələr əsasən körpənin yetərli qidalanması, aktivliyi, fizioloji aktların - sidik və nəcis ifrazının adekvatlığı, nəcisin rəngi, sayı və s. diqqət etməlidirlər. Onlar həkimin təyin etdiyi vaxtdan gec olmayaraq körpəni müayinəyə aparmalıdırlar.

- Müalicə zamanı önəmli məqam hansılardır?

- Yenidoğulan körpələrdə sarılığın erkən təyin olunması və nəzarətdə saxlanılması olduqca vacibdir. Sarılığın müalicəsində daha çox fototerapiyadan istifadə olunur. Bunun körpə üçün ziyansız olduğu və fəsadın olmayacağını həkim hər bir ailəyə izah etməlidir. Məsələn, 20 günlük, fiziki inkişafı, çəki artımı, aktivliyi normal olan körpənin sarılığı var və eyni zamanda nəcis rəngsizdir (axolikdir). Bu hal diqqətdən yayınarsa, sağalması mümkün olmayan vəziyyət yarana bilər. Anadangəlmə xəstəlik olan "Biliar atreziya" diaqnozu iki ay gecikdirilərsə, xəstənin xilası üçün erkən icra olunmalı "Kasai" əməliyyatı da gecikmiş olacaq. Göründüyü kimi, nəcisin rəngsizliyi istiqamətvericidir. Bu kimi hallarda xəstələrin müalicəsində fototerapiya və digər müalicələr faydasız olacaq. Körpənin izlənilməsi zamanı fizioloji çəki itkisinin vaxtında bərpası, nəcis ifrazının sutkalıq sayının 3-4, sidik ifrazının 4-6 dəfə olması düzgün və yetərli qidalanmasına dəlalət edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024