Mobil versiya
Fazil Rəhmətov: “Moskva Bəyannaməsi yeni regional konfiqurasiyanı daha da möhkəmləndirmiş oldu”
Tarix: 25-02-2022 | Saat: 16:06
Bölmə:Gündəm | çapa göndər

Fazil Rəhmətov: “Moskva Bəyannaməsi yeni regional konfiqurasiyanı daha da möhkəmləndirmiş oldu”

Fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə milli maraqlarımıza cavab verir. Bəyannamənin birinci bəndinə əsasən, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. İkinci bənddə deyilir ki, Rusiya və Azərbaycan öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər.

Azərbaycanın əsas prioriteti milli maraqlara söykənən xarici siyasətin həyata keçirilməsi, bu siyasətdə region və dünya ölkələri, eləcə də beynəlxalq qurum və təşkilatlarla qarşılıqlı münasibətlərin qurulması, bütün güc mərkəzləri ilə əməkdaşlığın aparılması və bütün bunlarla yanaşı heç bir blokda yer almamaqdır. Son dərəcə vacib bir amil olaraq Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması və BMT-dən sonra dünyada ikinci ən böyük təsisat olan bu quruma uğurla sədrlik etdiyi dövr ərzində qlobal sülh naminə irəli sürdüyü təşəbbüslər, həyata keçirdiyi layihələr də məhz bu prinsiplərə əsaslanır. Digər tərəfdən isə Azərbaycan üçün qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsi də xüsusi əhəmiyyət kəsb edən istiqamətdir. Məhz buna görə də Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyaət kursunda bu məsələ prioritet kimi müəyyən edilib.

Azərbaycan əlbəttə ki, özünün xarici siyasətində türk dövlətləri ilə münasibətlərə mühüm önəm verir və 2021-ci ildə adı Türk Dövlətləri Təşkilatına dəyişdirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, kökünə verdiyi önəmin bariz nümunəsidir. Demək lazımdır ki, təşkilatın ötən illər ərzində göstərdiyi fəaliyyəti son dərəcə səmərəli olub və Türk Şurası böyük nailiyyətlər əldə edib. 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Zirvə görüşündən sonra Azərbaycan bu təşkilata iki il ərzində uğurla sədrlik etmişdir. Ölkəmiz bu gün də türk birliyinin daha da möhkəmləndirilməsi işinə həqiqətən böyük töhfələr verməkdədir. Əlbəttə ki, bu gün Azərbaycanın əsas müttəfiqi qardaş Türkiyədir. “Bir millət iki dövlət” prinsipinə söykənən bu müttəfiqliyin tarixi kökləri var. 2021-ci ilin 15 iyun tarixində Şuşada Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğann imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” bu müttəfiqliyi daha yüksək səviyyəyə daşıdı. Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldən bəyannamə ilə Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib.

Türk dövlətləri ilə münasibətlərə xüsusi önəm verən Azərbaycanın eyni zamanda qonşu Gürcüstan və İranla da münasibətləri yüksək səviyyədədir. Hər iki dövlətin rəhbərlərinin ən ali səviyyədə verdiyi bəyanatlar, səsləndirdikləri fikirlər, müxtəlif səviyyələrdə reallaşdırılan qarşılıqlı səfərlər Azərbaycan-Gürcüstan, Azərbaycan-İran arasında mövcud olan siyasi və iqtisadi münasibətlərin yüksək inkişaf tempindən xəbər verir. Bununla yanaşı, ölkəmizin Avropa İttifaqı ilə də münasibətləri yüksələn xətlə inkişaf edir. Mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Bunun fonunda Azərbaycanın Avropanın enerji təchizatında, köhnə qitənin enerji təhlükəsizliyinin təmin edilməsində çəkisi durmadan artır. Məlumdur ki, Avropa İttifaqı ilə Azərbaycan arasında olan münasibətlərin zəminində ilk növbədə məhz enerji amili dayanır. Enerji təhlükəsizliyinə nail olmaq üçün Avropa İttifaqı enerji siyasətinin demək olar ki, bütün sahələrini bu problemin həllinə istiqamətləndirir. Bütöv Avropanı enerji ilə təmin edən bir neçə potensial mənbənin mövcud olmasına baxmayaraq son zamanlarda məhz Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ən etibarlı tərəfdaş kimi çıxış edir. Xəzər təbii qazını Avropaya nəql edən, idxal, ixrac və tranzit ölkələri özündə birləşdirməklə hər bir tərəfə fayda verən, dörd seqmentdən ibarət olan Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihəsinin təşəbbüskarı da məhz Azərbaycan olmuşdur. Cənub Qaz Dəhlizi təkcə Avropaya enerji marşrutu deyil, həm də enerji mənbələrinin şaxələndirilməsi layihəsidir. Digər tərəfdən hazırda Azərbaycanın NATO ilə də münasibətləri uğurla inkişaf edir. 2021-ci il dekabr ayında Prezident İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb. Bu il fevralın 15-də Yens Stoltenberq Prezident İlham Əliyevə zəng edib. Söhbət zamanı Y.Stoltenberq Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.

Azərbaycanın yüksək münasibətlərə malik olduğu ölkələrdən biri də BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyanın ən güclü ölkələrindən olan Rusiyadır. Rusiya ilə Azərbaycan arasında humanitar, mədəni, iqtisadi, siyasi-hərbi və bütün digər sahələrdə çoxşaxəli əməkdaşlıq əlaqələri qurulub. Əlbəttə ki, bu əməkdaşlıqda iki ölkə lideri arasındakı qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətləri də mühüm rol oynayır. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi tamam olur. Hazırda ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb. Eyni zamanda əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və 16 faiz artıb.

Digər tərəfdən isə belə bir məqamı da nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni regional nizam formalaşır və bu nizamın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Türkiyə ilə müttəfiqlik bəyannaməsi imzalayan Azərbaycan eynitipli bəyannaməni Rusiya ilə də imzalamaqla bölgədəki yeni konfiqurasiyanı möhkəmləndirmiş oldu. Bu, həm də müharibədə əldə etdiyimiz qələbənin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Moskva Bəyannaməsinin mətninə nəzər yetirdikdə də rəsmi Bakının mühüm nəticə əldə etdiyini asanlıqla anlamaq olur. Bəyannamədə BMT Nizamnaməsinə, Helsinki Yekun aktına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə riayət olunmasının vacibliyi vurğulanır. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin aparıcı rolu qabardılır.

Ən vacib məqamlardan biri də budur ki, Moskva Bəyannaməsində keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Rusiya və Azərbaycan münaqişənin bitdiyi reallığını bir daha təsdiq edir və 10 noyabr razılaşmasının icra edilməyən bəndlərinin həyata keçirilməsində, kommunikasiyanın açılmasında, sərhədin delimitasiya və demarkasiya olunmasında və nəhayət yekun sülh sazişinin imzalanmasında səylərin birləşdirilməsi ilə bağlı razılaşırlar. Azərbaycanla Rusiya arasında müttəfiqlik Ermənistana böyük zərbədir. Belə ki, artıq Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək.

Bütün bu deyilənləri nəzərə alaraq, birmənalı şəkildə qeyd etmək lazımdır ki, bəzi maraqlı şəxslərin, siyasi qrupların Moskva Bəyannaməsinin mahiyyətini təhrif etməsi, onun Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə xələl gətirən addım olması ilə bağlı iddiaları tamamilə yanlışdır və bu kimi iddialar sənədin mahiyyətini dərk etməmək və yaxud qərəzli şəkildə onun haqqında yanlış rəy formalaşdırmaq cəhdlərinin nəticəsidir.

Fazil Rəhmətov,
YAP Xaçmaz rayon təşkilatının aparat rəhbəri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə