AZ RU Mobil versiya
Elnur Allahverdiyev: “Şəhidlər xiyabanı bundan sonrakı nəsillərə də hər zaman qürur mənbəyi olacaqdır”
Tarix: 19-01-2022 | Saat: 17:04
Bölmə:Manşet / Siyasət / Seçilənlər-6 | çapa göndər

Elnur Allahverdiyev: “Şəhidlər xiyabanı bundan sonrakı nəsillərə də hər zaman qürur mənbəyi olacaqdır”

1990-cı il yanvarın 20-də Azərbaycanın paytaxtı Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar sovet rejiminin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş ağır cinayət oldu. Bu il xalqımız 20 Yanvar hadisələrinin 32-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını sonsuz məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şərəfli salnamə səhifəsinə çevrilib. Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli kimliyimizin təsdiqinin simvolu kimi bundan sonrakı nəsillərə də hər zaman qürur mənbəyi olacaqdır. Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün böyük faciə olmaqla yanaşı, eyni zamanda da ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqımızın tarixinə şərəfli bir səhifə kimi yazıldı, müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu.

1990-cı ilin 20 Yanvar qırğını həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan və milli maraqlara zidd addımlar atan iqtidarın istefası tələbini irəli sürdüyünə və qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxdığına görə Azərbaycan xalqını cəzalandırmaq üçün SSRİ rəhbərliyi tərəfindən törədildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət olundu. Həmin gecə təkcə Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. Ümumilikdə isə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” vardır.

Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirmiş, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirərək həmin əməliyyata rəhbərlik edənləri ifşa etmişdi: “Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”

1990-cı ilin noyabr ayının 21-də isə yenə də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən qərar qəbul etdi. Artıq Azərbaycanda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra, 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində əsil həqiqətlər üzə çıxdı. Qanlı Yanvar qırğınına münasibət bildirərkən Ulu Öndər belə demişdi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.” 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.

Bu gün də Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdırılıb. Azərbaycan dövləti və şəxsən Ölkə Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılmışdır. O cümlədən Azərbaycan Prezidentinin 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını heç zaman unutmayacaq.

Elnur Allahverdiyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi

12190 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-05-2022